Pensiya İslahatı Konsepsiyasında sosial sığorta normativinin daxili strukturunun təkmilləşdirilməsi və bu əsasda işəgötürənlər üzərindən yükün işçilər üzərinə keçirilməsi nəzərdə tutulur. ”Marja”nın məlumatına görə, bunu Caspian European Club-un təşkil etdiyi ənənəvi tədbirdən öncə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

O qeyd edib ki, hazırda bu islahatı həyata keçirmək üçün qanunvericiliyə dəyişiklik üzərində iş gedir:

“Biz bir neçə versiyanı nəzərdən keçirirk. Müxtəlif ölkələrdə bu məsələ fərqli qaydada tənzimlənir. Məsələn, MDB və Baltikyanı ölkələrdə daha çox işəgötürən üzərində yükün qaldığı müşahidə olunur. Burada əsas səbəb işçilərin hələ də yüksək məbləğdə əmək haqqlarına nail olmamalarıdır. Yəni, işəgötürən üzərində yükün azaldılaraq işçinin üzərinə keçirilməsi işçinin əmək haqqı şəkilində aldığı gəlirlərinin artımına bağlıdır. Çünki sosial sığorta haqqları iqtisadi mahiyyərtinə görə vergi deyil, bu işçiyə işəgötürən tərəfindən ödənilməli olan əmək haqqına üstəlikdir. Yəni, işəgötürən öz işçisinə əmək haqqı şəkilində verməli olduğu vəsaiti sosial sığorta şəkilində fondlaşdırır və gələcəkdə həmin işçi sosial risklər ilə üzləşdikdə onun qarşılanmasına yönəldir. Bu nöqteyi-nəzərdən əgər işəgötürən üzərindən yükün böyük həcmdə azalmasından söhbət gedəcəksə, deməli, sosial sığorta haqqı şəkilində deyil, artıq əmək haqqı şəkilində işçiyə verilməsi gündəmə gəlir. Yəni, işçinin əmək haqqı şəkilində alacaqları artmalıdır ki, buna uyğun olaraq da sosial sığorta normativinin onun üzərinə düşən payı yüksəlmiş olsun.

ABŞ-da və Qərpi Avropa ölkələrində maksimum olaraq bunun 50/50-yə çatdığını müşahidə edirik, hansı ki, bu ölkələrdə əmək haqqı yüksəkdir. Azərbaycanda da bir neçə versiya nəzərdən keçirilir.

Hazırkı mərhələdə nəzərdən keçirilən bir versiya 25% olan soial sığortanın 20%-i işəgötürən, 5%-nin işçi, digər bir versiyamıza görə 18%-ni işəgötürən və 7%-nin işçi tərəfindən ödənilməsidir. Digər bir versiymızda isə, əgər aşağı əmək haqqı veriləcəksə, bütünlüklə sosial sığorta haqqının işçi tərəfindən ödənilməsi, əmək haqları məbləği artdıqca işçinin payının artırılması mexanizminə əsaslanır. Təbii ki, bu 3-cü mexanizm texnki problemləri də yarada bilər”.