Azər Rəşidoğlu
Tehranın şimal sərhədində nə dəyişir?
Qafqaz yenə yol ayrıcındadır. Amma bu dəfə söhbət yalnız asfaltın, relsin və sərhəd-keçid məntəqələrinin haradan keçəcəyindən getmir. Məsələ daha böyükdür-regionun gələcək siyasi və iqtisadi xəritəsini hansı marşrutlar və hansı güclər formalaşdıracaq? Çünki Qafqazda yol heç vaxt yalnız yol olmayıb. Marşrut dəyişəndə ticarətin istiqaməti dəyişir. Ticarətin ardınca kapital, kapitalın ardınca siyasi maraq gəlir. Beləliklə, nəqliyyat xətti zamanla geosiyasi xəttə çevrilir.
Tehranın şimal sərhədində baş verənlərə də məhz bu prizmadan baxmaq lazımdır. İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin son açıqlamaları göstərir ki, Tehran Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyir. İran kommunikasiyaların inkişafını dəstəklədiyini bildirir, amma bunun Ermənistanın suverenliyi və ərazi bütövlüyünə xələl gətirməməsini istəyir. Şirğolami “Sülhün kəsişməsi” təşəbbüsünü dəstəklədiyini, TRIPP layihəsinin də müəyyən şərtlərlə regionun inkişafına töhfə verə biləcəyini deyib.
Tehran nədən narahatdır?
İranın narahatlığının bir tərəfi təhlükəsizlik, digər tərəfi nəqliyyatdır. Hər ikisinin arxasında isə daha böyük məsələ dayanır- regionda qüvvələr nisbətinin dəyişməsi.
Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ, Türkiyənin Qafqazdakı rolunun artması, Ermənistanın kommunikasiyaları açmaq təşəbbüsü və ABŞ-ın TRIPP layihəsində iştirakı Tehranın hesablamalarına təsir edir.
Tehranın qarşısındakı əsas suallardan biri budur: yeni nəqliyyat sistemi formalaşanda İran həmin sistemin içində olacaq, yoxsa kənarında? Məsələ bir neçə kilometr yol deyil. Məsələ həmin yolun hansı iqtisadi və siyasi düzənin tərkibinə çevriləcəyidir.
İranın narahatlığını yalnız “Ermənistanı itirmək qorxusu” ilə izah etmək də məsələnin mahiyyətini tam açmır. Burada İranın tranzit imkanları, Ermənistan üzərindən Qafqaza çıxışı və şimal sərhədinin geosiyasi çəkisi də nəzərə alınmalıdır.
Qafqazda yollar bəzən sərhədlərdən güclü olur
Tarix bunun çoxsaylı nümunələrini göstərib. İmperiyalar yalnız ordularla genişlənməyib. Yollar çəkilib, limanlar qurulub, ticarət marşrutları yaradılıb və siyasi təsir həmin xətlər boyunca yayılıb.
Qafqazda indi baş verənləri yalnız “nəqliyyat layihələri” kimi təqdim etmək buna görə kifayət deyil. Azərbaycan regionu Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm qovşaqlarından birinə çevirmək istəyir. Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışını gücləndirməyə çalışır. Ermənistan isə kommunikasiyaların açılmasını iqtisadi və regional inteqrasiya vasitəsi kimi təqdim edir. Qafqazın paradoksu da buradadır-hamı yolun açılmasını istəyir, amma həmin yolun hara aparacağını eyni cür təsəvvür etmir. Eyni xəritəyə baxırlar, fərqli gələcək görürlər.
Bakı-Ankara xətti və Tehran
Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter alması İran üçün yeni məsələ deyil. Yeni olan bu siyasi yaxınlığın nəqliyyat infrastrukturu ilə daha sıx bağlanmasıdır. Dəmir yolu, avtomobil yolu, logistika mərkəzi və enerji xətti siyasi münasibətləri gündəlik iqtisadi reallığa çevirir.
Türkiyə üçün Azərbaycan yalnız Cənubi Qafqazdakı tərəfdaş deyil, Mərkəzi Asiyaya çıxış istiqamətidir. Azərbaycan üçün Türkiyə isə Avropa və dünya bazarlarına çıxış imkanlarını genişləndirən mühüm tərəfdaşdır.
Tehran bu mənzərədən kənarda qalmaq istəmir. Buna görə İranın siyasətində həm Ermənistanla münasibətləri qorumaq, həm də regionun digər aktorları ilə əlaqələri saxlamaq cəhdi görünür.
Paşinyanın manevr cəhdləri
Ermənistan da prosesin passiv iştirakçısı deyil. Nikol Paşinyan hökuməti bir tərəfdən Azərbaycanla sülh prosesini irəli aparmağa, digər tərəfdən ölkənin nəqliyyat imkanlarını genişləndirməyə çalışır. Ermənistan üçün kommunikasiyaların açılması iqtisadi məsələ ilə yanaşı, regional təcriddən çıxış imkanını da ifadə edir. TRIPP isə ayrıca layihədir və Ermənistan-ABŞ əməkdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Hər iki istiqamət regionun nəqliyyat xəritəsinin dəyişməsi ilə bağlıdır, lakin eyni layihə deyil.
Tehran üçün əsas məsələ Ermənistanın kimin təsir dairəsinə düşməsindən daha çox, özünün həmin ölkə üzərindən regional imkanlarını itirib-itirməməsidir.
Yeni xəritənin savaşı
Qafqazda heç bir gediş təkbaşına baş vermir. Azərbaycan, Türkiyə, İran, Ermənistan, Rusiya və Qərbin regionla bağlı maraqları bir-birinə toxunur. Bir tərəfin yaratdığı yeni imkan digər tərəfin hesablamasını dəyişir. Nəqliyyat layihələri də bu siyasi hesablamanın bir hissəsidir.
TRIPP, Zəngəzur istiqaməti və “Sülhün kəsişməsi” eyni layihə deyil. Bunlar müxtəlif tərəflərin regional kommunikasiyalara dair yanaşmalarını ifadə edən fərqli təşəbbüs və istiqamətlərdir. Amma hamısı eyni sualı gündəmə gətirir- gələcək regional nəqliyyat xəritəsini kim və hansı şərtlərlə formalaşdıracaq?
Məhz buna görə Tehran bu prosesləri diqqətlə izləyir. Çünki tranzit xəritəsindən kənarda qalmaq zamanla ölkənin siyasi və iqtisadi imkanlarına da təsir göstərə bilər. Əvvəl yol dəyişir. Sonra ticarət. Daha sonra siyasi münasibətlər.
İran susarsa...
İranın qarşısında asan seçim yoxdur. Tehran bir tərəfdən yeni regional kommunikasiya imkanlarından kənarda qalmaq istəmir, digər tərəfdən bu proseslərin Ermənistanın suverenliyinə və regiondakı geosiyasi tarazlığa təsir göstərə biləcək formada qurulmasını qəbul etmir.
Ona görə İranın Ermənistanla bağlı mövqeyini yalnız Tehran-İrəvan münasibətləri çərçivəsində oxumaq doğru olmaz. Burada Azərbaycan-Türkiyə xətti də var. Ermənistanın yeni kommunikasiya siyasəti də. Qərbin regiona marağı da. Dəyişən tranzit xəritəsi də.
Qafqazda hələ son gediş edilməyib. Tərəflər mövqelərini müəyyənləşdirir, yolların istiqamətini hesablayır, alternativlər yaradır. Əsl məsələ də budur- gələcəyin xəritəsini yalnız sərhədlər müəyyənləşdirmir. Yollar da xəritə çəkir.
Odur ki, İran susarsa, Qafqaz danışacaq. Çünki burada indi sadəcə yollar çəkilmir. Regionun gələcək siyasi ağırlıq mərkəzi də formalaşır.


Şərhlər