Menu

“Elnur Seyidovun həyatına təhlükə var"

27.11.2013, 21:08
“Elnur Seyidovun həyatına təhlükə var"

AXCP sədrinin qaynı Bakı İstintaq Təcridxanasına köçürülüb

AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.

Elnur Seyidov 2012-ci ilin mart ayından həbsdədir və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il yarım azadlıqdan məhrum edilib. İstintaqı MTN aparıb. Elnur Seyidov dələduzluqda, vəzifə saxtakarlığında təqsirli bilinib. Hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Fəxrəddin Mehdiyev noyabrın 27-də Elnur Seyidovla görüşüb. Onun sözlərinə görə, keçmiş bankir kamerada üç nəfərlə birlikdə saxlanılır: “Elnur Seyidovun səhhəti ağırdır, həyatına təhlükə var. Onun tibb məntəqəsinə köçürülməsi üçün müraciət etmişik. Təcridxana rəhbərliyi deyib ki, sənədləri təqdim edin, müraciətə xəstəlik tarixçəsi ilə bir yerdə baxaq”.

Vəkil qeyd edib ki, “Texnikabank” işi üzrə təqsirləndirilən digər şəxslər də MTN-dən Bakı İstintaq Təcridxanasına köçürülüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol