Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatının qarşıdakı illər üçün artım proqnozlarını azaldıb. Oktyabrın 13-də dərc olunan BVF-nin “Dünya İqtisadiyyatının Perspektivləri” adlı yeni hesabatına əsasən, qurum Rusiyanın ÜDM artım templərini aşağı salmaqla yanaşı, qlobal iqtisadiyyat üzrə artım proqnozunu bir qədər yüksəldib.
Fond Rusiya iqtisadiyyatının 2026 və 2027-ci illər üçün artım proqnozunu əvvəlki 1,1%-dən 0,9%-ə endirib.
BVF qeyd edir ki, Ukraynanın neft infrastrukturuna endirdiyi zərbələr nəticəsində tədarüklərdə azalmalar yaşansa da, yüksək enerji qiymətləri Rusiya iqtisadiyyatını hələ də müəyyən dərəcədə dəstəkləyir. Bundan əlavə, artan hərbi xərclər neqativ iqtisadi şərtləri qismən kompensasiya edir.
Digər beynəlxalq və yerli qurumların proqnozları da Rusiya iqtisadiyyatında zəifləmə tendensiyasını göstərir Məsələn, Dünya Bankı 2026-cı ildə 0,8%, 2027–2028-ci illərdə isə 0,7% artım gözləyir. Rusiya İqtisadi İnkişaf Nazirliyi isə 2026-cı ildə 0,6%, 2027-ci ildə 1,4% artım proqnozlaşdırır. Rusiya Mərkəzi Bankına gəldikdə, qurum müvafiq olaraq 0–1% və 1,5–2,5% artım proqnozuna malikdir.
BVF qlobal iqtisadiyyatın 2026-cı il üçün artım proqnozunu 3%-dən 3,1%-ə yüksəltmişdir. 2027-ci ildə isə qlobal artımın 3,4%-ə çatacəyi gözlənilir. Lakin fond Yaxın Şərqdəki müharibə, yüksək enerji qiymətləri və artan dövlət borcları ilə bağlı risklərin qaldığını xəbərdar edir.
BVF-nin proqnozuna görə, 2026-cı ildə qlobal inflyasiya 4,7% təşkil edəcək. Qiymətlərin artmasında əsas rolu neft, qaz və ərzağın bahalaşması oynayır. Qlobal iqtisadi aktivliyi dəstəkləyən əsas istiqamətlərdən biri kimi süni intellektə (Sİ) edilən investisiyalar göstərilir. Bu, xüsusilə ABŞ və texnoloji avadanlıq istehsal edən ölkələrdə iqtisadi aktivliyi stimullaşdırır, lakin enerji idxalından asılı olan dövlətlər əlavə xərclərlə üzləşirlər.
ABŞ iqtisadiyyatının həm 2026, həm də 2027-ci ildə 2,3% böyüməsi gözlənilir. Çin iqtisadiyyatının 2026-cı ildə 4,5%, Hindistanın isə təxminən 7% artacağı proqnozlaşdırılır.
Hesabatda Yaxın Şərqdəki hərbi qarşıdurmaların bölgə iqtisadiyyatına vurduğu zərbələrə xüsusi diqqət çəkilib. Məsələn, İranda ÜDM-in 2026-cı ildə 5,4% azalacağı proqnozlaşdırılır. İraq, Küveyt və Qətər də enerji hasilatı və nəqletmədə yaranan fasilələr səbəbindən ciddi təzyiqlərlə üzləşirlər. BVF xəbərdarlıq edir ki, münaqişənin daha da eskalasiyası və neft tədarükündə yeni fasilələr qlobal inflyasiyanın sürətlənməsinə və iqtisadi artımın yavaşımasına səbəb ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər