Qazaxıstanda Manqistau bölgəsində keçirilən təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı istintaq davam edir.
“AzPolitika” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun məlumatı yayılıb.
Prokurorluq hava şəraiti nəzərə alınmaqla hərbçilərin təhlükəsizliyini təmin etməməkdə və Xəzər dənizində xilasetmə əməliyyatlarının zəif təşkilində məsul olan vəzifəli şəxslərin müəyyən edildiyini bildirib: "Vəzifə öhdəliklərində səhlənkarlıqda şübhəli bilinən vəzifəli şəxslər, eləcə də hava şəraiti nəzərə alınmaqla nəzarəti təmin etməyən və şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyən, xilasetmə əməliyyatlarını düzgün təşkil etməyən şəxslər müəyyən edilib".
Məlumatda hadisə yerinə baxış keçirildiyi, 30-dan çox hərbçinin dindirildiyi, sənədlərin və video görüntülərin götürüldüyü qeyd olunub.
Bu arada Qazaxıstan Müdafiə Nazirliyi Xəzər dənizində axtarış əməliyyatının başa çatdığını bildirib. Təlimlər zamanı 17 hərbçi dənizə düşüb, 11 hərbi qulluqçu və bir zabit olmaqla 12 nəfərin öldüyü bildirilir. Üç nəfər xilas edilib, daha iki nəfərin axtarışı isə davam edir. 25 sentyabr Qazaxıstanda milli matəm günü elan edilib.
Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində hərbi-dəniz təlimləri zamanı fövqəladə hadisə baş verib.
Hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə sürüklənib.
Hadisə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin təlimləri zamanı hərbçilərin Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirdiyi vaxt baş verib.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə yollanıb.
Qazaxıstan Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Nazirlik həlak olanların ailələrinə lazımi yardım və dəstəyin göstəriləcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər