Menu

Deputatlar da “Topaz”ın ləğvini tələb edir- Faciələrə səbəb olur

03.02.2015, 22:34
Deputatlar da “Topaz”ın ləğvini tələb edir- Faciələrə səbəb olur

Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz” məsələsi Milli Məclisdə yenə müzakirə mövzusu oldu. Narahatlıq doğuran odur ki, hətta son zamanlar azyaşlıların və xanımların da bu cür mərc oyununa meyllənməsi diqqətdən qaçmır. Lakin belə bir bəla göz görə-görə kimlərsə tərəfindən idmana olan həvəs kimi təqdim edilir.

Deputatları narahat edən də elə budur. Onlar bəzən bu mövzu ilə bağlı çıxışlar edir, mərc oyunlarının ləğvi təklifini irəli sürür. Amma nəticə olmur. Səbəbini qısaca olaraq belə izah edə bilərik ki, “Topaz”ın rəsmiləşdirilməsi deputatlar arasında keçirilən səsvermədə qəbul edilib. Yəni “Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər və “Topaz”ın rəsmi mərc oyunları kontoru kimi fəaliyyət göstərməsinə icazə verilib.

Sonuncu dəfə dünən Milli Məclisin iclasında “Topaz”ın cəmiyyətdə böyük bir bəlaya çevrilməsi, bir çox ailələrin, gənclərin bu bataqlıqdan qurtula bilməməsi gündəmə gətirildi.

Bu dəfə deputat Qüdrət Həsənquliyev çıxışında mərc oyunlarının ləğv olunmasını təklif etdi. Deputat mərhum prezident Heydər Əliyevin Azərbaycanda kazinoları qadağan etdiyini xatırladaraq çox ailənin bu dərddən xilas olduğuna diqqət çəkdi.

Milli Məclisin spikeri Oqtay Əsədov isə Qüdrət Həsənquliyevə cavabında onunla razı olduğunu bildirdi.

Xatırladaq ki, “Topaz”la bağlı narazılıq Milli Məclisdə bir neçə dəfə müzakirə edilib.

2013-cü ilin mart ayında deputat Məlahət İbrahimqızı “Topaz”ın cəmiyyətdə xərçəng xəstəliyi kimi yayıldığını deyərək bu cür qumarxanaların ləğv olunmasını təklif etmişdi. Spiker Oqtay Əsədov isə o vaxt deputata cavabında “Topaz”ın qurmarxana olmadığını demişdi.

Ancaq artıq O.Əsədov da “Topaz”ın Azərbycan vətəndaşlarnın başına hansı oyunu açdığının, neçə ailəni başsız qoyduğunun fərqindədir. Bəs nə gözlənilir?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol