Menu

Prezident dövlətin qızıl şirkətini yaratdı

11.02.2015, 15:46
Prezident dövlətin qızıl şirkətini yaratdı

Azərbaycan Prezidenti İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, səhmləri dövlətə məxsus olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

Müəyyən edilib ki, Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:

- Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

-Cəmiyyətin idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Cəmiyyətin müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

-Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

- Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

- Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Müəyyən edilib ki, cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol