Menu

Ukrayna Rusiyanı seçdi

29.11.2013, 14:48
Ukrayna Rusiyanı seçdi

“Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq niyyətini təsdiqləyirəm”

Ukrayna Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində Avrointeqrasiyaya dair sazişi imzalamaqdan imtina edib. Bu barədə Avropa Birliyinin prezidenti Herman van Rompey məlumat yayıb.

Rompey Ukraynanın bu addımını "Ukrayna Rusiyanı seçdi" kimi dəyərləndirib.

Qeyd edək ki, bir neçə gündür Rusiya və AB arasında Ukrayna uğrunda əsəb müharibəsi gedirdi. Ukraynada milyonlarla insan Avropaya inteqrasiya xəttinə tərəfdar olsa da, prezident Yanukoviç başda olmaqla ölkə rəhbərliyi Rusiyanın təzyiqlərindən qorxaraq Moskvanın istəklərini yerinə yetirməyə meyllənmişdilər.

Avropa Birliyinin rəhbərliyi, eləcə də qüdrətli Avropa dövlətləri Ukraynanın daha əvvəl açıqladığı Rusiyameylli mövqeyi dəyişəcəyinə və son nəticədə AB ilə sazişi imzalayacağına ümid bəsləyirdi. Ancaq göründüyü kimi, bu ümidlər doğrulmayıb.(musavat.com)

Ukrayna prezidenti Viktor Yanukoviç isə ölkəsinin yaxın perspektivdə Avropa Birliyi ilə assosiasiya sazişinə imza atmaq niyyətini təsdiqləyib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, V. Yanukoviç “Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən zirvə toplantısının plenar iclasında çıxış edib. O bildirib ki, Ukrayna və AB assosiasiya sazişinin yekun mərhələsindədir: “Əminəm ki, bu, Ukrayna dövlətinin inkişafında yeni səhifə açacaq, bizim AB və üzv dövlətlərlə münasibətlərimizi keyfiyyətcə eyni mərhələyə çıxaracaq. Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq niyyətini təsdiqləyirəm”.

V. Yanukoviç xatırladıb ki, ölkəsi AB ilə 6 ildən çoxdur mürəkkəb danışıqlar aparır və kompromislər axtarışındadır. O, tərəflərin bu yekun mərhələni layiqincə keçəcəyinə əmindir: “Bu yolda yalnız bir neçə qəti addım atmağımız qalıb. Başlıca vəzifə Ukrayna iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdırılmasına yönəlmiş proqramın yerinə yetirilməsidir. Ukrayna bu gün təkcə assosiasiya sazişinin vaxtında implementasiyasına deyil, həm də ilkin mərhələnin aztəminatlı əhali təbəqələrinə neqativ nəticələrini minimuma endirməyə hazırlaşmalıdır. Bu, Ukraynaya iqtisadi yardım proqramı üzərində birgə iş tələb edir ki, bu da bizim assosiasiya sazişinin imzalanmasına hazır olmağımıza imkan yaradacaq. Əminəm ki, birgə işin nəticəsində mövcud fikir ayrılıqları aradan qaldırılacaq və bunun nəticəsində sazişi imzalamaq və Ukrayna iqtisadiyyatı üçün ciddi itkilər olmadan Avropaya inteqrasiya kursu istiqamətində irəliləmək mümkün olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol