Menu

Abutalıbov dayanacaqları oğluna arendaya verib

29.11.2013, 10:54
Abutalıbov dayanacaqları oğluna arendaya verib

Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağını oğlu Israfil Abutalıbovun şirkətinə icarəyə verib.

Bu barədə məlumat virtualaz.org saytına mötəbər qaynaqdan daxil olub.

Saytın yazdığına görə, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi bu yaxınlarda başa çatıb. Mənbədən şirkətin adını öyrənmək mümkün olmayıb.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov şəhərdə tikilən yeraltı dayanacaqlarda qiymətlərin yüksək olması barədə şikayətlərə cavab olaraq sayta bildirib ki, qiymətləri onlar yox, dayanacaqları icarəyə götürüb işlədən sahibkarlar müəyyən edir. N.Həsənov Azadlıq meydanının altındakı yeraltı dayanacağın da özəl sahibkara icarəyə verildiyini deyib, lakin şirkətin adını açıqlamayıb.

Sayta məlumat verən mənbə bildirib ki, dayanacağın Abutalıbovun oğluna verilməsini merin “Qış parkı” layihəsini uğurla başa çatdırmasının əvəzində bir növ “mükafat” da saymaq olar.

Yada salaq ki, H.Abutalıbovun oğlu Israfil Abutalıbovun adı mətbuatda dəfələrlə gündəmə gəlib. Birinci səbəb onun deyildiyi kimi, vəhhabi təriqətinə qoşulması, ikincisi isə bir iş adamının icarəyə götürdüyü obyekti onun əlindən zorla alması mövzusuna görə.

Səslənən fikirlərə aydınlıq gətirmək üçün BŞIH-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, gün ərzində zənglərimizə cavab verən olmadı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol