Menu

“VƏZİYYƏT SON DƏRƏCƏ TƏHLÜKƏLİDİR!” - “Bütün silahlardan istifadə edəcəyik...”

02.10.2026, 10:06
“VƏZİYYƏT SON DƏRƏCƏ TƏHLÜKƏLİDİR!” - “Bütün silahlardan istifadə edəcəyik...”

Rusiya Prezidenti Vladimir Putin dünən “Valday”da səsləndirdiyi fikirlər siyasi müzakirələrə səbəb olub. Rusiya lideri Ukraynadakı "münaqişəni" Moskvanın başlatmadığını deyib.

"Bizə bəzən deyirlər: 'Rusiya sülhdən danışır, amma müharibəni o başladı”. Amma həqiqət budur ki, savaşmağa biz başlamadıq, onlar bizə qarşı savaşmağa başladılar", - deyə Putin bildirib.

Onun sözlərinə görə, Rusiya "qəsdən əlində silahla özünü müdafiə etməyə məcbur olduğu" bir vəziyyətə salınıb: "Ukraynada illərdir millətçiliyi və rusofobiyanı Rusiyaya qarşı mübarizədə bir vasitəyə çevirmək məqsədi ilə təşviq etməyə ehtiyac yox idi. NATO təşkilatın maraqları naminə bizim ərazilərimizin(?) hərbi mənimsənilməsinə başlamamalı və ya orada bazalarını planlaşdırmamalı idi", - Putin bildirib. Rusiya başçısının “bizim ərazilərimiz” deyərkən Ukraynanın suveren ərazilərini nəzərdə tutduğu güman edilir…

Buna rəğmən, Putin müharibəni danışıqlar yolu ilə bitirməyin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, “Ukraynadakı münaqişə həmçinin, Rusiya üçün məqbul şərtlərlə və hər iki tərəfdən əlavə itkilərin qarşısını almaq üçün” başa çatdırılmalıdır: "Əgər onlar Rusiya üçün məqbul şərtlərlə razılaşsalar, yəqin ki, bu çətin hadisələrə son qoymaq daha yaxşı olar. Hər iki tərəfdən əlavə itkilərin qarşısını almaq üçün. Və humanitar sahədə, rus dili və digər məsələlərlə bağlı razılaşmalara çıxmaq olar".

Rusiya lideri bildirib ki, Rusiya Ukrayna ilə münaqişəyə danışıqlar yolu ilə ən qısa müddətdə son qoymaq istəyir. O əlavə edib ki, Avropa Rusiyanı danışıqlar aparmaq istəməməkdə ittiham etməyi dayandırmalıdır: "Ukraynanın neytral statusu Rusiyanın məqsədlərindən biri olaraq qalır. Çünki müstəqillik qazandıqdan sonra Ukrayna neytral dövlət olduğunu bildirən bəyannamə qəbul edib. Biz həmişə postsovet məkanının və yeni Rusiyanın qurulmasında ilk addımlardan Ukraynanın neytral dövlət olması müddəasından çıxış etmişik".

Bundan əlavə, Rusiya Prezidenti Ukraynadakı savaşda onun ordusunun sürətlə irəlilədiyini iddia edib: "Xüsusi hərbi əməliyyat zonasında vəziyyət sürətlə dəyişir və təkcə sentyabr ayında Rusiya 1301 kvadrat kilometr ərazini nəzarətə götürüb".

Putinin sözlərinə görə, Moskva Ukrayna ilə bağlı danışıqalra hazır olsa da, qarşı tərəfin addımları buna mane olur: "Rusiya Ukrayna ilə bağlı danışıqları hətta 21 sentyabrda, seçkilərdən dərhal sonra bərpa etməyə hazır idi, lakin Kiyev səsvermə zamanı hücumlara başladı. Düşmənin hərbi əməliyyatları dayandırmaq istəyi yoxdur. Rusiyanın uzunmüddətli sülh üçün təhlükəsizlik zəmanətlərinə və şərtlərinə ehtiyacı var".

“Əgər yaşamaq istəyiriksə…”

O həmçinin bildirib ki, Moskva gələcək qarşıdurmadan qaçmağa çalışır və kompromisləri müzakirə etməyə hazırdır: "Əgər yaşamaq istəyiriksə və hamı onda, bir dəfə ictimai çıxışımda dediyim kimi, gəlin harmoniya içində yaşayaq və bunun baş verməsinin yollarını tapmaq üçün birlikdə çalışaq. Əlbəttə ki, etimad yaratmaq mürəkkəb və kövrək bir prosesdir. Onu gücləndirmək çox çətindir, məhv etmək isə çox asandır".

Onun fikrincə, Qərb beynəlxalq münasibətlərin yeni konfiqurasiyası ilə barışmalı və qlobal çoxluq təşkil edən ölkələrlə qarşılıqlı əlaqədə olmağı öyrənməlidir: "Keçmiş hegemon qaçılmaz olaraq çoxqütblü dünyanın reallıqlarını qəbul etməli olacaq. Bu, qaçılmazdır. Qlobal iqtisadi inkişaf tendensiyalarına baxın. Biz qlobal çoxluq təşkil edən ölkələrlə onların fundamental maraqlarına hörmət əsasında əməkdaşlıq etməyi öyrənməliyik".

“Bütün silahlardan istifadə edəcəyik”

Rusiya Prezidenti həmçinin bildirib ki, Rusiya "2029, 2030 və ya 2050-ci illərdə belə heç kimə hücum etmək niyyətində deyil. Lakin "NATO təcavüzü" halında buna cavab verəcək və bütün mövcud silahlardan istifadə edəcək: "Əgər məsələ Rusiya Federasiyasına, bu halda Kalininqrada birbaşa hücumdan gedərsə, təbii ki, Rusiyanın ölkəmizin sərəncamında olan bütün silahlardan istifadə etməsi məsələsi qaçılmaz olaraq və dərhal gündəmə gələcək... Və bu silahların nə olacağına biz qərar verəcəyik".

Putin "başqa heç kimin Rusiyanın hazırda sahib olduğu silahlara sahib olmadığını" da iddia edib. O, bunun Rusiyaya Avropanın nüvə gücləri olan Fransa və Britaniya üzərində üstünlük verdiyini söyləyib.

Putin Zelenski ilə eyni fikirdədir…

Putin ABŞ Prezidenti Donald Trampın münaqişənin nizamlanması ilə bağlı təkliflərinin Rusiya üçün çətin olduğunu bildirib. Lakin eyni zamanda, bu təkliflərin düzgün istiqamətdə olduğunu əlavə edib.

Bununla yanaşı, Putin iştirakçıların suallarını cavablandırarkən bildirib ki, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını dayandırması müqabilində Rusiyanın Ukrayna taxıl gəmilərinə hücumunu dayandırmasını təklif etmək "sadəcə absurddur": "Deyirlər ki, qoy onlar (Rusiyada) neft emalı zavodlarına hücum etməyi dayandırsınlar, siz də onların (Ukrayna) gəmilərinə hücum etməyi dayandırın... Və onda daha çox dizel olacaq. Amma bizdə daha çox dizel olacaq, lakin o, dünya bazarlarına çatmayacaq. Bu, sadəcə absurddur". 

Putin onu nəzərdə tutub ki, Rusiya yetərincə dizel yanacağı istehsal etsə də, sanksiyalar səbəbindən onu istədiyi kimi dünya bazarına çıxara bilmir və Rusiya neft zavodlarına zərbələr dayandırılsa, bu, sadəcə Rusiya daxilində dizel yanacağı bolluğu yaradacaq. Dünya bazarı isə bundan heç nə qazanmayacaq. Bununla da Rusiya başçısı bir növ daha əvvəl Donald Trampın irəli sürdüyü fikirləri təkzib etmiş olur. Belə ki, Tramp dünya bazarında dizelin bahalaşmasını Hörmüz boğazında baş verənlərlə deyil, Rusiya-Ukrayna müharibəsi və Ukraynanın Rusiya neft email zavodlarını vurması ilə əlaqələndirmişdi. Volodimir Zelenski bu iddia ilə razılaşmamışdı. İndi isə Putin də eyni fikirdədir…

O, Rusiya neft emalı zavodlarına hücumlar nəticəsində Rusiyanın öz ÜDM-nin yalnız 1%-ni itirdiyini qeyd edib. Əvəzində Rusiyanın verdiyi cavab Ukraynaya daha baha başa gəlib: "İndi onların metallurgiya sənayesi yoxdur".

Bundan əlavə, Rusiya prezidenti bildirib ki, Rusiya dünya okeanlarının istənilən yerində Rusiya gəmilərini ələ keçirmək cəhdlərinə eyni cür cavab verməyə hazırdır: "Dünya okeanı yalnız Baltik və Şimali Atlantika bölgələri ilə bitmir. Dünya okeanının digər hissələri də var və biz də eyni cür cavab verəcəyik. Bəlkə Baltik, Atlantik və ya bəlkə də Sakit okeanda, Hind okeanının bir yerində - bilmirəm. Biz bizim üçün ən sərfəli olan yerdə hərəkət edəcəyik".

“Ukrayna müstəqil mövcud ola bilməz”

O əlavə edib ki, Ukrayna Qara dənizdə "mülki yük daşıyan" Rusiya tankerlərinə və gəmilərinə hücum edib və yüzdən çox gəmiyə zərər verib. Rusiya daha sonra buna cavab verib: "İndi bizə hər yerdən zənglər gəlir: dayanın. Amma hər şeyi onlar başlayıblar. İndi faşist, al Sovet əsgərindən qumbaranı - indi xoşunuza gəlmir".

Putinin sözlərinə görə, Ukrayna müstəqil şəkildə mövcud ola bilməz; o, kənardan idarə olunur və dövlətçiliyini itirir.

Rusiya Prezidenti Avropadakı və dünyadakı vəziyyəti "son dərəcə təhlükəli" adlandırıb. O, mövcud beynəlxalq vəziyyətin "ölümcül nəticələrə" səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və bir sıra ölkələrin "bütün canlıları məhv edə biləcək" silahlara sahib olduğunu xatırladıb: "Bu cür silahların istifadə olunmayacağına əmin ola bilərikmi?"

Putin ritorik şəkildə soruşub və öz sualına mənfi cavab verib. O, “divara asılmış silahın nə vaxtsa atacağına” eyham vurub və Rusiyanın sağ qalmaq üçün istənilən addımı atmağa məcbur ola biləcəyini qeyd edib. Lakin o, bu silahın partlamasının qarşısını almaq üçün tədbirlər görülməli olduğunu da əlavə edib.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol