Tanınmış hərbi ekspert Aqil Rüstəmzadə Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində həyata keçirdiyi "Vivaldi" hücum əməliyyatının taktiki və texnoloji detallarını təhlil edib. Ekspertin qənaətinə görə, bu əməliyyat müasir hərb tarixində yerüstü robotlaşdırılmış komplekslərin (YRK) kütləvi və konseptual baxımdan tamamilə yeni formatda tətbiq edildiyi ilk nümunələrdən biridir.
"AzPolitika" xəbər verir ki, Aqil Rüstəmzadə Ukrayna ordusunun döyüş meydanında tətbiq etdiyi 4 əsas texnoloji yeniliyi diqqətə çatdırıb:
Əməliyyatın baş başlıca yeniliyi təkərli və tırtıllı kamikadze-robotların ağır dronlar ("Baba-Yaqa" və analoqları) vasitəsilə cəbhə xəttindən 10 kilometrdən çox dərinliyə - Rusiya ordusun dərin arxasına çatdırılması olub. Havadan Rusiya ordusun arxasına atılan robotlar mustəqil şəkildə döyüş sursatı anbarlarına, rabitə qovşaqlarına və canlı qüvvə toplaşan məntəqələrinə tərəf hərəkət edərək, hücum başlamazdan əvvəl idarəetməni və logistikanı tamamilə iflic edib.
Piyada və zirehli texnikanın irəliləməsindən öncə YRK-lar massiv şəkildə mühəndis kəşfiyyatı aparmaq və ərazini məsafədən minalardan təmizləmək üçün döyüşə cəlb olunub. Bu, ukraynalı hərbçilərin mina sahələrindəki itkilərini minimuma endirib.
Avtomatik qumbaraatanlar (AQS) və pulemyotlarla təchiz edilmiş yerüstü robotlar hücum qruplarının önündə hərəkət ediblər. Onlar Rusiya ordusun atəş nöqtələrinin zərbəsini öz üzərilərinə götürərək onları yayındırıb və basdırıblar. Bu da Ukrayna piyadasına Rusiya mövqelərinə cinahlardan rahat daxil olmaq imkanı yaradıb.
A.Rüstəmzadə xüsusi bir taktiki yeniliyi də vurğulayıb. Ukrayna ordusu mənəvi baxımdan köhnəlmiş və ya zədələnmiş BTR-60 zirehli daşıyıcılarını ağır kamikadze-dronlara çevirərək düşmən istehkamlarına qarşı istifadə edib.
YRK-ların tətbiqi vahid idarəetmə konsepsiyasına inteqrasiya olunub. Hava kəşfiyyatı və FPV-dronlar real vaxt rejimində yerüstü robotların hərəkətini tənzimləyib, eyni zamanda siqnalötürücü (retranslyator) rolunu oynayıblar.
Hərbi ekspert vurğulayır ki, yerüstü robotların bu miqyasda tətbiqi Ukrayna piyadasının itkilərini minimuma endirməyə, Rusiya ordusun əks-hücumlarını pozmağa və möhkəmləndirilmiş müdafiə xətlərini sürətlə yararaq böyük uğur qazanmağa şərait yaradıb. Aqil Rüstəmzadə "Vivaldi" əməliyyatını müasir müharibələr tarixində dronların və robotların tammiqyaslı ilk hücum əməliyyatı kimi qiymətləndirib.
Rasim
“AzPolitika.info”


Şərhlər