QHT rəhbəri ilk görüşünə keçmiş sədri ilə başladı

Bir müddət əvvəl dövlət qeydiyyatından keçmiş “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri, tanınmış jurnalist Elxan Şükürlü bu gün Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovla görüşüb.

Görüşün məqsədi haqda “AzPolitika”ya açıqlama verən E.Şükürlü bildirib ki, rəhbərlik etdiyi təşkilatın illik fəaliyyət planında 2015-ci ilin parlament seçkilərinədək bir sıra partiya, ictimai təşkilat və ayrı-ayrı nüfuzlu şəxslərlə görüşərək, onların ölkənin problemlərinə baxışda mövqelərini, rəy və təkilflərini öyrənmək və yekunda analitik hesabatlar hazırlayıb cəmiyyətə, aidiyyəti dövlət qurumlarına təqdim etmək nəzərdə tutulur: “Bu praktika xaricdə ayrı-ayrı “beyin mərkəzləri” tərəfindən tətbiq olunsa da, Azərbaycanda yoxdur. Bizdə hər bir siyasi və ya ictimai təşkilat əksər hallarda öz siyasi, yaxud  qrup maraqlarından çıxış etdiyindən, bəzən, ölkə üçün çox əhəmiyyətli təklif və tövsiyələr arxa plana keçir. Biz bu təklif və tövsiyələri toplamaq, sistemləşdirmək, problemlərin həlli üçün ortaq nöqtələrin tapılmasına kömək etmək və yazılı hesabatlar şəklində cəmiyyətə təqdim etmək niyyətindəyik. Mümkündür ki, gələcəkdə bu işi konkret layihələr çərçivəsində yerli donor təşkilatlar üçün də həyata keçirək”.

E.Şükürlünün dediyinə görə, ilk görüşlərinin Ədalət Partiyasının sədri İlyas İsmayılovla keçirilməsinin isə həm mənəvi, həm də siyasi yükü, mənası var: “Mən düz 10 il Ədalət Partiyasında İlyas müəllimin müavini olmuşam, belə demək mümkünsə, cəmiyyətə siyasi təqdimatım yazılarımdan daha çox Ədalət Partiyası vasitəsi ilə olub. Təşkilatımızın rəhbərliyində təmsil olunan tanınmış şair-publisit Heydər Oğuz isə hal-hazırda da İlyas müəllimin müavinidir. Yəni, hər ikimiz İlyas müəllimdən çox şey öyrənmişik və bu haqqı itirmək olmaz. Üstəlik, Ədalət Partiyasının proqramı, İlyas İsmayılovun ölkənin problemlərinə baxışda bir çoxlarından fərqli və orijinal mövqeyi bizə tanışdır və bu günkü söhbətdən sonra bir daha əmin oldum ki, biz baxışlarımızın üst-üstə düşdüyü məsələləri yenidən işləyib gündəliyə gətirməliyik”.

E.Şükürlünün dediyinə görə, uzun illər ölkənin baş prokuroru, Ədliyyə naziri, hal-hazırda isə Milli Məclisin deputatı olan keçmiş sədri İlyas İsmayılovla görüşdə onun Dağlıq Qarabağ, proporsional seçki sisteminin bərpası, vəzifəli şəxslərin qanunçuluğa riayət etməsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin təşkilində siyasi partiya və vətəndaş cəmiyyəti institutlarının imkanlarından istifadə yolları, ikili vətəndaşlıq haqda qanunun qəbulu edilməsi və s. barədə  fikirlərini, təklif və tövsiyələrini qeydə alıblar: “Mənim üçün daha bir vacib məqam Ədalət Partiyasının vaxtilə Azərbaycanın qonşuları Türkiyə, Rusiya və İran arasında yaxınlaşmanın təşəbbüskarı kimi çıxış etmək istəyinin hazırda da gündəlikdə olub-olmaması idi. Çünki bizim təşkilatımız bu coğrafiyada gedən proseslərin belə bir yaxınlaşma üçün nə kimi imkanlara yol açdığı mövzusunda əhatəli araşdırma aparır. Belə bir yaxınlaşmanın mümkün variantları, bizə verəcəyi üstünlüklər və ona olan potensial təhdidlər, təhlükələr, xarici güc mərkəzlərinin reaksiyası barədə İlyas müəllimin fikirlərini bir daha dinlədik. Nəzərdə tuturuq ki, eyni mövzuda digər siyasilərin və araşdırmaçıların rəylərini də öyrənək və hesabatımıza daxil edək”.

V.Nəsibov