Parisdə vəzifəmizi yerinə yetirdik. İndi dünya liderlərindən Dəməşq və Qəzzadakı insan qətliamı qarşısında da eyni həmrəyliyi göstərməyi gözləyirik və bu, bizim haqqımızdır.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Parisdə keçirilən həmrəylik yürüşündən sonra ölkəsinin Fransa paytaxtındakı səfirliyində keçirdiyi mətbuat konfransında bəyan edib.
Parisdəki aksiyanın dərin məna və əhəmiyyətli mesajlar ehtiva etdiyini qeyd edən Ə.Davudoğlu Türkiyənin bu tədbirdə iştirakının böyük əhəmiyyət daşıdığını bildirib: "Keçmişdə böyük terror zərbələri almış bir ölkə olaraq, terror fəaliyyətinə qarşı Suriya, Fələstin və ya terrora məruz qalmış digər ölkələrdə səsimizi bundan sonra da yüksəltməyə davam edəcəyik. Biz Qəzzaya, Madridə, Londona, Norveçə edilən terror hücumlarında da səsimizi eyni şəkildə qaldırmışdıq.
Bu mitinqdə iştirakımız qlobal mesaj idi. Bizim üçün terrorun rəngi, irqi və dini yoxdur!"
Türkiyənin hökumət başçısı dünya ictimaiyyətini Avropadakı məscid hücumlarına qarşı da həssas olmağa çağırıb.

Şərhlər