Rəsul Mirhəşimli
Dünyanın siyasi xəritəsinə nəzər salanda qəribə mənzərə ilə qarşılaşırıq. Avropada Rusiya-Ukrayna müharibəsi davam edir, Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurması və İran ətrafında yaranan gərginlik regional sərhədləri çoxdan keçib.
İlk baxışda bunların hər biri ayrı-ayrı hadisələrdir. Ukrayna məsələsinin öz tarixi, Yaxın Şərqin öz mürəkkəbliyi, Tayvan probleminin isə tamamilə fərqli siyasi və hüquqi əsasları var. Ancaq hadisələrə bir qədər yuxarıdan baxanda onların arasında ciddi bir əlaqənin olduğu görünür. Dünyanın müxtəlif bölgələrində eyni vaxtda böhranların meydana çıxması təsadüfi proses deyil. Bunun arxasında qlobal güc balansının dəyişməsi və İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq sistemin əvvəlki kimi işləməməsi dayanır.
Əslində, dünya yeni bir düzənə keçid dövrünü yaşayır. Köhnə sistem hələ tam sıradan çıxmayıb, yeni sistem isə hələ öz qaydalarını formalaşdırmayıb. Məhz belə keçid mərhələləri tarixdə ən çox qeyri-müəyyənlik və risk yaradan dövrlər hesab olunur. Çünki güclərin maraqları dəyişir, əvvəlki razılaşmaların əhəmiyyəti azalır, yeni güc mərkəzləri meydana çıxır və hər bir dövlət öz təhlükəsizliyi üçün daha çox manevr etməyə çalışır.
Köhnə dünya nizamı niyə artıq əvvəlki kimi işləmir?
İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistemin əsas xüsusiyyəti ABŞ-ın iqtisadi, hərbi və siyasi üstünlüyü idi. Soyuq müharibə dövründə dünya iki əsas düşərgəyə bölünsə də, SSRİ-nin dağılmasından sonra bu sistem faktiki olaraq birqütblü mərhələyə keçdi. ABŞ uzun müddət dünyanın əsas siyasi, hərbi və maliyyə gücü olaraq beynəlxalq proseslərə istiqamət verə bildi.
Lakin son iyirmi ildə vəziyyət ciddi şəkildə dəyişib. Çin nəhəng iqtisadi və texnoloji gücə çevrilib, Rusiya hərbi-siyasi imkanlarını qoruyaraq öz təsir dairəsini genişləndirməyə çalışır, Hindistan qlobal güc statusuna doğru irəliləyir. Türkiyə, Səudiyyə Ərəbistanı, İran və digər regional oyunçular da artıq böyük güclərin qərarlarını yalnız gözləyən tərəflər kimi davranmırlar.
Bu dəyişiklik dünya siyasətində çoxqütblülüyü gücləndirib. Lakin çoxqütblülük avtomatik olaraq sabitlik yaratmır. Əksinə, birqütblü sistemdən çoxqütblü sistemə keçid dövründə ən böyük problem müxtəlif güc mərkəzlərinin bir-birinin niyyətlərini necə qiymətləndirməsidir. Bir tərəfin çəkindirmə məqsədilə atdığı addım digər tərəf üçün təhlükə siqnalına çevrilə bilər və beləliklə, böhran sürətlə dərinləşə bilər.
Müasir dünyada əsas problem yalnız güclərin çoxalması deyil. Əsas problem həmin güclər arasında yeni qaydaların hələ tam müəyyənləşməməsidir.
Ukrayna müharibəsi əslində nə uğrunda gedir?
Rusiya-Ukrayna müharibəsini yalnız iki ölkə arasındakı ərazi münaqişəsi kimi təqdim etmək bu savaşın geosiyasi miqyasını izah etməyə kifayət etmir. Müharibə eyni zamanda Rusiyanın Avropadakı gələcək rolunun, NATO-nun imkanlarının və ABŞ-ın Avropa təhlükəsizliyindəki mövqeyinin sınağına çevrilib.
Moskva Ukraynada hərbi məqsədlərlə yanaşı, özünün böyük güc statusunu qorumaq və Qərbin hərbi-siyasi təsirinin Rusiya sərhədlərinə qədər genişlənməsinin qarşısını almaq istəyir. Qərb üçün isə məsələ Ukraynanın ərazi bütövlüyündən daha geniş məna daşıyır. Burada əsas suallardan biri Rusiyanın Avropanın təhlükəsizlik arxitekturasını zor yolu ilə dəyişməsinə imkan verilib-verilməyəcəyidir.
Ona görə də Ukrayna cəbhəsindəki hadisələr yalnız Kiyev və Moskvanın gələcəyini müəyyənləşdirmir. Müharibənin nəticələri NATO-nun gələcək strategiyasına, Avropanın müdafiə siyasətinə, ABŞ-ın qitədəki roluna və hətta Avropa dövlətlərinin öz təhlükəsizliklərini nə qədər müstəqil təmin edə biləcəyinə təsir göstərəcək.
Bu baxımdan, Ukrayna müharibəsi köhnə Avropa təhlükəsizlik sisteminin böhranıdır.
Yaxın Şərqdə münaqişələr niyə bitmir?
Yaxın Şərqdəki proseslərin arxasında da yalnız dini və etnik ziddiyyətlər axtarmaq düzgün olmazdı. Region uzun illərdir böyük güclərin və regional oyunçuların maraqlarının toqquşduğu məkan olaraq qalır. İsrailin təhlükəsizlik siyasəti, İranın regional təsir imkanları, Türkiyənin artan rolu, Körfəz ölkələrinin yeni xarici siyasət kursu və ABŞ-ın regiondakı maraqları bir-biri ilə sıx bağlıdır.
Fələstin məsələsi bu mürəkkəb sistemin ən həssas nöqtələrindən biridir. Lakin son illərdə regionda baş verənlər göstərir ki, Yaxın Şərq artıq yalnız İsrail-Fələstin qarşıdurması ilə izah edilə bilməz. İran və İsrail arasındakı qarşıdurma, Suriyadakı dəyişikliklər, Livan və İraq ətrafındakı proseslər, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Körfəz ölkələrinin öz təhlükəsizliklərini yenidən nəzərdən keçirməsi bütöv bir regional sistemin transformasiyasından xəbər verir.
Yaxın Şərqi dünya üçün xüsusilə əhəmiyyətli edən isə regionun enerji və nəqliyyat baxımından strateji mövqeyidir. Burada baş verən hərbi qarşıdurma bir neçə gün ərzində neft və qaz bazarlarına, dəniz daşımalarına, sığorta qiymətlərinə və qlobal inflyasiyaya təsir göstərə bilir. Bu səbəbdən, Yaxın Şərqdəki böhran nə qədər lokal görünsə də, onun nəticələri qlobal olur.
Böhranların ortaq səbəbi nədir?
Ukrayna, Yaxın Şərq, münaqişə gedən başqa bölgələri bir xətt üzərində birləşdirən əsas amil qlobal güc balansının dəyişməsidir. ABŞ əvvəlki kimi bütün prosesləri təkbaşına müəyyənləşdirə bilmir, Çin öz iqtisadi gücünü siyasi və hərbi imkanlara çevirməyə çalışır, Rusiya itirdiyi təsir zonalarını bərpa etmək istəyir, regional güclər isə daha müstəqil xarici siyasət yürüdürlər.
Bu prosesin ən mühüm nəticələrindən biri odur ki, əvvəllər böyük dövlətlər arasında razılaşdırılan məsələlər indi daha çox iştirakçının maraqlarından asılıdır. Vaşinqton və Moskvanın razılaşması artıq bir çox regional problemin həlli üçün kifayət etmir. Ankara, Pekin, Tehran, Ər-Riyad, Dehli və Brüssel kimi mərkəzlərin də hesablamaları nəzərə alınmalıdır.
Bu, diplomatiyanı çətinləşdirir. Çünki maraqların sayı artdıqca kompromis tapmaq da mürəkkəbləşir.
Müharibələr artıq yalnız cəbhədə aparılmır
İndiki geosiyasi qarşıdurmaların daha bir mühüm xüsusiyyəti ondan ibarətdir ki, müharibə anlayışı dəyişib. İqtisadi sanksiyalar, enerji təzyiqi, texnologiyaya çıxışın məhdudlaşdırılması, informasiya müharibəsi, kibertəhlükəsizlik və nəqliyyat marşrutlarına nəzarət də dövlətlərin rəqabət alətlərinə çevrilib.
Bu baxımdan, Ukrayna müharibəsi yalnız tankların qarşı-qarşıya gəldiyi cəbhə deyil. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, Rusiyanın enerji siyasəti, Avropanın alternativ enerji mənbələri axtarması və yeni logistika marşrutlarının formalaşması müharibənin iqtisadi cəbhəsini təşkil edir.
Eyni mənzərə Yaxın Şərqdə də görünür. Bir boğazın təhlükəsizliyi və ya bir dəniz yolunun bağlanması dünyanın müxtəlif ölkələrində qiymətlərin dəyişməsinə səbəb ola bilər. Tayvanda isə texnologiya və yarımkeçiricilər uğrunda mübarizə göstərir ki, XXI əsrin geosiyasi rəqabətində iqtisadi üstünlük hərbi üstünlük qədər vacibdir.
Bu səbəbdən, gələcəyin müharibələrini yalnız hərbi xəritələr üzərindən oxumaq mümkün olmayacaq.
Ən təhlükəli mərhələ - Keçid dövrü
Tarix göstərir ki, beynəlxalq sistemlər bir gündə dəyişmir. Əvvəlcə mövcud balans zəifləyir, sonra yeni güclər meydana çıxır, daha sonra isə onların arasında yeni qaydalar uğrunda mübarizə başlayır. Hazırda dünya məhz belə bir mərhələdən keçir.
Ən təhlükəli məqam isə böyük dövlətlərin bir-birinin gücünü və niyyətlərini yanlış qiymətləndirməsidir. Bir dövlətin çəkindirmə məqsədi ilə etdiyi hərbi addım digəri tərəfindən hücum hazırlığı kimi qəbul edilə bilər. Diplomatik kanallar zəiflədikcə yanlış hesablamaların qiyməti də artır.
Ona görə də dünyada baş verən hər böhranı yeni dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz. Amma eyni zamanda müxtəlif bölgələrdəki böhranların bir-birindən tamamilə ayrı olduğunu düşünmək də ciddi yanlışlıq olar.
Çünki onların hamısının arxasında daha böyük proses dayanır, qlobal güc nisbəti dəyişir və yeni nizam hələ tam formalaşmayıb.
Yeni dünya necə olacaq?
Bəlkə də bu gün cavabı ən çətin sual budur. ABŞ öz liderliyini hansı formada qoruyacaq? Çin qlobal sistemdə nə qədər böyük rol əldə edəcək? Rusiya öz təsir imkanlarını hansı səviyyədə saxlaya biləcək? Türkiyə və digər regional güclər böyük dövlətlər arasında necə manevr edəcək? Avropa ABŞ-dan nə qədər müstəqil təhlükəsizlik siyasəti qura biləcək?
Bu sualların heç birinin hazırda qəti cavabı yoxdur.
Ancaq bir reallıq artıq göz qabağındadır: dünya əvvəlki kimi bir neçə böyük dövlətin qərarları ilə idarə olunan sistemdən daha mürəkkəb bir quruluşa keçir. Bu prosesdə Azərbaycan kimi geosiyasi mövqeyi, enerji resursları və nəqliyyat imkanları olan ölkələrin əhəmiyyəti də artır.
Çünki yeni dünya düzənində coğrafiya yenidən böyük siyasətin əsas alətlərindən birinə çevrilir. Enerji mənbəyinə, nəqliyyat dəhlizinə, dənizə, sərhədə və strateji keçidlərə sahib olmaq artıq yalnız iqtisadi üstünlük deyil, siyasi kapitaldır.
Bu səbəbdən, müasir dünyada əsas sual “növbəti böhran harada başlayacaq?” deyil. Əsas sual budur, bu böhranlar başa çatdıqdan sonra dünya hansı qaydalarla yaşayacaq?
Ukrayna, Yaxın Şərq, Tayvan və Qafqazda baş verənlər əslində həmin sualın müxtəlif cavab variantlarının mübarizəsidir. Bir tərəfdə mövcud beynəlxalq sistemin qorunması cəhdi, digər tərəfdə isə yeni güc mərkəzlərinin daha çox söz sahibi olmaq tələbi dayanır.
Dünya ona görə eyni vaxtda bu qədər çox böhran yaşamır ki, bütün dövlətlər birdən-birə müharibə etmək qərarına gəliblər. Əsas səbəb daha dərindir, köhnə dünya nizamı öz əvvəlki gücünü itirir, yeni dünya nizamı isə hələ yaranmayıb.
Tarixin ən riskli dövrləri də məhz belə olur. Köhnə qaydalar artıq kifayət etmir, yeni qaydalar isə hələ qəbul edilməyib. Bu keçidin müharibələrlə, yoxsa diplomatik razılaşmalarla başa çatacağını isə böyük dövlətlərin növbəti illərdə verəcəyi qərarlar müəyyən edəcək.


Şərhlər