Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq edilən yeni limitlər və Maliyyə Monitorinqi Xidmətinin (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydalarında etdiyi dəyişikliklər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Məsələni “AzPolitika”ya şərh edən biznes məsləhətçisi Çinarə Ağayeva bildirib ki, bir tərəfdən bank kartlarına mədaxillər üzrə gündəlik 5 əməliyyat və aylıq 20 min manat limitinin qoyulması, digər tərəfdən MMX-nin illik 20 min manatlıq hesabat həddini ləğv edərək aylıq 50 min manatlıq yeni meyar müəyyənləşdirməsi maliyyə sektorunda mühüm yenilikdir.
Ekspert qeyd edib ki, yeni qərara əsasən, fiziki şəxsin bir ay ərzində elektron köçürmələrinin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində həyata keçirilən növbəti köçürmələr barədə MMX-yə məlumat təqdim olunacaq. Eyni zamanda, bir əməliyyatın məbləği 20 min manat və ya daha çox olduqda həmin köçürmə ayrıca hesabat predmeti olacaq. Bu dəyişikliklərin 1 yanvar 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.
“Pul köçürmələrinin sayı artarsa, kartdan istifadə çətinləşəcəkmi?”
Çinarə Ağayeva vurğulayıb ki, ilk baxışdan bu addımlar texniki dəyişiklik kimi görünsə də, vətəndaşın gündəlik ödənişlərinə və sahibkarın müştəridən pul qəbul etməsinə birbaşa təsir edir: “Təsəvvür edək ki, bir valideyn övladına ay ərzində bir neçə dəfə pul göndərir, ailə üzvləri kommunal xərcləri bölüşür, dostlar borc qaytarır və ya kimsə ikinci əl əşyasını sataraq pulunu kartına qəbul edir. Bunlar gündəlik həyatda rast gəlinən tam qanuni əməliyyatlardır. MMX-yə məlumat təqdim edilməsi əməliyyatın qanunsuz sayılması demək deyil, bu, maliyyə monitorinqi məqsədi daşıyır. Lakin avqustun 1-dən tətbiq olunan gündəlik 5 mədaxil və aylıq 20 min manat limiti şəxsi köçürmələri çox olan vətəndaşlar üçün narahatlıq yaradır. Əsas risk də budur: nəzarət gücləndirilərkən qanuni istifadəçilərin bank xidmətlərindən istifadəsi çətinləşməməlidir”.
Kiçik sahibkarlar və fərdi xidmət göstərənlər üçün çətinliklər
Biznes məsləhətçisi məsələnin daha həssas tərəfinin kiçik sahibkarlar və fərdi fəaliyyət göstərən şəxslərlə bağlı olduğunu deyib: “Məsələn, evdə şirniyyat bişirib satan bir qadın gün ərzində 8 müştəridən ödəniş qəbul edir, repetitorun 15 şagirdi dərs haqqını kartına göndərir, təmir ustası xidmət haqqını nağdsız alır. Bu şəxslərin fəaliyyəti qanuni ola, gəlirləri bəyan edilə bilər, lakin gün ərzində müxtəlif şəxslərdən ödəniş aldıqları üçün mədaxil limiti ilə qarşılaşırlar. Əgər şəxsi kartla biznes ödənişləri arasında fərq aydın izah edilmirsə, sahibkar əlavə bank hesabı açmaq və ya əlavə prosedurlardan keçmək məcburiyyətində qalır. Bu isə kiçik biznes üçün əlavə vaxt və təşkilati xərc deməkdir. Əslində, ən rahat yol ödənişlərin POS-terminal və kassa vasitəsilə rəsmiləşdirilməsidir, lakin bu imkanlar sahibkar üçün əlçatan və praktik olmalıdır”.
“Vergidən yayınma ilə adət olunan gündəlik köçürmələr eyni tutulmamalıdır”
Ç.Ağayeva kartdan-karta ödənişlərin bəzi bizneslərdə vergidən yayınma vasitəsinə çevrildiyini təsdiqləyərək bildirib ki, mağazada “POS-terminal işləmir, karta göndərin” deyilib satışın kassa sistemindən gizlədilməsinin qarşısı mütləq alınmalıdır. Çünki bu hal kölgə iqtisadiyyatını yaradır və vergi ödəyən dürüst sahibkarın rəqabət imkanlarını zədələyir.
Lakin ekspert vurğulayıb ki, bir mağazanın satışını kartdan-karta qəbul etməsi ilə valideynin övladına pul göndərməsini eyni qaydada qiymətləndirmək olmaz: “Əsas məsələ köçürmənin sayından çox, onun hansı məqsədlə həyata keçirilməsidir. Nəzarət mexanizmləri də bu fərqi mütləq nəzərə almalıdır.”
Kartların sayı artır, amma nağdsız ödənişlərin həcmi azalır
Ekspert Mərkəzi Bankın rəsmi statistik göstəricilərinə də diqqət çəkib. O bildirib ki, ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 2026-cı ilin iyulunda 9 milyard 712 milyon manat olduğu halda, avqustda 8 milyard 888 milyon manata düşüb. Yəni bir ay ərzində 824 milyon manatlıq (8,5%) azalma qeydə alınıb. Eyni zamanda, dövriyyədə olan ödəniş kartlarının sayı 189 min ədəd artaraq 22 milyon 974 minə çatıb.
“Yəni kartların sayı artır, amma nağdsız ödənişlərin aylıq həcmi azalır. Əlbəttə, bu azalmanın birbaşa yeni limitlərlə bağlı olduğunu iddia etmək olmaz, mövsümi amillər də rol oynayır. Lakin yeni mədaxil qaydalarının məhz avqustun 1-dən tətbiq olunmağa başlaması bu dinamikanın araşdırılmasını vacib edir. Çünki nağdsız ödənişlərin inkişafı yalnız insanlarda kartın olması demək deyil, əsas məsələ həmin kartlardan rahat və aktiv istifadə edilməsidir"., -dəyə, o bildirib.
“Balans elə qurulmalıdır ki, etimad azalmasın”
Çinarə Ağayeva açıqlamasının sonunda qeyd edib ki, banklar müştərinin yalnız neçə köçürmə etdiyinə deyil, əməliyyatların xarakterinə və fəaliyyətinin xüsusiyyətlərinə diqqət yetirməlidir: “Maliyyə nəzarətinin məqsədi vətəndaşın pul köçürməsini çətinləşdirmək və ya sahibkarın işinə maneə olmaq deyil. Məqsəd vergidən yayınmanın qarşısını almaq, şəffaflığı artırmaq və insanlara bank sistemindən rahat istifadə imkanı yaratmaqdır. Vətəndaşın nağdsız ödənişə etimadı azalmamalı, sahibkar qanuni fəaliyyətinə görə əlavə maneələrlə üzləşməməlidir. Maliyyə təhlükəsizliyi ilə rahat ödəniş imkanları arasında balans məhz bu prinsiplə qurulmalıdır”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər