Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarixi, təbiəti və mədəniyyəti ilə seçilən gözəl Şuşa şəhərində qeyd etməkdən məmnun oldum.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb.
"Altı il əvvəl qardaşım İlhamın qətiyyətli rəhbərliyi altında birləşən Azərbaycan xalqı Qarabağı böyük qəhrəmanlıqla azad etdi.
Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün türk dünyası üçün qürur mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən Müharibəsi yolu ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövr açdı.
Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır.
Biz Azərbaycanın ədalətli mübarizəsini və bölgəmizdə davamlı sülh yaratmaq üçün səmimi səylərini dəstəkləyirik.
Azərbaycanın Qarabağı yenidən qurmaq və bölgəni əvvəlki canlılığına qaytarmaq səylərini yüksək qiymətləndiririk.
Qarabağda yenidən alovlanan hər ocaq, ucaldılan hər tikili və dirçəldilən hər tarixi irs Azərbaycan xalqının gələcəyə inamını nümayiş etdirir.
İnşallah, təcrübəmizi bölüşməyə və bu istiqamətdə aparılan yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik", - Türkiyə Prezidenti qeyd edib.





Şərhlər