Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək həavlə olunub.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.


Şərhlər