Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin 7 illik hakimiyyət dövrü, ölkədə həyata keçirilən sistemli islahatlar və Azərbaycan-Qazaxıstan müttəfiqliyi ilə bağlı geniş açıqlama verib.
Politoloqun açıqlamasını olduğu kimi təqdim edirik: "Qazaxıstanda ölkə xalqının mənafelərini təmsil edən ali konstitusiya-məsləhətçi orqanı – Qazaxıstan Xalq Şurası (Қазақстан Халық Кеңесі) təsis ediləcək. Qurultayla yanaşı, bu orqan da Qazaxıstan nümayəndəlik institutunun tərkib hissəsidir. Konstitusiya dəyişiklikləri üzrə referendumdan sonra bu strukturun formalaşdırılması dəyişikliklərin təşkilati hissəsinin yekunlaşmasını simvolizə edir. Bununla da dövlət idarəetmə sisteminin parametrləri müəyyən edilib.
2019-cu ilin iyun ayında Qasım-Jomart Tokayev ilk dəfə Qazaxıstan Prezidenti seçildi. O zaman seçkilərin keçirilməsinə zərurət olmasa da, Q.J.Tokayev birbaşa iradə ifadəsi vasitəsilə xalqdan legitimlik aldı. Bu addım 2019-cu ilin martında səlahiyyətlərin bölgüsündən sonra yaranmış qeyri-müəyyənlik şəraitində aydınlığı artırmaq məqsədi daşıyırdı. O zaman prezident seçkilərinin keçirilməsi və xalqdan legitimlik alınması 2022-ci ilin yanvarında ekzistensial bir şansa çevrildi. Məhz birbaşa legitimlik Q.J.Tokayevə dövlətçiliyin qorunması istiqamətində qətiyyətli addımlar atmağa imkan verdi.
Xalq tərəfindən təsdiqlənmiş ali dövlət hakimiyyəti liderin üzərinə dövlət və xalq qarşısında tarixi məsuliyyət qoyur. 2022-ci ilin yanvar ayı Qazaxıstan dövlətçiliyi üçün ən miqyaslı sınaq oldu və vəziyyəti stabilləşdirən dəqiq addımlar nəticəsində bu sınaqdan uğurla çıxıldı.
İstənilən islahat dövlət idarəetmə sistemi üçün stres-testdir. Q.J.Tokayevin prezidentliyi bir tərəfdən Qazaxıstanın reallıqlarına əsaslanan, digər tərəfdən isə yeni inkişaf məqsədləri müəyyən edən köklü sosial-siyasi dəyişikliklərlə yadda qaldı. İslahatların ayrılmaz xüsusiyyəti addımların ardıcıllığı, varisliyin qorunması və effektivliyin artırılması idi.
İslahatların məqsədi dövlətin risklərə qarşı davamlılığını artırmaq idi və bu məqsəd dəyişməz qalır. Tarixin müasir mərhələsi böyük dərəcədə xarici perimetrdə formalaşan yüksək risk səviyyəsi ilə səciyyələnir. Bu şəraitdə ən vacib məqam daxili risklərin minimallaşdırılması və ilk növbədə öz vətəndaşı üçün ölkənin rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların reallaşdırılmasıdır.
Ötən yeddi il ərzində Qazaxıstan iqtisadi sahədə yüksək göstəricilər nümayiş etdirir, orta təbəqənin kəmiyyət və keyfiyyətini artırıb, sosial sahə 'Ədalətli Qazaxıstan' proqramı çərçivəsində xidmətlər təqdim edir, ölkə maliyyə ehtiyatlarını artırıb, xarici investisiyalar cəlb olunur və strateji layihələr həyata keçirilir.
Bütün bu göstəricilərin arxasında Qazaxıstan Prezidentinin güc mərkəzlərinin geosiyasi qarşıdurması, sanksiya müharibələri və beynəlxalq sistemin qeyri-müəyyənliyi kimi ən mürəkkəb dövrdə quruculuq siyasətini reallaşdırmağa imkan verən dəqiq siyasəti dayanır. Landlok (dünya okeanlarına çıxışın olmaması) şəraitində qonşularla qarşılıqlı əlaqədən kənarda təhlükəsizliyi və inkişafı təmin etmək qeyri-mümkündür.
Bu kontekstdə Azərbaycan və Qazaxıstan oxşar xüsusiyyətlərə malikdir. Məhz dövlətlərimizin başında mövcud vəziyyətin bütün mürəkkəbliyini anlayan, riskləri idarə etməyə qadir olan və strateji müttəfiqliyin formalaşdırılması istiqamətində real addımlar atan təcrübəli diplomatlar – Prezident İlham Əliyev və Prezident Qasım-Jomart Tokayev dayanır.
Tokayevin 7 ili daimi hərəkət, islahatlar və sistemin dəyişməsi ilə yaddada qaldı. Bu dəyişikliklər keçmişin səhvlərinin təkrar olunmasına imkan vermir, təhlükəsizliyin təmin edilməsinə, sabit gələcəyə, həm ölkə daxilində, həm də regional müstəvidə inkişaf imkanlarından maksimum istifadə olunmasına yönəlib".
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər