Politoloq Fərhad Məmmədov Ermənistan cəmiyyətində və ekspert qruplarında, xüsusilə “Sülh körpüsü” təşəbbüsünün nümayəndələrinin açıqlamaları fonunda revanşizm və saxta sülh meyilləri arasındakı sərhədləri təhlil edib.
Politoloq qeyd edib ki, İrəvanın guya Azərbaycanın ərazi bütövlüyünü tanıması hələ avtomatik olaraq erməni cəmiyyətində revanşizmin kökünün kəsilməsi demək deyil.
Təhlildə açıq revanşistlər ilə özünü "qeyri-revanşist" kimi qələmə verənlərin əslində eyni məxrəcdə birləşdiyini göstərən əsas meyillər açıqlanıb:
"Revanşistlər işğalı "tarixi nailiyyət", 44 günlük müharibədəki məğlubiyyəti isə sadəcə "ərazi itkisi" hesab edirlər. Özünü "qeyri-revanşist" adlandıranlar isə guya Azərbaycanın ərazi bütövlüyünü qəbul etsələr də, 25 illik işğal faktını açıq şəkildə pisləmir və cəmiyyətə bu barədə həqiqəti demərəcək qədər ikili standartlar sərgiləyirlər.
Açıq revanşistlər etnik təmizləmələr həyata keçirmiş "artsax qəhrəmanlarını" tərifləyirlər. Özünü sülh tərəfdarı kimi göstərənlər isə minlərlə itkin düşmüş azərbaycanlının taleyinə süni şəkildə göz yumur, Samvel Babayan, Seyran Ohanyan, Vitali Balasanyan kimi hərbi cinayətkarların kütləvi məzarlar barədə məlumat verməsi üçün heç bir addım atmırlar.
Revanşistlər azərbaycanlı mülki şəxslərin mina qurbanı olmasını sevinclə qarşılayırlar. "Sülh tərəfdarları" da mina xəritələrinin təhvil verilməsi və ya insan faciələrinə qarşı hər hansı humanitar empatiya nümayiş etdirməkdən imtina edirlər.
İşğal dövründə Azərbaycan şəhərlərinin yerlə-yeksan edilməsinə haqq qazandıran revanşistlərə qarşı, özlərini "sülhçü" sayanlar da bu dağıntıları dilə gətirməkdən qaçırlar, çünki Ermənistan ərazisində belə bir dağıntı baş verməyib.
Ən əsası, Ermənistandakı "sülh tərəfdarları" daim Azərbaycanda ədalətli mühakimə olunan və bir nəfər də olsun peşmanlıq ifadə etməyən ən radikal revanşistlərin azadlığa buraxılmasını tələb edirlər. Ermənistan Baş Qərargah rəisinin belə "keçmiş rejimin" medallarını gizli şəkildə daşıması isə bu "sülh" siyasətinin saxtalığını açıq şəkildə göstərir".
Politoloq yekunda sual edir: "Ermənistanda kiminlə sülh gündəliyi qurmaq olar? Çünki özünü sülhsevər kimi təqdim edən dairələr mütəmadi olaraq gərginliyi artırmağa və revanşist tezisləri qidalandırmağa davam edirlər".
Rasim
"AzPolitika.info!"


Şərhlər