“Mən istefamın səbəbini açıqladım və dediyimin arxasında dururam. Əgər kiminsə hansısa versiyası varsa, buyursun, içində saxlamasın, desin və cavabın alsın”.
Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin sabiq müavini, “Xalq arzusu” hərəkatının təsisçisi Asəf Quliyev deyib.
Keçmiş partiyadaşı, AXCP sədrinin müavini Gözəl Bayramlının onun istefası ilə bağlı fikirlərinə münasibət bildirən A. Quliyev deyib ki, kimsə ona qara yaxmaqla gündəmdə qalmağa çalışmasın:
“Heç nədən və heç kimdən qorxum yoxdur. Məni kimsə ittiham edə bilməz. Məncə açıqlama verəndə də diqqətli olmalıdırlar”.
Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlamasında bildirib ki, istefa verməsinin əsl səbəblərini Asəf bəy özü yaxşı bilir, cəmiyyətlə səmimi olub əsl səbəbi açıqlamağa ehtiyac var idi, Asəf Quliyev isə bunu edə bilmədi:
“Onun mətbuat konfransında istefasına səbəb kimi verdiyi açıqlamalar qane edici, inandırıcı deyil. Azərbaycan cəmiyyəti bu açıqlamalara inanmayacaq, onu səmimi qəbul eləməyəcək”.
Qeyd edək ki, Asəf Quliyev prezident seçkilərinə 4 gün qalmış Milli Şuradan və AXCP-dən istefa verib. Ötən gün keçirdiyi mətbuat konfransında isə istefasının səbəblərindən biri kimi Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib.


Şərhlər