Menu

MƏKTƏBLƏRDƏ TELEFON İSTİFADƏSİ MƏHDUDLAŞDIRILACAQ? - Qaydalar sərtləşdirilə bilər

03.10.2026, 09:32
MƏKTƏBLƏRDƏ TELEFON İSTİFADƏSİ MƏHDUDLAŞDIRILACAQ? - Qaydalar sərtləşdirilə bilər

Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi son illərdə həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında müzakirə olunan məsələlərdəndir. Telefonların dərs zamanı diqqəti yayındırması ilə yanaşı, onların tədris məqsədilə istifadə oluna biləcəyi də bildirilir. Bir sıra ölkələrdə məktəblərdə telefon istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilir.

Azərbaycanda da şagirdlərin dərs zamanı mobil telefon istifadəsinə məhdudiyyət qoyulması məsələsi gündəmə gələ bilərmi? Telefonlardan tədris prosesində faydalı vasitə kimi necə istifadə etmək mümkündür?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “AzPolitika”ya açıqlamasında bildirib ki, hazırda dünyanın əksər ölkələrində mobil telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilir. Türkiyə, Rusiya və digər ölkələrdə də bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.

Ekspertin sözlərinə görə, Azərbaycanda da şagird davranış qaydalarında mobil telefonlardan istifadə ilə bağlı müvafiq müddəalar öz əksini tapıb: “Həmin qaydalara əsasən, şagirdlər auditoriyaya daxil olduqda mobil telefonlarını təhvil verməli və dərs zamanı onlardan istifadə etməməlidirlər. Mobil telefonların tədris prosesində istifadəsi şagirdlərin bilik və bacarıqlarının formalaşmasına maneə yarada bilər. Bu baxımdan, telefonlardan istifadəyə nəzarətin həyata keçirilməsi də asan məsələ deyil. Hesab edirəm ki, ən optimal variant mobil telefonların dərs başlamazdan əvvəl şagirdlərdən götürülməsidir. Onlar yalnız tədris prosesi başa çatdıqdan sonra telefonlarından istifadə edə bilərlər”.

Ekspert qeyd edib ki, son dövrlərdə şagirdlərin mobil telefonlardan, xüsusilə də ağıllı telefonlardan həddindən artıq istifadəsi, sosial platformalarda vaxt keçirməsi və süni intellekt tətbiqlərindən nəzarətsiz yararlanması onların nitq və digər bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər: “Bu tendensiyanı müsbət istiqamətdə dəyişmək mümkündür. Bunun üçün şagirdlərin süni intellekt platformalarından əyləncə məqsədilə deyil, bilik və bacarıqlarının inkişafı üçün səmərəli istifadəsinə şərait yaradılmalıdır. Bunu etmək mümkündür, lakin proses o qədər də asan deyil. Burada məktəb-valideyn əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Məhz birgə fəaliyyət, şagirdlərlə düzgün işin qurulması, maarifləndirmə və təbliğat işinin düzgün aparılması nəticəsində gələcəkdə şagirdlərin ağıllı telefonlardan asılılığını azaltmaq və texnoloji vasitələr, o cümlədən süni intellektin imkanlarından daha səmərəli istifadə etmələrinə şərait yaratmaq olar”.

Oğuz Ayvaz

“AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol