“Qeyri-rəsmi anlaşma var”
“Mən Rüstəm İbrahimbəyovun qərarına hörmətlə yanaşıram. Rüstəm müəllim bu günə kimi Milli Şuranın yaranmasında, fəaliyyətində müstəsna xidməti olan insandır. Onun təşəbbüsləri, xidməti olmasaydı, Milli Şura yarana bilməzdi”.
Bunu AzNews.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bildirib. G.Hacıbəyli deyib ki, gərək, R. İbrahimbəyov sona qədər sədr kimi fəaliyyətini davam etdirəydi:“Müəyyən obyektiv səbəblər var ki, bunları əsaslı hesab edirəm. Əlbəttə, Rüstəm bəy Bakıya müəyyən səbəblərə görə gələ bilmir və Milli Şuranın fəaliyyətinə də rəhbərlik etməsində çətinlik çəkir. Mən onun şəxsiyyətinə hörmət etdiyim kimi bu qərarına da hörmətlə yanaşıram. İnanıram ki, Milli Şuranın sədri olmasa da üzvü kimi bizimlə birgə fəaliyyətini davam etdirəcək”.
G.Hacıbəylinin sözlərinə görə, hazırda Milli Şura daxilində qeyri-rəsmi anlaşma mövcuddur: “Bu anlaşma ondan ibarətdir ki, Milli Şurada təmsil olunan bütün qüvvələr sədr kimi Cəmil Həsənlini görmək istəyirlər. Cəmil Həsənli isə neytral bir insandır. Milli Şurada fərqli siyasi qüvvələr təmsil olunur. Bu siyasi qüvvələri bir arada saxlamaq üçün onların fəaliyyətinin daha effektli olması üçün sədr müstəqil ziyalılardan olmalıdır. Cəmil Həsənli də belə şəxslərdəndir. Düşünürəm ki bundan sonra Milli Şuranın fəaliyyətində heç bir problem olmayacaq. Bizim üçün daha önəmli məsələ Milli Şuranın gələcək planları, strateji məqsədləri və atacağı addımlardır”.


Şərhlər