Rusiya Prezidenti Vladimir Putin Ukraynanı 2027-ci ilin yazına qədər respublikaya qarşı genişmiqyaslı, sistemli hücumlar vasitəsilə kapitulyasiyaya məcbur etmək istəyir.
Bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb. Bəs Putinin bu planı reallaşa bilərmi? Ukrayna kapitulyasiya etsə, dünya düzəni necə dəyişə bilər?
Mövzu ilə bağlı "Azpolitika" ya danışan politoloq Aydın Tağıyev bildirib ki, Ukraynanın 2027-ci ilin yazına qədər kapitulyasiyaya məcbur edilməsi hazırkı şərtlər fonunda real görünmür:
"Ukraynanın müqaviməti, Qərb ölkələrinin dəstəyi və Rusiyanın üzləşdiyi iqtisadi-sosial məhdudiyyətlər bu strategiyanın həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir.
Rusiya Ukraynanı kapitulyasiyaya məcbur etmək məqsədilə kütləvi raket və reaktiv dron hücumlarından istifadə edə bilər. Bu hücumlarda əsas hədəflər enerji infrastrukturu, hava hücumundan müdafiə sistemləri və ölkənin ictimai dayanıqlığıdır.

Digər tərəfdən, Ukrayna ordusunun son aylarda Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirməsi Moskvanın hərbi strategiyasına təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər. Ukraynanın bu prosesdə Qərb ölkələrindən aldığı dəstək də mühüm əhəmiyyət daşıyır. ABŞ və Avropa ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri, hərbi texnika və maliyyə yardımı göstərməkdə davam edir. Bu amil Ukraynanın uzunmüddətli müqavimət imkanlarına təsir göstərir".
Politoloqun sözlərinə görə, Rusiya baxımından kütləvi dron və raket hücumları yüksək maliyyə tələb edir:
"Bunun uzun müddət davam etdirilməsi müəyyən çətinliklər yarada bilər. Yeni səfərbərlik ehtiyacı yarandığı təqdirdə, bu addım ölkə daxilində sosial narazılıqla müşayiət olunacaq.
Mövcud amillər nəzərə alındıqda, planın tam şəkildə həyata keçirilməsi ehtimalı aşağıdır".
Ukraynanın kapitulyasiyasının mümkün nəticələrinə gəlincə, ekspert bunun dünya düzənində ciddi dəyişikliklərə səbəb ola biləcəyini deyib:
"Belə bir ssenaridə NATO və Avropa İttifaqının Ukraynaya göstərdiyi dəstəyin nəticəsiz qalması Qərbin geosiyasi nüfuzuna təsir göstərə bilər.
Bu halda qlobal geosiyasi xəritədə də müəyyən dəyişikliklər baş verəcək. Rusiya, Çin və digər dövlətlər yaranan yeni şəraitdən istifadə edərək regional təsir imkanlarını genişləndirməyə çalışacaq.
Əsas məsələlərdən biri beynəlxalq hüququn gələcək vəziyyəti ilə bağlıdır. Ukraynanın kapitulyasiyası dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipləri ilə bağlı yeni suallar yarada, Baltikyanı ölkələrdən Tayvana qədər müxtəlif regionlarda təhlükəsizlik narahatlıqlarını artıra bilər. Bununla yanaşı, enerji və iqtisadi sahədə də müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Avropanın enerji təhlükəsizliyi ilə bağlı risklər arta, qlobal bazarlarda sabitlik məsələsi yenidən gündəmə gələ bilər.
Hətta Rusiya planının tam şəkildə reallaşmadığı ssenaridə belə, uzunmüddətli eskalasiyanın davam etməsi mümkündür. Ukraynanın müqavimət imkanları və Qərb ölkələri arasında koordinasiyanın səviyyəsi münaqişənin gələcək inkişafına təsir edən əsas amillərdən olacaq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər