Şimali Koreya (KXDR) Rusiyaya təxminən 10 minə yaxın hərbi qulluqçu göndərməyə hazırlaşır.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məruzəsinə istinadən məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, hazırda gələcək hazırlıq və Rusiyaya daşınma məqsədilə hərbçilərin seçilməsi prosesi həyata keçirilir. O qeyd edib ki, artıq bu ana qədər Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi mövcuddur.
Zelenski vurğulayıb ki, Rusiya bu əməkdaşlığın əvəzini hər sahədə, o cümlədən müxtəlif texnologiyalarla ödəyir: "Şimali Koreyada bu cür yardımların qarşılığında "Şahed" tipli PUA-ların istehsalı qurulub. Şər də məhz belə yayılır".
Xatırladaq ki, Pхenyanın Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya hərbi qüvvə göndərməsi ilk dəfə 2024-cü ilin oktyabrında məlum olmuş, Kreml isə bu faktı 2025-ci ilin aprelində rəsmən təsdiqləmişdi. Şimali Koreya hərbçiləri əsasən Rusiyanın Kursk vilayəti ərazisindəki döyüşlərdə iştirak ediblər.
Cənubi Koreyanın “Yonhap” agentliyinin kəşfiyyat məlumatlarına istinadən yaydığı məlumata görə, Rusiya-Ukrayna sərhədindəki döyüşlərdə təxminən 6 min şimali koreyalı əsgər həlak olub və ya yaralanıb. BBC isə cəbhədə həlak olan 2304 KNDR hərbçisinin adını müəyyənləşdirib.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının KNDR-ə qarşı sanksiyalarına nəzarət edən Çoxtərəfli Monitorinq Qrupunun (MSMT) məlumatına görə, Rusiyadakı pilotsuz uçuş aparatları istehsalı müəssisələrində 25 minə yaxın Şimali Koreya vətəndaşı çalışa bilər. BMT-nin xarici işçi qüvvəsi ilə bağlı məhdudiyyətlərindən yan keçmək üçün onları tələbə vizaları ilə rəsmiləşdirirlər. Fəhlələrin əsas hissəsi Uzaq Şərqdə (Vladivostok, Xabarovsk, Saxalin) yerləşir, lakin onların bir qismi Moskva, Sankt-Peterburq və İrkutskdə də fəaliyyət göstərir. Minə yaxın şəxs isə birbaşa hərbi-sənaye kompleksinin kritik obyektlərində – müdafiə müəssisələrində, poladəritmə və gəmiqayırma zavodlarında çalışır.
Rasim
"AzPolitika.info"


Şərhlər