Natiq Ədilov: "Rauf Arifoğlu indi etdiyini Əli bəyin hərəkəti ilə müqayisə etməsin”
AXCP Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyanın İmişli rayon təşkilatının üzvü Vüqar Qədirovu polisə şikayət etməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bu barədə facebook hesabında yazıb.
Natiq Ədilov bildirib ki, Vüqar bəyin nalayiq ifadələrini partiya olaraq rəsmi şəkildə pisləyib:
“İmişli rayon təşkilatı da onun yazılarına nizamnaməyə uyğun qiymət verəcək. Bəli, biz əməldə sübut edirik ki, biz əxlaqlı siyasətin tərəfdarıyıq. Başqalarının AXCP üzvlərinə qarşı yazılarına da diqqətli olacağıq.
Hazırda Rauf Arifoğlunu da tez-tez tənqid edirəm. Onun İP Kordinasiya Şurasının və Musavat partiyasının üzvü ola-ola İlham Əliyevlə də dost olmasını qəbul etmirəm. Ancaq mən nəinki Rauf bəyi, eləcə də başqalarını yazılarımda təhqir etmirəm, hətta mənim divarımda başqalarının da təhqir və söyüşlərinə imkan vermirəm. Əminəm ki, söyüş acizlərin, mənəviyyatsızların silahıdır.
Partiyamızın mətbuat xidmətinin rəhbəri olaraq rəsmən bildirirəm ki, partiya üzvlərinə söyüş söymək ümumiyyətlə qadağan olunub. Vüqar Qədirovun Rauf Arifoğlunu təhqir etməsini qəti şəkildə pisləyirik. Onun davranışlarına partiyanın müvafiq strukturlarında qiymət veriləcək. Amma bunlar Rauf Arifoğluna da haqq vermirdi ki, DİN-i köməyə çağırsın.
Rauf bəy 14 il bundan qabaq Əli Kərimlinin ondan prokurorluğa şikayətini nümunə gətirərək özünə haqq qazandırmaq istəyir. Amma onun da, başqalarının da yadına salmaq istəyirəm ki, Əli bəy o zaman da onlara qarşı mərd davranmışdi. Belə ki, o zaman Rauf bəyin qəzeti yazmışdı ki, guya Əli Kərimli xarici kəşfiyyatdan pul alarkən yaxalanıb. Əli bəy isə prokurorluğa müraciət etmişdi ki, bu iddia araşdırılsın. Doğrudursa, tədbiri görülsün. Yalandırsa, rəsmən bu barədə məlumat verilsin. Prokurorluq da araşdırmadan sonra Əli bəyə məktub göndərib ki, qəzetin iddiaları yalandır, qəzet böhtan atıb Əli bəyə. Sonra da Əli bəyə təklif edilib ki, o məhkəməyə müraciət edib, ona böhtan atanların cəzalandırılmasına nail ola bilər. Böhtan isə elə belə böhtan da deyildi. Dövləti cinayətdə, ağır cinayətdə ittiham etməklə böhtan atılmışdı. Amma Əli bəy qəzetin yazdığı böhtanı təkzib etməsilə kifayətləndi. Heç kimin cəzalandırılmasını tələb etmədi. Bunları ona görə yazmadım ki, Rauf Arifoğlu da Vüqar Qədirovu DİN-in əlilə cəzalandırmaq sevdasından əl çəksin. Özü bilər. Mənim 2 məqsədim var.
Sonda bir daha qeyd edirəm ki,Vüqar Qədirovun söyüşlərini qəti şəkildə pisləyirik. Rauf Arifoğlu indi etdiyini Əli bəyin yuxarıda yazdığım hərəkəti ilə müqayisə etməsin”.


Şərhlər