Menu

“PUL HƏR ŞEYİ HƏLL ETMİR..." – Latviya Prezidenti Qərbi sərt tənqid etdi

26.09.2026, 11:50
“PUL HƏR ŞEYİ HƏLL ETMİR..." – Latviya Prezidenti Qərbi sərt tənqid etdi

Latviya Prezidenti Edqar Rinkeviç Qərb mediasına müsahibəsində Rusiyanın Avropada artan diversiya, kiberhücum və dron təxribatları, NATO-nun cavab mexanizmləri, ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsləri və Qərbin təhlükəsizlik sistemindəki zəif halqalar barədə açıqlamalar verib.

Latviya dövlət başçısı bildirib ki, Kremlin son dövrlər Baltikyanı ölkələrdə, Polşada və ümumən Avropa məkanında törətdiyi insidentlər sadəcə "reaksiyanı yoxlamaq" xarakteri daşımır. Moskvanın əsas strateji hədəfi Ukraynaya hərbi və siyasi dəstək verən dövlətləri bu yoldan çəkindirmək, eləcə də NATO və Avropa İttifaqı daxilindəki birliyi maksimum dərəcədə pozmaqdır.

Rinkeviç vurğulayıb ki, bu addımlar gələcəkdə gözlənilən ehtimallar deyil, artıq hər gün baş verən acı reallıqdır.

Avropa siyasətçilərinin və mediasının tez-tez istifadə etdiyi "hibrid müharibə" terminologiyasını kəskin tənqid edən Prezident, bu sözün Kremlin törətdiyi cinayətləri pərdələdiyini qeyd edib: "Biz Almaniya, Polşa, Baltikyanı ölkələr, Fransa və İspaniyada baş verən diversiya cəhdlərini, kiberhücumları, partlayıcı maddələrlə təchiz olunmuş dron müdaxilələrini "hibrid" adlandırmaqla böyük səhvə yol veririk. Bu söz baş verənləri sanki daha zərərsiz, daha təhlükəsiz göstərir. Halbuki bu, açıq-aşkar təxribatdır".

Rinkeviç xəbərdarlıq edib ki, Rusiyanın bu cür düşüncəsiz addımları davam edərsə və adekvat cavab verilməzsə, hər hansı insident zamanı dinc sakinlər arasında real tələfatın yaşanması vəziyyəti sürətlə nəzarətdən çıxara və çox ciddi hərbi eskalasiyaya gətirib çıxara bilər.

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra "Putin sülh istəyir" qənaətinə gəlməsini şərh edən Latviya rəhbəri, Vaşinqtonun sülh səylərini yüksək qiymətləndirsə də, Moskvanın buna hazır olmadığını bildirib: “Kremlin Ukraynanın energetika və kritik infrastruktur obyektlərinə amansız zərbələr endirməkdə davam etməsi göstərir ki, Moskva hələ də hərbi güc tətbiq etməklə müharibəni udacağını zənn edir.

Rusiya rəhbərliyi Avropa ölkələrində keçirilən seçki proseslərinə və Qərb cəmiyyətlərində yarana biləcək "müharibə yorğunluğuna" böyük ümid bəsləyir. Lakin Qərb son 4 il yarım ərzində göstərdiyi birliyi bundan sonra da qorumalıdır”.

Prezident qeyd edib ki, yalnız sanksiya təzyiqlərinin saxlanılması və Ukraynaya xüsusilə ballistik raketlərə qarşı Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin kəsintisiz verilməsi təqdirdə, gələn ilin yazında masada və cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişə bilər.

Rinkeviç Avropanın qarşıdakı qış mövsümündə ən həssas və zəif nöqtəsinin müdafiə sənayesindəki lənglik və bürokrasiya olduğunu etiraf edib:

“Pul hər şeyi həll etmir. Müdafiə sektoruna böyük maliyyə vəsaitlərinin ayrılmasına baxmayaraq, hər şeyi hazır şəkildə bazardan almaq mümkün deyil. Yeni texnologiyaların işlənməsi və istehsalı zaman tələb edir. Müharibə şəraitində həm Ukrayna, həm də Rusiya texnologiyaları sürətlə inkişaf edir. Avropa bürokrasiyanı azaldaraq müdafiə sənayesindəki boşluqları təcili bağlamalıdır”.

Rusiya raketinin hər hansı bir NATO ölkəsinə düşəcəyi təqdirdə bunun birbaşa İttifaqın 5-ci maddəsinin (Kollektiv Müdafiə) tətbiqinə gətirib çıxaracağını deyən Prezident, Moskvanın bu riskləri yaxşı anladığını və daha az riskli hesab etdiyi təxribatlara əl atdığını bildirib.

Müsahibənin sonunda Rinkeviç dondurulmuş Rusiya aktivlərinin saxlanılması üçün heç bir hüquqi və mənəvi əsasın olmadığını, bu vəsaitlərin dərhal Ukraynanın müdafiə ehtiyaclarına və müharibədən sonrakı bərpasına yönəldilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol