Menu

"İNANMIRAM Kİ, PAŞİNYAN BUNA CƏSARƏT ETSİN....” - “Azərbaycan təsirli orta güc dövlətidir”

24.09.2026, 10:24
"İNANMIRAM Kİ, PAŞİNYAN BUNA CƏSARƏT ETSİN....” - “Azərbaycan təsirli orta güc dövlətidir”

İşğaldan azad edilmiş ərazilərdə suverenliyin tam bərpası, Mərkəzi Asiya və Avropa ilə dərinləşən inteqrasiya, regional kommunikasiyaların bərpası və "Trampın Sülh Marşrutu" (TRIPP) layihəsi... Milli Məclisin deputatı Rasim Musabəyov "Media.Az"-a müsahibəsində bu məsələlər haqqında danışıb. 

"AzPolitika" xəbər verir ki, politoloq və millət vəkili Rasim Musabəyov müsahibəsində 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu tarixi zəfərlər ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini köklü şəkildə dəyişib.

Deputat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal çıxarılması tələb olunsa da, konkret icra mexanizmləri və müddətlər göstərilməmişdi.

"Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-də güclü erməni lobbisi var idi. Onlar Ermənistana heç bir hərbi, maliyyə və ya siyasi təzyiq göstərmədən Bakıdan güzəştlər qoparmağa çalışırdılar. Azərbaycan bu ilhaqçı iddiaları sonsuzadək gözləyə bilməzdi və hərbi gücdən istifadə edərək ərazi bütövlüyünü özü təmin etdi", - deyə R.Musabəyov bildirib.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasına toxunan millət vəkili bildirib ki, danışıqlar artıq Qarabağ mövzusu olmadan, sırf iki dövlət arasında sülhün bərqərar edilməsi müstəvisində aparılır: "ABŞ-nin iştirakı ilə imzalanan üçtərəfli bəyanatla Minsk Qrupunun fəaliyyətinə rəsmən xitam verildi. Danışıqların vacib bəndlərindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasıdır. Bu məsələ ABŞ-nin dəstəklədiyi TRIPP ('Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu') layihəsi çərçivəsində öz həllini tapır. Ermənistandakı bəzi dairələrin bu layihəyə qarşı çıxması Vaşinqtona qarşı çıxmaq deməkdir ki, İrəvanın buna cəsarət edəcəyini düşünmürəm".

Müsahibədə Ermənistan tərəfindən vaxtaşırı səslənən "tarixi abidələr" iddialarına da cavab verilib. Deputat qeyd edib ki, Ermənistan ərazisindəki Azərbaycan mədəni və dini irsi tamamilə məhv edildiyi halda, İrəvanın bu cür iddialarla çıxış etməsi absurddur: "Bakı bu kimi iddiaları tamamilə rədd edir. Ermənistanın tranzit yollarına, Azərbaycan üzərindən enerji resurslarına ehtiyacı var. Bizə isə yalnız Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsi lazımdır. Tarixi mübahisələri akademik səviyyəyə endirmək lazımdır - alimlərimiz hər bir iddiaya tutarlı cavab verməyə qadirdir. Əgər bu iddialar siyasi müstəviyə keçərsə, Azərbaycanın onları yerindəcə dayandırmaq üçün yetərincə resursları var".

Milli Məclisin deputatı vurğulayıb ki, hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biridir və Qoşulmama Hərəkatında liderliyini saxlamaqdadır: "Bu gün Rusiya, İran və Avropa İttifaqı Azərbaycanla müstəqil və nüfuzlu bir dövlət kimi hesablaşır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı 'Sülh Şurası'na dəvət edib. Bizim 90 milyard dollara yaxın qızıl-valyuta ehtiyatımız var, kimsədən əl açıb kömək istəmirik. İllik hərbi xərclərimiz 5 milyard dollar civarındadır və regionun ən döyüşkən ordusuna sahibik. Bütün bu amillər - iqtisadi müstəqillik, hərbi qüdrət və çevik xarici siyasət Azərbaycanı regionda və daha geniş geostrateji məkanda mühüm 'orta güc' dövlətinə çevirib".

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol