Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın məhkəməsi dekabrın 2-də davam etdiriləcək. Prosedura görə, vəkilin çıxışından sonra növbə təqsirləndirilən şəxsindir. G.Əhmədovanın növbəti prosesdə ilginc açıqlamalar verəcəyi gözlənilir. Sabiq deputat bu günə qədər istintaqda baş verən özbaşınalıqları, eləcə də ABU-nun sabiq rektoru Elşad Abdullayevi, eləcə də onun işini aparan müstəntiq Emzar Qocayevi ifşa edəcək, onlar barəsində açıqlamalar verəcək.
Bu günlər ərzində isə ictimaiyyətdə G.Əhmədova barəsində veriləcək qərar ətrafında fikir mübadiləsi aparılır. Hüquqşünaslar hesab edir ki, hakim sabiq deputata prokurorun tələb etdiyi 4 ildən 1 il az olmaqla, 3 il iş verə bilər. Amma onun proses boyunca davranışları, habelə həbsi müddətində hakimiyyətə sadiqliyini nümayiş etdirən açıqlamaları azadlığa çıxma şanslarını artıra bilər. Belə ki, 2 il müddətinə şərti azadlıq hökmü barədə versiyalar da səslənir. Hazırda yuxarı instansiyalarda bu iki variant barədə müzakirələr aparılır. Dekabrın 2-ə qədər son qərar veriləcək. Əgər qərar verilməsə, G.Əhmədovanın növbəti prosesdə də səhhətindəki problemləri əsas gətirib çıxış etməyəcəyi gözləniləndir. Çünki sabiq deputat bundan artıq həbsdə qalmaq istəmir və bunun haqsızlıq olduğunu hər çıxışında bəyan edir.(musavat.com)


Şərhlər