Menu

Fərəməz Novruzoğlu həbsxanada aclıq edir

03.12.2013, 15:15
Fərəməz Novruzoğlu həbsxanada aclıq edir

"Ailəmizin durumu çox pisdir. Heç bir yerdən kömək olunmur"

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Fərəməz Novruzoğludan yeni məlumat var. Jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva “Media forum” saytına deyib ki, Fərəməz Novruzoğlu noyabrın 25-də həbsxanadan evə zəng vurub: “Mənə həmin gündən aclıq elan etdiyini dedi. Səbəb kimi saxlanma şəraitinin yaxşı olmamasını, səhhətində narahatlıqların olduğunu bildirdi. Yoldaşımın xəstəliyi çoxdur – mədəsində, ürəyində ağrıları, başında miqreni var, qan təzyiqi aşağı olur. Yəqin ki, aclığı davam etdirir. Aclığı dayandırsaydı, evə zəng vurub məlumat verərdi. Evə zəng vurmur, mən də həbsxananın əlaqə nömrəsini bilmirəm”.

Tahirə Allahverdiyeva yoldaşı ilə ayda, ay yarımda bir dəfə görüşdüyünü deyib: “Maddi durumum onunla mütəmadi görüşməyə imkan vermir. Ailəmizin durumu çox pisdir. Heç bir yerdən kömək olunmur. İki uşaqla kirayədə yaşayıram. Beş aydır ki, pulu ödəyə bilmirəm, yığılıb qalıb. Ev sahibi bizi çoxdan tanıdığı üçün ötüşdürür. Özüm işsizəm”.

Jurnalist Fərəməz Novruzoğlu 2012-ci ildə həbs edilib, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə ittihamları ilə 4 il 6 aylıq həbs cəzası alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol