Böyük Britaniyanın daxili kəşfiyyat xidməti MI5-in rəhbəri Ken Makkallum ölkənin təhlükəsizlik vəziyyətinə dair illik hesabat və hesabat xarakterli çıxışında diqqətçəkən açıqlamalar verib.
Kəşfiyyat şefi bildirib ki, Rusiya Qərb müttəfiqlərinə qarşı hibrid müharibənin miqyasını dayanmadan genişləndirir və beynəlxalq təhlükəsizlik üçün "1 nömrəli təcavüzkar" olaraq qalır.
Makkallum çıxışında son onillik ərzində Böyük Britaniyaya qarşı yönələn təhlükələrin dörd dəfə artdığını vurğulayıb. Onun sözlərinə görə, MI5 yaranmış təhdidlərin qarşısını almaq üçün hazırda hətta "soyuq müharibə" dövründəkindən daha çox resurs və səfərbərlik tələb edən əməliyyatlar həyata keçirir.
Kəşfiyyat rəhbəri Avropanın müxtəlif nöqtələrində qeydə alınan təhlükəli insidentlərin təsadüfi olmadığını qeyd edib. Misal olaraq:
-Leyptsiq hava limanında yük təyyarəsinə qarşı pilotsuz uçuş aparatından istifadə etməklə törədilməyə cəhd edilən təxribat;
-Polşada lkənin həyati vacib energetika infrastrukturuna istiqamətlənmiş kiberhücumlar.
Makkallum qeyd edib ki, Rusiya Ukraynadakı hərbi planlarının uğursuzluğa düçar olması və bu müharibənin ölkə üçün yaratdığı astronomik maliyyə-hərbi yük fonunda Avropadakı vəziyyəti məqsədli şəkildə qarışdırmağa çalışır.
Hesabatda yalnız Rusiya deyil, həmçinin İranın fəaliyyətinə də geniş yer ayrılıb. MI5 rəhbəri son bir ildə İran xüsusi xidmət orqanları ilə əlaqəli şəbəkələrə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 50-dən çox adamın həbs olunduğunu bildirib. Tehranın hərbi obyektlər kimi daha qorunan və həssas hədəflərə zərbə endirmək istiqamətində ciddi strategiya dəyişikliyinə getdiyi vurğulanıb.
Çıxışın digər mühüm hissəsi isə qabaqcıl texnologiyalara həsr olunub. Ken Makkallum süni intellektin (AI) qeyri-qanuni məqsədlərlə istifadə olunmasının, xüsusilə də terror qruplaşmalarının bu texnologiyalar vasitəsilə bioloji silah və ya yeni ölümcül patogenlər yaratmaq ehtimalının kəşfiyyat üçün ən böyük narahatlıq mənbələrindən biri olduğunu bəyan edib.
Qərbin kəşfiyyat qurumlarının açıqladığı bu sərt ittihamlara qarşı Moskva və Tehran rəsmi səviyyədə mövqe bildiriblər. Rusiya tərəfi Avropadakı (xüsusilə Almaniyadakı) təxribatlarla əlaqəsini tamamilə rədd edərək ittihamları "qondarma və tamamilə uydurma" adlandırıb.
İran hakimiyyəti də Britaniya ərazisindəki hərbi bazalar və dissidentlərə qarşı hər hansı qeyri-qanuni fəaliyyətdə iştirak etdiklərini qəti şəkildə təkzib edib.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər