Menu

Danimarka kəşfiyyatından kritik xəbərdarlıq - "Avropaya hücumlar artacaq..."

25.09.2026, 10:33
Danimarka kəşfiyyatından kritik xəbərdarlıq - "Avropaya hücumlar artacaq..."

Danimarka Hərbi Kəşfiyyat Xidmətinin (DDIS) dərc etdiyi son hesabat Qərbdə böyük rezonans doğurub. Kəşfiyyat analitiklərinin qənaətinə görə, Rusiya yaxın aylarda Avropa ölkələrinə və NATO üzvlərinə qarşı hibrid hücumların intensivliyini və miqyasını əhəmiyyətli dərəcədə artıracaq.

Məruzədə vurğulanır ki, Moskva tərəfindən birbaşa genişmiqyaslı hərbi müdaxilə riski aşağı qiymətləndirilsə də, müxtəlif təxribatlar, kiberhücumlar və məhdud hərbi insidentlər ehtimalı kəskin şəkildə artmaqdadır.

Kopenhagen hesab edir ki, Rusiyanın Qərbə qarşı hibrid təzyiqləri artırmasının əsas səbəbi Ukrayna cəbhəsində yarandığı vəziyyətdir. Rusiya ordusu böyük itkilər verməsinə baxmayaraq, ərazi baxımından ciddi uğur əldə edə bilmir, Ukraynanın uzaq mənzilli dron zərbələri isə Rusiyanın daxili infrastrukturuna və energetika sektoruna ağır zərbələr vurur.

DDIS hesab edir ki, yaxın 6 ay ərzində cəbhədə Rusiya lehinə hər hansı köklü dönüşün olacağı gözlənilmir. Buna baxmayaraq, Kremlin müharibənin ilkin hədəflərindən geri çəkilmək niyyəti yoxdur.

Rusiya rəhbərliyi Avropanın 2030-cu ilə qədər özünün müstəqil hərbi imkanlarını formalaşdıraraq Moskva üçün ciddi təhlükəyə çevriləcəyini düşünür. Bu səbəbdən Kreml önümüzdəki bir neçə ili Avropanın təhlükəsizlik arxitekturasını dəyişmək üçün "fürsət pəncərəsi" kimi dəyərləndirir.

Əgər bundan əvvəl Rusiya hibrid hücumlarla daha çox Avropa cəmiyyətində qorxu yaratmaq və Ukraynaya köməyi zəiflətmək məqsədi güdürdüsə, artıq strategiya dəyişir. Artıq əsas hədəf hərbi yardımların Ukraynaya çatdırılmasının birbaşa qarşısını almaqdır. Bu məqsədlə Avropadakı hərbi zavodlarda, dəmir yollarında və kritik infrastrukturlarda təxribatların artacağı proqnozlaşdırılır.

Danimarka kəşfiyyatı NATO-nun həmsərhəd ölkələrinə qarşı "məhdud hərbi əməliyyat" riskinin də artdığını bildirir. Bu cür əməliyyatların aşağıdakı formalarda həyata keçirilə biləcəyi istisna olunmur:

Ukraynaya yardım göstərən infrastrukturlara uzaq mənzilli raket zərbələri endirmək və raketlərin Ukrayna tərəfindən vurulduğu üçün yayındığını iddia etmək;

Təxribatları başqa tərəfin üzərinə yıxmaq məqsədilə Ukrayna PUA-ları ilə əməliyyat keçirmək;

Sərhədyanı bölgələrə fərqlənmə nişanı olmayan kiçik hərbi qrupların yeridilməsi.

Bu cür addımların əsas qayəsi Avropanın diqqətini və resurslarını Ukraynadan yayındırmaq, eyni zamanda NATO daxilində fikir ayrılıqları yaratmaqdır.

Bununla belə, DDIS yaxın yarım ildə Rusiyanın Avropaya açıq və genişmiqyaslı hərbi müdaxiləsini son dərəcə az ehtimallı hesab edir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol