İsmət Məmmədov: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tikilən obyektlər gələcək nəsillərin yaşayacağı və istifadə edəcəyi infrastrukturdur”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri artıq ayrı-ayrı tikinti layihələrinin icrasından daha böyük mərhələyə keçib. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar, mühəndis kommunikasiyaları və digər infrastruktur obyektləri yaradılır.
Lakin bu prosesdə yalnız “nə qədər tikilir?” sualı deyil, “necə tikilir?” sualı da xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün inşa olunan obyektlər yalnız cari ehtiyacları qarşılamaq üçün deyil, uzun illər ərzində insanların yaşayacağı və istifadə edəcəyi infrastruktur kimi formalaşdırılır.
Bu baxımdan 30 ildən artıq mühəndislik, tikinti və texniki nəzarət təcrübəsinə malik mütəxəssis İsmət Məmmədovun fikirləri diqqət çəkir.
İsmət Məmmədov 2014–2019-cu illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda texniki nəzarətçi və baş texniki nəzarətçi kimi çalışıb. Onun peşəkar fəaliyyətində xüsusi yer tutan layihələrdən biri isə 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən bərpa işləridir. Mütəxəssis həmin layihədə baş texniki nəzarətçi kimi fəaliyyət göstərib.
Cocuq Mərcanlının bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihə çərçivəsində yaşayış evləri, məktəb, yol, enerji, qaz və içməli su infrastrukturu, eləcə də digər sosial obyektlər yaradılıb.

İsmət Məmmədov hesab edir ki, böyük tikinti layihələrində əsas məqsəd yalnız işlərin mümkün qədər tez başa çatdırılması olmamalıdır: “Biz bu gün çox qürurluyuq. Ona görə ki, Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın müddətdə erməni tapdağı altında qalan doğma torpaqlarımızı azad etdi. Bu gün işğaldan azad edilmiş dədə-baba yurdlarımız yenidən qurulur, insanlarımızın qayıdışı təmin olunur. Qısa müddətdə görülən işlər həqiqətən də alqışa layiqdir.
Tikintidə sürət vacib göstəricidir, lakin sürət keyfiyyətin hesabına əldə edilməməlidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda bu gün inşa etdiyimiz obyektlər gələcək onilliklər ərzində insanların yaşayacağı və istifadə edəcəyi infrastrukturdur. Ona görə də əsas meyar yalnız obyektin nə vaxt başa çatdırılması deyil, onun necə tikilməsi və gələcəkdə necə xidmət göstərə bilməsidir”.
Mütəxəssisin sözlərinə görə, iri layihələrdə vaxt, maliyyə və resursların səmərəli idarə olunması ilə keyfiyyət təminatı bir-birinə zidd anlayışlar kimi qəbul edilməməlidir. Əksinə, tikintinin ilkin mərhələlərində düzgün texniki nəzarətin həyata keçirilməsi sonradan yarana biləcək qüsurların və əlavə xərclərin qarşısının alınmasına imkan verə bilər.
İsmət Məmmədov texniki nəzarətin mahiyyətinin bəzən yanlış başa düşüldüyünü bildirir. Onun sözlərinə görə, texniki nəzarət yalnız tikinti başa çatdıqdan sonra obyektə baxış keçirməkdən ibarət deyil: “Texniki nəzarət tikintinin son mərhələsində başlayan proses deyil. Keyfiyyətin təminatı layihələndirmədən başlayır. Bünövrənin hazırlanmasından konstruktiv elementlərin qurulmasına, mühəndis kommunikasiyalarından son tamamlama işlərinə qədər hər mərhələdə texniki nəzarət aparılmalıdır”.
Mütəxəssisin fikrincə, tikintinin hər mərhələsinin özünəməxsus texniki riskləri var. Bu risklər vaxtında müəyyən edilmədikdə sonradan onların aradan qaldırılması həm texniki, həm də maliyyə baxımından daha çətin olur.
“Tikintidə elə mərhələlər var ki, iş başa çatdıqdan sonra onun əvvəlki vəziyyətini vizual şəkildə yoxlamaq mümkün olmur. Buna görə həmin mərhələlərdə texniki nəzarət xüsusilə məsuliyyətlidir. Sonradan örtüləcək konstruksiya və kommunikasiyaların vəziyyəti vaxtında qiymətləndirilməli və sənədləşdirilməlidir”, - deyə İ.Məmmədov vurğulayır.
İsmət Məmmədovun peşəkar fəaliyyətində xüsusi yer tutan Cocuq Mərcanlı layihəsi onun üçün həm mühəndislik, həm də şəxsi baxımdan əhəmiyyətlidir.
“Cocuq Mərcanlı mənim üçün adi tikinti layihəsi olmayıb. Orada bərpa prosesinin mühəndislik tərəfini bilavasitə görmək və texniki nəzarət baxımından məsuliyyət daşımaq imkanım olub. Bu təcrübə mənə bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərdə tikinti yalnız texniki məsələ deyil, həm də gələcəyin yaşayış mühitinin yaradılmasıdır”, - deyə o bildirib.
Mütəxəssis hesab edir ki, bu gün həyata keçirilən layihələrə yalnız onların istifadəyə verildiyi tarix və tikinti həcmi baxımından yanaşmaq düzgün deyil: “Bu gün tikilən obyektin keyfiyyətini yalnız onun istifadəyə verildiyi gün qiymətləndirmək olmaz. Əsl qiymətləndirmə həmin obyektin 10, 20, 30 il sonra necə xidmət göstərməsi ilə bağlı olacaq. Ona görə tikinti qərarlarının uzunmüddətli nəticələri əvvəlcədən nəzərə alınmalıdır.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesi uzunmüddətli xarakter daşıyır. Yeni yaşayış məkanlarının yaradılması, insanların doğma yurdlarına qayıdışının təmin edilməsi və regionda iqtisadi fəaliyyətin formalaşdırılması üçün müasir və dayanıqlı infrastruktur əsas şərtlərdən biridir.
Bu baxımdan tikinti layihələrinin yalnız sayı, sahəsi və icra müddəti onların nəticəsini tam xarakterizə etmir. Layihələrin texniki tələblərə uyğunluğu, istifadə olunan materialların keyfiyyəti, konstruktiv həllərin düzgünlüyü, mühəndis kommunikasiyalarının etibarlılığı və texniki nəzarətin effektivliyi də mühüm göstəricilərdir.
Məsələnin mahiyyəti sadədir: Qarabağ və Şərqi Zəngəzurda bu gün tikilən obyektlər yalnız bu gün üçün deyil. Onlar Böyük Qayıdışın maddi və mühəndislik təməlini təşkil edən gələcək yaşayış məkanlarıdır.
Bu səbəbdən həmin obyektlərin uğuru yalnız tikintinin vaxtında başa çatdırılması ilə deyil, gələcək nəsillərə nə dərəcədə etibarlı, keyfiyyətli və dayanıqlı infrastruktur ötürülməsi ilə ölçülməlidir".
G. İsmayıllı
"AzPolitika.info"


Şərhlər