Menu

İRAN RAZIDIR, ABŞ İSƏ... - Tramp bu əraziyə də öz adını vermək istəyir

26.09.2026, 11:38
İRAN RAZIDIR, ABŞ İSƏ... - Tramp bu əraziyə də öz adını vermək istəyir

İran münaqişəsi ətrafında diplomatik səylər çoxalsa da, tərəflər heç cür ortaq məxrəcə gələ bilmirlər.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq və bölgədə yeddi gün ərzində hərbi əməliyyatları dayandırmaq təklifini rədd edib. “AzPolitika” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Qəzet iddia edib ki, Tramp öz komanda üzvlərilə söhbətində İranın onun tələblərinə əməl edəcəyinə şübhə ilə yanaşdığını bildirib və noyabr ayında keçiriləcək konqresə aralıq seçkilərindən sonra bombardmanların yenidən başlamasının zəruri olduğunu qeyd edib.

Bundan bir müddət əvvəl isə İranın Xarici işlər naziri Abbas Əraqçinin Tehranın ABŞ-yə Hörmüz boğazının açılmasına yeddi günlük geri sayım və bölgədə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan sülh planı təqdim etdiyi açıqlanmışdı. Plan, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını, eləcə də ABŞ-nin İran limanlarına qarşı blokadasının, İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını və neft sanksiyalarının ləğvini tələb edir.

“Financial Times”-ın yazdığına görə, İran tərəfi danışıqlara iyun ayında qaldığı yerdən yenidən başlamağı təlklif edib. Tehran Hörmüz boğazında bir həftə ərzində gəmiçiliyin fəaliyyətinin və münaqişənin yekun həlli ilə bağlı danışıqların bərpasına razılaşıb. Abbas Əraqçi bunu BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir qrup jurnalist və ekspertlə söhbətində bildirib.


Bununla bərabər, Əraqçinin sözlərinə görə, Tehran tələsmir və hər şey Vaşinqtondan asılıdır: "Biz vasitəçilər vasitəsilə ABŞ-yə müəyyən şərtlər daxilində boğazın yeddi gün ərzində açılacağı planı təqdim etdik. Plan tamamilə aydındır. Onlar bunu qəbul etdikdən sonra geri sayım ertəsi gün başlaya bilər və boğaz yeddi gün ərzində açılacaq”.

Hətta bunun ardınca Brent markalı xam neftin fyuçerslərinin qiyməti dərhal ucuzlaşmağa başlayıb və bir barel üçün 106 dollardan aşağı düşüb. Üstəlik, ABŞ və İran nümayəndə heyətləri Qətər nümayəndələri vasitəsilə Nyu-Yorkda vəziyyəti müzakirə ediblər. Hər iki tərəf danışıqların konstruktiv olduğunu bildirib, lakin media yazır ki, iranlılar ABŞ-nin hər hansı bir razılaşmaya əməl edəcəyinə dair şübhələrini də bildiriblər. İndi isə Trampın da İran tərəfinin razılaşmaya əməl edəcəyinə inanmadığı məlum olur və "The Wall Street Journal" qəzetinin yazdıqalrı doğrudursa, deməli, Tramp bu planı da rədd edib…

Eyni zamanda, ABŞ tərəfi də İran rəhbərliyi kimi, “tələsmədiyini” bəyan edir. Ağ Ev sözçüsü Trampın İranla danışıqlara açıq qaldığını bildirib, lakin ABŞ-nin danışıqlara ehtiyacı olmadığını vurğulayıb, çünki ABŞ sanksiyaların sərtləşdirilməsi və İran iqtisadiyyatına zərbə vuran dəniz blokadası sayəsində güclü mövqe tutur…

Bütün bunların fonunda ABŞ Prezidenti yenidən “TruthSocial”-da Hörmüz boğazını "Tramp boğazı" adlandıran xəritə paylaşıb. Şəkil boğazı əhatə edir və onu "Tramp boğazı" adlandırır. Tramp bu paylaşımla bağlı şərh verməyib. O, avqustun 18-də də “TruthSocial” səhifəsində Hörmüz boğazının xəritəsini "Yeni ABŞ ərazisi" adlandıraraq paylaşmışdı. Buna cavabh olaraq İran Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin səhv etdiyini və Tehranın tezliklə bunu düzəldəcəyini bildirmişdi.

Lakin göründüyü kimi, hələlik, düzələn bir şey yoxdur. Tərəflərin bir-birinə hər hansı bir etimadı heç üfüqdə də görünmür. Buna görə İran Prezidenti Məsud Pezişkian ABŞ-yə inam qalmadığını deyib və əlavə edib: "İran xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək".

10-a yaxın münaqişəni həll etdiyini iddia edən Tramp isə İran məsələsini heç cür bitirə bilmir və Qərb mətbuatının yazdıqları doğrudursa, Konqresə aralıq seçkilərindən sonra qonşu dövlətin bombalanması yenidən başlaya bilər…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol