"Münaqişədən əvvəl Azərbaycanın xarici siyasətini və strateji təfəkkürünü geopolitik buxovlar daxilində saxlayan amillər var idi".
"AzPolitika" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.
O bildirib ki, artıq Azərbaycanın xarici siyasət xətti də dəyişir:
"İndi biz bunun kənarına çıxırıq və buna Azərbaycanın çoxşaxəli geopolitik kimliyi deyirik. Bu, Azərbaycanın yeni bir geopolitik kimlik axtarışında olması demək deyil. Bizim artıq geopolitik kimliyimiz var. Biz qafqazlıyıq? Bəli, bu regiona aidik. Lakin, eyni zamanda, daha geniş Xəzər regionuna aidik və son zamanlar Mərkəzi Asiyanın tam hüquqlu üzvü olmuşuq. Özümüzü və ölkəmizi tarixi, mədəni, dil və bir çox telləri paylaşdığımız daha geniş Mərkəzi Asiyanın bir hissəsi hesab edirik. Biz avropalıyıq və Avropa təsisatlarının bir hissəsiyik. Eyni zamanda, Yaxın Şərqliyik və daha geniş Qara dəniz regionuna da aidik.
Bütün bu ünsürlər bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Görə biləcəyiniz kimi, Yaxın Şərqdə Azərbaycan məmnuniyyətlə qarşılanan bir tərəfdaşdır və eyni zamanda, müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir. Bu da Azərbaycanın yeni siyasi, geopolitik və xarici siyasət təfəkkürünün bir hissəsidir".
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın regional dialoq prosesinə daha yaxından inteqrasiya olunub:
"Bu vəziyyət Azərbaycanın xüsusilə Mərkəzi Asiya ölkələri ilə olan yeni geopolitik kimliyinə əsaslanır. Mərkəzi Asiya ölkələrinin və bütün bu dövlətlərin Azərbaycanı Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasına qəbul etmək barədə yekdilliklə verdiyi qərardan son dərəcə məmnunluq duyuruq. Hər zaman məcazi mənada deyirəm ki, bu, sadəcə riyazi "5+1" məsələsi deyil. Azərbaycanın Mərkəzi Asiya klubuna qoşulması bir kimya və qovuşma məsələsidir. Azərbaycan öz köklərinə qayıdır. Buna görə də, indi Mərkəzi Asiya və Azərbaycan olaraq bütün Xəzər regionunu formalaşdırırıq və daha geniş regionumuzda yeni geopolitik və geoinkişaf kimliyi yaradırıq. İlk növbədə siyasi münasibətlər, iqtisadiyyat, ticarət, biznes və ən əsası nəqliyyat bağlılığıdır. Çünki Azərbaycan və Mərkəzi Asiya dənizə çıxışı olmayan regionlardır və biz yeni nəqliyyat əlaqələrimiz üzərində intensiv çalışırıq.
Bu parametrlərə əsaslanaraq, Mərkəzi Asiyadakı dostlarımız və Cənubi Qafqazdakı tərəfdaşlarımızla birlikdə bütün Avrasiya nəqliyyat və kommunikasiya xəritəsini dəyişməyə çalışdığımızı düşünürəm. Bağlılıq bizim üçün sadəcə yükü bir nöqtədən digərinə daşımaq deyil. bu, sivilizasiya və geopolitika ilə bağlı bir məsələdir.
Geniş Avrasiya materikinin mərkəzində Azərbaycan və Mərkəzi Asiya olaraq Çindən başlayaraq Qərbə doğru uzanan və bunun əks istiqamətində yeni bir kommunikasiya xətti inşa edirik. Ölkələrimizin artıq burada müəyyən mühüm parametrlərə əsaslanan həlledici rolu olduğuna inanıram".


Şərhlər