Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin sərbəst ifadələri dinlənilib.
Vəkil Kamandar Nəsibov da şahid qismində ifadə verib. K.Nəsibov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib, daha sonra prokurorun, vəkillərin və hakimin suallarını cavablandırıb.
K.Nəsibov bildirib ki, istintaq adı bu cinayət işində zərərçəkən kimi keçən şəxsin (Ramazan Səlimovu nəzərdə tutur-müəl.) özünün barəsində də bütün lazımi məlumatları toplamalı idi, çünki həmin şəxsin göstərdiyi faktların çoxusu yalandır. Şahid onu da əlavə edib ki, həmin şəxsin özünün də kifayət qədər dələduzluq əməlləri var, bun faktların hamısı ətraflı şəkildə və diqqətlə aradşırılmalıdır.
Daha sonra Azər Orucov şahid qismində sərbəst ifadə verib. O da oibtidai istintaqa verdiyi ilkin ifadəsini təsdiqləyib.
Bundan sonra günün ikinci yarısında başlayan məhkəmə prosesi başa çadıb. Növbəti proses yanvarın 26-na təyin edildi. Növbəti prosesdə Ramazan Səlimovun həyat yoldaşı və “Azərsu” ASC-nin əməkdaşı ifadə verəcəklər.
Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.


Şərhlər