Müsavat başqanı “MSK-nın rəqəmləri kifayət qədər həqiqətə yaxındır” dedi, seçki saxtakarlığına şərik çıxdı!

İsa Qəmbərdə Məzahir Pənahova qəfildən meydana gələn bu etimadın arxasında 2015-ci ilə dair bazarlıq söhbətlərinin də rolu varmı?

Müsavat başqanı İsa Qəmbərin AzadliqRadiosunun “İşdən sonra” proqramında Xədicə İsmayılla sonuncu qalmaqallı söhbətində diqqətlərdən yayınmış son dərəcə ciddi bir məqam var. Bu müsahibənin ilk dəqiqələrindən gərgin, əsəbi görünən İsa bəyin bəzi açıqlamaları, iddiaları sözün əsl mənasında sensasiya xarakterlidir. Müsavat başqanının dilə gətirdiyi bəzi israrlı iddiaları, faktiki olaraq reallığı, faktları hakimiyyətin lehinə təhrif etməkdən başqa bir şey deyildi. Söhbət 9 oktyabr prezident seçkilərinin nəticələrinə verilən qiymətdən, aparılan müqayisələrdən və bu zaman müxalifətin məğlubiyyətinin iddia olunmasından gedir. İsa Qəmbər faktiki olaraq, Cəmil Həsənlinin məğlub olduğunu, müxalifətin birliyinin əhəmiyyəti olmadığını iddia edir. Diqqət edək:

Hələ müsahibənin əvvəlində, normal atmosferdə başlayan söhbəti Xədicə İsmayıl “Az əvvəl Cəmil Həsənli qonağımız idi və o, Milli Şuranın bu seçkidə qələbə qazanması haqqında danışırdı. Siz də paylaşırsınızmı bu fikri? Sizin də fikrinizcə, Milli Şura qalib çıxıbmı situasiyadan” sualı ilə yeni istiqamətə yönəldir.

İsa Qəmbərin bu sualı cavablandırarkən deyir:

“Bizim partiyamızda kifayət qədər güclü seçki ənənələri var və seçki mütəxəssisləri var. Biz hər bir seçkidən sonra nəticələri çox diqqətlə araşdırırıq. Və mən tam məsuliyyətlə deyirəm ki, bu il prezident seçkilərində Cəmil Həsənli seçkiyə gələn seçicilərin içində qalibdir. Bu baxımdan qələbə demokratik düşərgənindir, Milli Şuranındır, Cəmil Həsənlinindir. Eyni zamanda, bu, ilk dəfə deyil. 2000-ci ilin parlament seçkilərində də, 2003-ün prezident seçkilərində də, 2005-in parlament seçkilərində də, hətta 2010-cu il parlament seçkilərində də demokratik düşərgə, Müsavatın da iştirak etdiyi bloklar, yaxud qüvvələr seçkilərdə səshesabı qalib gəliblər və o baxımdan bu il də həmin tipli qələbəni biz əldə etmişik. Ancaq mən bunu yetərli hesab etmirəm. Müsavat Partiyası bunu yetərli hesab etmir. Çünki bu, vəziyyəti dəyişmək üçün kifayət etmir”

Müsavat başqanı daha sonra deyir ki, cəmiyyətdə demokratik yolla, seçki yolu ilə vəziyyətin dəyişə biləcəyinə inam yoxdur və bu inamı bərqərar etmək hələ ki, mümkün olmur. Əsas çatışmayan cəhət budur.

Xədicə İsmayıl soruşur: “Sizcə, bu inamı bərpa etmək üçün birgəmi olmaq lazımdır, yoxsa ayrı-ayrımı davam etmək lazımdır?” Bu suala cavab verərkən İsa Qəmbərin dilə gətirdiyi iddialar sözün əsl mənasında heyrət doğurur. Müsavat başqanı müxalifətin birliyinin əhəmiyyətsizliyini sübut etməyə çalışaraq deyir:

“Təcrübə onu göstərir ki, bunun böyük fərqi yoxdur. Yəni bəli, təəccüblü də görünsə, çünki dəb belədir ki, birlik mövzusu aktualdır, hər zaman hamı birlikdən danışır. Hamı özünü birliyin tərəfdarı kimi göstərir, amma rəqəmlərin dili bir az daha sərtdir...

...2013-cü ildə razıyam, ilk dəfə bütün demokratik düşərgə bir araya gəldi və vahid namizəd də müəyyənləşdi. Amma prinsipial dəyişən bir şey olmadı, yenə də qalib gəldik və yenə də mənəvi qələbə ilə kifayətlənmək zorunda qaldıq. Yəni təbii ki, biz indi hakimiyyətin seçkiləri saxtalaşdırdığını nəzərə alırıq, amma yenə də aldığımız səsləri hesablaya bilirik, həm Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmlərinə görə, həm də müəyyən texnologiyalar, metodologiyalar var ki, saxtalaşdırma əmsalını müəyyənləşdirib səslərin daha dəqiq qiymətini vermək mümkün olur. Tutaq ki, bizim üçün ən uğursuz seçkilərdən biri 2010-cu ildə idi. Amma 2010-cu ildə cəmisi iyirmi nəfər müsavatçını AXCP-Müsavat blokunun tərkibində seçkiyə buraxmışdılar, iyirmiyə qədər də cəbhəçini seçkiyə buraxmışdılar. Həmin o iyirmi müsavatçı öz dairələrində hərəsi orta hesabla iki min nəfərdən səs almışdı. Yəni ki, həmin hesabla 125 dairədən söhbət gedəndə, həmin səsləri hesablasaq, 250 minə qədər səsdir. Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu bir namizədi, cəsarətli bir namizədi, intellektual bir şəxsiyyəti kəşf etdik əslində bir siyasi xadim kimi bu il- vahid namizəd kimi müəyyənləşdirərək SEÇKIYƏ GETDIK VƏ YENƏ DƏ 200 MIN CIVARINDA SƏS ALDIQ.(MSK-nın rəsmi nəticələrinə görə, Cəmil Həsənli 204 642 səs alıb-R.Ə) Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir. Qələbənin təminatı digər şərtlərdədir”.

Sonrakı sualın cavabında İsa Qəmbər yenə də bəyan edir ki, Cəmil Həsənlinin 9 oktyabr prezident seçkilərində aldığı səs 200 min civarında olub.

Cəmil müəllim, təkrar edirəm, çox gözəl nəticə göstərdi və bütün gücü ilə çalışdı. Biz də bütün gücümüzlə ona dəstək verdik - Müsavat Partiyası, Xalq Cəbhəsi, gənclər, digərləri. VƏ 200 MIN CIVARINDA SƏS ALDI. Məncə, bu, azaldılıb, ancaq fantastik dərəcədə azaldılmayıb. Sadəcə olaraq seçkidə iştirak edənlərin sayı süni şəkildə çoxaldılıb və Cəmil müəllimin səslərinin faizi aşağı salınıb. ƏSLINDƏ RƏQƏMLƏR KIFAYƏT QƏDƏR HƏQIQƏTƏ YAXINDIR.(!!!) Və mən əminəm ki, İlham Əliyev 200 mindən az səs alıb bu seçkidə. Bu, Cəmil müəllimin 125 dairədən aldığı səsdir. 2010-cu ildə 20 müsavatçı deputatlığa namizəd hərəsi öz dairəsində iki min üzərində səs alıblar. Yəni bu, o deməkdir ki, müsavatçılar 125 dairədə iştirak etsəydilər, yuxarı-aşağı yenə hərəsi 2 min üstündə səs alacaqdıq. Və 250 min civarında səs ala bilərdik.”

Göründüyü kimi, İsa Qəmbər 9 oktyabr prezident seçkilərinə dair MSK-nın elan etdiyi rəsmi nəticələrin, ən azı Cəmil Həsənliyə aid hissəsini israrla, inadla, üstəlik də qətiyyətlə təsdiq edir. Bu bəyanat isə, təkcə birləşmiş müxalifətin vahid namizədi olan Cəmil Həsənlinin məğlubiyyətinin etirafı deyil, həm də reallığı, faktları, seçkinin real nəticələrini HAKİMİYYƏTİN LEHİNƏ təhrif etmək, saxtalaşdırmaqdır! Həm də təkcə 2013-cü ilin prezident seçkilərinin nəticələrini deyil, 2010-cu ilin parlament seçkilərinə dair MSK-nın rəqəmlərini də İsa Qəmbər təsdiq edir.

Fikrimizcə, İsa Qəmbərin bu bəyanatı müxalifətə və xalqa xəyanətdən başqa bir şey deyil. Cəmil Həsənlinin 9 oktyabr seçkilərində xalqdan aldığı səslərin ən azı 3 dəfə azaldıldığına kimin şübhəsi var? Kənar müşahidəçilər, elə Milli Şuranın özü də seçkidən sonra təsdiq etdi ki, seçicilərin 25-30 faizi səsvermədə iştirak edib. Bu, təxminən 1.2 -1.5 milyon seçici deməkdir. İndi İsa Qəmbər israrla bildirirsə ki, MSK-nın Cəmil Həsənliyə yazdığı rəqəm “kifayət qədər həqiqətə yaxındır”, bu İlham Əliyevin qələbəsini etiraf və təsdiq etməkdir! Eyni zamanda Cəmil Həsənlini, Milli Şuranı və xalqı da təhqir etməkdir!

Adi riyazi rəqəmlərə baxaq. Müsavat başqanı deyir ki, Cəmil Həsənli 200 min səs alıb, amma qalib gəlib. Deməli İlhah Əliyev heç 200 min də səs almayıb. Belə çıxır ki, səsvermədə iştirak edən seçicilərin sayı 400 mindən, yəni ümumi seçicilərin 8 faizindən çox olmayıb. Bu real rəqəm deyil və heç bir ciddi mənbə tərəfindən indiyədək dilə gətirilməyib.

Əksinə, seçki texnologiyasından, az-çox Azərbaycan reallığından xəbəri olanlar bilirlər ki, hakimiyyətin sabit seçki elektoratı var və ən demokratik seçkidə belə hakimiyyətin namizədinin 20-25 faiz səsi şübhəsizdir. Bura hakimiyyətdən qidalanan, onu yaratdığı şəraitdən bəhrələnən, vəzifə tutan, biznesdə imtiyazları olan on minlərlə insan və onların ailələri, ətrafları daxildir. Bu təbəqə səfərbər olanda, hansı ki, 9 oktyabr seçkilərində də səfərbər olmuşdu, seçki məntəqələrinə 500-600 min seçicinin getməsi təminat altında olur. Bura müxalifətin stabil elektoratını, seçki kampaniyası dövründə aktivləşən insanları da əlavə etsək, seçkilərdə təxminən 1 milyon vətəndaşın iştirakı şübhə doğurmamalıdır.

Bu baxımdan, səsverməyə qatılan seçicilərin sayı ilə bağlı MSK-nın rəqəmlərini ciddi şübhə altına alan İsa Qəmbərin, Cəmil Həsənlinin səslərini “reallığa kifayət qədər yaxın” kimi qəbul etməsi düşündürücüdür. MSK-nın Cəmil Həsənliyə qarşı nə dərəcədə “dürüst” olduğunu görmək üçün isə dərin araşdırmaya belə ehtiyac yoxdur. Onun təkcə Naxçıvan MR-dən aldığı səslərin sayına baxmaq kifəyətdir. MSK-nın İsa Qəmbərin mötəbər kimi qəbul etdiyi rəsmi rəqəmlərinə inansaq, Cəmil Həsənli bu bölgənən cəmi 264 səs alıb. 1 və 2 saylı Şərur-Sədərək seçki dairələrinin bir məntəqəsində belə Cəmil Həsənliyə 3 səs verilməyib. Guya üst-üstə 200 min əhalisi olan Şərur və Sədərək rayonlarında bircə dənə normal müxalifətçi, müsavatçı, cəbhəçi ailəsi olmayıb ki, gəlib Cəmil Həsənliyə səs versinlər. Bu nə dərəcədə inandırıcıdır?

Təkcə Naxçıvandan Cəmil Həsənlinin səslərinin dəfələrlə azaldıldığı göz önündə ikən, İsa Qəmbərin bu seçki rəzilliyinə şərik çıxması, MSK-ya haqq qazandırması, müxalifətə arxadan zərbə vurması nə ilə bağlıdır?

Müsavat başqanının 9 oktyabrdakı seçki saxtakarlığına şərik çıxarkən 2010-cu ilin parlament seçkilərinin rəsmi nəticələrinə əsaslanması, bu rəqəmləri də legitimləşdirmək cəhdi isə lap biabırçı olub. O, iddia edir ki, “seçki texnoloqları” müəyyənləşdiriblər ki, parlament seçkilərində AXCP-Müsavat blokunun namizədləri, orta hesabla hər dairədən 2 min səs alıblar. Lakin elə onda da Müsavat iddia etmişdi ki, seçkiyə qatılan namizədlərinin əksəriyyəti qalib gəliblər. Bir deputat mandatının arxasında azı 40 min seçici varsa, necə olub ki, Müsavatın namizədləri cəmi 2 min səs aldıqları halda qalib gəliblər? Bu da biabırçı məğlubiyyətin etirafı deyilmi?

Sual olunur: MSK hər dəfə hakimiyyətin səslərini artırsa da, müxalifətin səslərini olduğu kimi əks etdirirsə, və hər seçkidə də, İsa Qəmbərin israrla iddia etdiyi kimi, müxalifət birləşdi-birləşmədi cəmi 200 min seçicinin səsini alırsa, bu da ümumi seçicilərin 5 faizindən də azdırsa, onda nə hansı üzlə İsa Qəmbər belə bacarıqsız müxalifətin başında qalmaqda davam edir?

Biz İsa Qəmbəri uzun illərdir az-çox sözünün məsuliyyətini bilən, təmkinini ən kritik anlarda belə pozmayan, ciddi bir siyasətçi kimi tanıyırıq. İndi nə baş verir ki, İsa Qəmbər belə məntiqsiz, reallığı hakimiyyətin xeyrinə təhrif edən bəyanatlarla çıxış edir və təmsil olunduğu cəbhəni pis vəziyyətdə qoyur? Axı MSK-nın nəticələrini nəinki bütün cəmiyyət, dünya ictimaiyyəti, hətta “konstruktiv” dediyimiz “cib müxalifəti” də şübhə altına alırsa, İsa Qəmbər bu rəqəmləri necə təsdiq edir? Cəmil Həsənlinin cəmi 200 min səs aldığını, MSK-nın bu rəqəminin “həqiqətə yaxın olduğunu” iddia edən İsa Qəmbər daha “konstruktivdir”, yoxsa Sərdar Cəlaloğlu, Qüdrət Həsənquliyev və başqaları?

Ən əsası, İsa Qəmbərdə Məzahir Pənahova qəfildən meydana gələn bu etimadın arxasında 2015-ci ilə dair bazarlıq söhbətlərinin də rolu varmı?

Axı son vaxtlar belə söz-söhbətlər eşidilir ki, Müsavatın önəmli simaları ilə hakimiyyət arasında 2015-ə dair bazarlıq başlayıb. Bu söz-söhbətləri ciddiyə almamaq da olar, amma bu halda İsa Qəmbərin bəzi hərəkətlərinə, açıqlamalarına məntiqi izah tapmaq xeyli çətinləşir. 6 ay Rüstəm İbrahimbəyovun sədrliyi altında fəaliyyət göstərib, onun prezidentliyinə çalışmaq, sonra “xarici ölkə vətəndaşlığını” önə çəkib onun fəxri sədrliyini belə qəbul etməmək, Müsavatın Milli Şuradan çıxması ilə hədələmək nə demək idi?

Yaxud İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində iştiraka görə qınaqlarla üzləşən Rauf Arifoğlunun vəkili rolunda çıxış etmək, ardınca da ifrat “konstruktivizmə” yuvarlanaraq MSK-nın seçki saxtakarlığına şərik çıxmaq necə, 100 illik Müsavatın şərəfli tarixi ilə bir araya sığan hərəkətlərdimi?!

Bu suallara inandırıcı, məntiqli cavab tapılmayınca mandat bazarlığı versiyası öz aktuallığını itirməyəcək.

Rasim ƏLİYEV

AzPolitika.info