“Reuters” bildirir ki, ABŞ prezidenti Barak Obama çərşənbə axşamı Səudiyyə Ərəbistanına gedəcək. O, kral Abdullahın ölümündən sonra yeni kral kimi fəaliyyətə başlayan Salmanla cümə günü görüşəcək. Səudiyyə Ərəbistanı ərəb dünyasında ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Dünya neft bazarında qiymətin tənzimlənməsi daha çox bu ölkədən asılıdır. Digər tərəfdən də bu ölkə İŞİD-a qarşı mübarizədə Amerikanın yanındadır.
Rusiyanın baş naziri Dmitri Medvedev, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland, Yaponiya vəliəhd-şahzadəsi Naruhito Kotaişi şənbə və bazar günləri başsağlığı vermək üçün Səudiyyə Ərəbistanında olacaqlar.
Dünyanın müsəlman siyasi liderləri isə cümə günü mərhum kral Abdullahla paytaxt Riyadda vidalaşacaqlar.
Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bəyan edirlər ki, mərhum kralı tərifləməkdənsə, Səudiyydə insan hüquqlarının pozulmasına diqqət ayırmaq lazımdır. Xüsusən qadınlara maşın sürməyin yasaq edilməsi, bloqçulara qarşı repressiyalar gündəmə gəlməlidir.
Agentlik yazır ki, yeni kral Salman son dərəcə gərgin bir vaxtda taxta çıxıb. Regionda İŞİD təhlükəsi artır, digər tərəfdən də İran öz təsir dairəsini bu ərazilərdə də gücləndirmək istəyir.
Vaşinqton Səudiyyə Ərəbistanının digər ərəb ölkələrini bir araya gətirərək İŞİD-ə qarşı Qərbə dəstək verməsini yüksək dəyərləndirir. Neft qiymətinin nisbətən sabit qalması da Səudiyyə Ərəbistanından ciddi şəkildə asılıdır. Neft bazarında qeyri-stabillikdən uzaq olmaq üçün bütün nəzərlər Riyada yönəlir.
Hazırda Səudiyyə qırıcıları Suriyada İŞİD məntəqələrini bombalayır, bu ölkənin dini liderləri İŞİD-i pisləyən fətvalar verirlər, halbuki İŞİD-in planı ilə Vəhabi düçüncəsi arasında son dərəcə yaxınlıq var. Bundan başqa, Səudiyyənin daxilində də İŞİD-ə dəstək verən minlərlə adam həbsə atılıb.
Agentlik yazır ki, kral Salman mərhum qardaşının yeritdiyi siyasi xəttə sadiq qalmağa meyllidir. O, hökumətdə elə də ciddi dəyişikliklər etmək fikirində deyil. Xüsusən ölkənin neft, maliyyə və xarici işlər nazirləri öz yerlərində qalacaqlar.
O da sir deyil ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük silah idxalçıları sırsında öndə gedir. Yeni kral artıq 35 yaşlı oğlu, şahzadə Məhəmmədi müdafiə naziri təyin edib. Bundan sonra o, silah alışı ilə bağlı müqavilələrə görə məsuliyyət daşıyacaq.
Agentliyin xəbərində o da vurğulanır ki, sünni islamın vəhhabi qolunda yas saxlamaq adəti yoxdur. Buna baxmayaraq, kral sarayı bildirib ki, onlar bazar gününə qədər başsağlıqların qəbul edəcəklər.
Bu arada isə cümə günü yerli televiziyalar şahzadələri,vəhhabi din xadimlərini, tayfa başçılarını, ordu rəhbərlərini, nüfuzlu iş adamlarını və digər önəmli şəxsləri nümayiş etdiriblər. Onlar ya yeni kralın çiynindən, ya da ki, əlindən öpürdülər. (musavat.com)


Şərhlər