Menu

NEFT KƏSİRİ VƏ ARTAN XƏRCLƏR... - Rusiya müharibəni necə maliyyələşdirəcək?

23.09.2026, 11:04
NEFT KƏSİRİ VƏ ARTAN XƏRCLƏR... - Rusiya müharibəni necə maliyyələşdirəcək?

Ukrayna PUA-larının Rusiya daxilindəki Neft Emalı Zavodlarına (NEZ) ardıcıl zərbələri və neft gəlirlərinin kəskin azalması Kremli ciddi iqtisadi böhranla üz-üzə qoyub. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanın altı ən böyük NEZ-dən üçü hücumlar səbəbindən istehsalı kəskin azaldıb və ya tamamilə dayandırıb.

Məlumata görə, benzin və dizel sarıdan qıtlıq çəkən Kreml ehtiyat toplamaq üçün dövlət satınalmalarına rekord məbləğ ayırıb – bu xərc artıq 300 milyard rubla çatıb ki, bu da illik müqayisədə 30% artım deməkdir. Müharibəni dayandırmaq niyyətində olmayan Vladimir Putinin göstərişi ilə Baş nazirin müavini Aleksandr Novak artıq aidiyyəti qurumlara və neft şirkətlərinə yanacaq böhranının daha da dərinləşməsi ssenarilərinə hazırlaşmağı tapşırıb. Müstəqil analitiklər isə yanacaq defisitinin artıq sistemli xarakter aldığını və payızın sonuna qədər vəziyyətin daha da pisləşəcəyini bildirirlər.

Sualtı qayalar yalnız emalla bitmir. Rusiya hökuməti 2026-cı il üçün neft hasilatı proqnozunu son 10 ilin ən aşağı səviyyəsinə endirib. Eyni zamanda, 2026–2027-ci illər üzrə yanacaq ixracı planlarına da yenidən baxılıb və kəskin ixtisarlar edilib. Rusiya Maliyyə naziri Anton Siluanov ölkə büdcəsinin əsas prioritetinin "müdafiə və cəbhə ehtiyacları" olduğunu gizlətmir.

Hərbi xərcləri bağlamaq üçün Kreml Milli Rifah Fondundan istifadəni sürətləndirib. 2019-cu ildən bu günə qədər fonddan 15 trilyon rubl xərclənib. Gələcək illərin büdcəsi isə neftin bir barelinin 50 dollar qiyməti əsasında formalaşdırılıb.

Moskva dron hücumlarından qorunmaq və dağılan obyektləri bərpa etmək üçün özəl sektora vergi güzəştləri vəd edir. Hətta Vladimir Putin xüsusi fərman imzalayaraq, PUA-lardan yetərincə qorunmayan və ya zədələnmiş obyektləri vaxtında bərpa etməyən özəl müəssisələrin müvəqqəti olaraq dövlət idarəçiliyinə verilməsinə şərait yaradıb.

Tanınmış rusiyalı iqtisadçı İqor Lipsits situasiyanı dəyərləndirərək bildirib ki, dövlət öz öhdəliyini yerinə yetirə bilmədiyi üçün PUA-dan müdafiə xərclərini özəl biznesin üzərinə atır:

"Dövlət ərazini qorumaq funksiyasının öhdəsindən gələ bilmədi. İndi özəl biznes öz hesabına hava hücumundan müdafiə (HHM) sistemləri quraşdırmalıdır. Bu isə maya dəyərinin və izafi xərclərin artması deməkdir. Biznes zərərini bağlamaq üçün qiymətləri qaldıracaq. Yəni, sıravi Rusiya vətəndaşı həm dövlətə vergi verəcək, həm də aldığı malların qiymətində PUA-dan müdafiə xərcini ikinci dəfə ödəyəcək".

İqtisadçı əlavə edib ki, müəssisələr bu tələbləri yerinə yetirmədikdə, biznesləri əllərindən alınıb məmurların idarəçiliyinə veriləcək ki, bu da mülkiyyət üzərində açıq reketçilikdir.

Ən son məlumatlara görə, Ukrayna PUA-ları ardıcıl olaraq "Başneft-UNPZ" (Ufa) və Kuybışev NEZ-lərini (Samara) vuraraq böyük yanğınlara səbəb olub. Kreml ölkə daxilindəki defisiti boğmaq üçün dizel ixracına qoyulan qadağanı uzadıb.

İqor Lipsits vurğulayır ki, əvvəllər hasil etdiyi dizelin yarısını ixrac edən Rusiyanın indi ixracı tam dayandırması ölkə daxilindəki dizel istehsal güclərinin təxminən 50%-nin sıradan çıxdığını göstərir. Ukrayna hücumları dayandırmadığı müddətdə Rusiyanın bu hərbi-iqtisadi böhrandan çıxış yolu görünmür.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol