Böyük Britaniya Finlandiya və digər Birgə Ekspedisiya Qüvvələri (JEF) ölkələrinə “nüvə çətiri” təklif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” dövlət kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, Britaniyanın bu təklifi NATO-dan kənarda fəaliyyət göstərəcək əlavə bir müdafiə mexanizmini nəzərdə tutur. Britaniya nüvə sualtı qayıqları bu "nüvə çətirinin" təmin edilməsində əsas rol oynayacaq. Təklif Kral Dəniz Qüvvələrinin rəisi Qvin Cenkinsin Finlandiyaya səfəri zamanı irəli sürülüb. O, Finlandiya Parlament Müdafiə Komitəsinin sədri Heykki Autto ilə görüşüb və gələcəkdə Britaniya nüvə silahlarının JEF daxilində yaradılan döyüş bölmələri üçün müdafiə sisteminin əsasını təşkil edəcəyini bildirib.
JEF, Böyük Britaniyanın rəhbərlik etdiyi, Skandinaviya ölkələrini (Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç) və Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya), eləcə də Niderlandı əhatə edən hərbi tərəfdaşlıqdır. Onlar noyabr ayında Osloda keçiriləcək görüşdə yeni JEF döyüş bölmələrinin yaradılması barədə müqavilə imzalamağı planlaşdırırlar. Cenkinsin sözlərinə görə, bu qüvvələrin yerləşdirilməsi NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinin aktivləşdirilməsini tələb etməyəcək.
Heykki Autto JEF-i milli müdafiə və NATO üzvlüyü ilə yanaşı, Finlandiyanın müdafiəsinin “üçüncü sütunu” adlandırıb.
Bu arada qeyd olunur ki, Finlandiya sülh dövründə öz ərazisində nüvə silahları yerləşdirməyi planlaşdırmır. Auttonun sözlərinə görə, ölkənin bu məsələ ilə bağlı hazırkı siyasəti dəyişməyəcək.
Buna baxmayaraq, Böyük Britaniyanın bu təşəbbüsü Rusiya tərəfindən heç də müsbət qarşılana bilməz. Finlandiyanın NATO-ya qoşulmasından sonra onsuz da Moskvanın Helsinkiyə münasibəti ciddi şəkildə dəyişib. Britaniya ilə əldə ediləcək “nüvə çətiri” anlaşması isə bu münasibətləri daha da kəskinləşdirə bilər.
“AzPolitika.info”


Şərhlər