İordaniyalı general “hədəfimizə çatdıq“ deyir
“Al Arabiya News”a açıqlamasında İordaniya Hava Gücləri mərkəzinin komandanı, general Mənsur əl-Cbour deyib ki, sentyabrdan indiyə kimi İslam Dövləti öz hərbi gücünün 20 faizini itirib. Musavat.com-un məlumatına görə, qeyd olunur ki, məhz sentyabr ayında ABŞ-ın rəhbərliyi ilə Birləşmiş Alyans İŞİD-ə qarşı hava zərbələri endirməyə başlayıb. Bu bəyanatı iordaniyalı general bazar günü keçirilən mətbuat konfransında səsləndirib.
General onu da deyib ki, Birləşmiş Alyans hava zərbələri endirməklə İŞİD-ın 7 min nəfər döyüşçüsün məhv edib.
İordaniya qırıcıları isə son 3 gündə İraq və Suriyada İŞİD mövqelərinə 56 dəfə hava zərbəsi endirib: “Biz nəzərdə tutduğumuz hədəflərə çatdıq. İŞİD-ın yükdaşıma məntəqələrini sıradan çıxardıq. Silah anbarlarını göyə sovurduq. İŞİD döyüşçülərinin gizləndiyi istehkamları dağıtdıq“, general iddia edib.
“Al Arabiya News” xatırladır ki, İordaniya öz mərhum pilotu Muəs Əl-Kasabehinin İŞİD tərəfindən yandırılmaqla öldürülməsindən sonra intiqam alacağına and içmişdi.
O da qeyd olunur ki, İordaniyanın İŞİD-ə endirdiyi hava zərbələrinə Birləşmiş Ərəb Əmirliyi də dəstək verir.


Şərhlər