Dünyanın diqqəti Ukraynada müharibənin dayandırılmasına və bu ölkənin ərazi bütövlüyünün bərpasına yönəldiyi bir vaxtda, Azərbaycan ordusu da hərbi qüdrətini artırmaqdadır. Ukrayna hadisələri bir daha göstərdi ki, bütün mənəvi və maddi dəstəyə baxmayaraq, ərazi bütövlüyü üçün ilk növbədə ciddi intizamlı ordu lazımdır. Xüsusilə də son vaxtlar savaşın hər an başlaya biləcəyi barədə xəbərlərin ardınca ordumuzun irimiqyaslı hərbi təlimlərə başlaması təsadüf kimi dəyərləndirilmir.
Ordumuzun son aylar keçirdiyi irimiqyaslı hərbi təlimlər Azərbaycanın müharibə hazırlıqları içərisində olduğunu göstərir. Azərbaycanın münaqişənin sülh yolu ilə həlli üçün etdiyi cəhdlər hələ ki nəticəsizdir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərinin işğalının “dondurulmuş münaqişə”(“staus-kvo”) adı altında davam etməsi ilə barışmayacaq.

Qeyd edək ki, bundan əvvəl ordumuz Naxçıvan Muxtar Respublikası ərazisində də genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunmuşdu.

Məlumatlara görə, 2013-cü ilin oktyabr ayında müdafiə naziri təyin edilən general-polkovnik Zakir Həsənov qısa bir müddətdə orduda döyüş hazırlığını yüksəldib, özü şəxsən həftənin beş günü ordumuzun döyüş mövqelərində əsgər və komandirlərlə görüşür.
Daha bir diqqətçəkən fakt Z.Həsənovun Müdafiə Nazirliyində S.Əbiyevin dövründə pis miras kimi qalan “gizli qrupların” fəaliyyətinə son qoyması ilə bağlı xəbərlərdir. Müdafiə Nazirliyinə yaxın olan bir mənbəmiz deyib ki, yeni nazir bütün ordu komandanlığı arasında səmimi münasibət yarada və general heyətini tam özünün nəzarətinə ala bilib.


Başqa bir məlumata görə isə hərbi hissələrdə olarkən müdafiə naziri naharı əsgərlərlə birlikdə edir. Mənbə bildirir ki, bu, çəkiliş olmayanda da belədir. Z.Həsənov onun üçün xüsusi təşkil olunan, hazırlanan süfrələrdən imtina edir.
Nazirin hərbi hissələrə gözlənilməz səfərləri haqda da məlumat almışıq. Mənbəmiz bildirir ki, Z.Həsənov hansısa hərbi hissəyə gedərkən tez-tez yolüstü başqa bir hərbi hissəyə də baş çəkib orda qəfil yoxlama aparır, duruma şəxsən nəzarət edir. “Onu Müdafiə Nazirliyində kabinetində yalnız şənbə-bazar günləri görmək mümkün” - deyə mənbəmiz bildirir.
Həm Naxçıvanda, həm cəbhə bölgəsində irimiqyaslı hərbi təlimlərlə yanaşı Azərbaycan regionda yeganə hərbi müttəfiqi olan Türkiyə ilə hərbi sferada da ciddi işbirliyi davam etdirməkdədir. Ötən ilin sonlarına yaxın, konkret desək, sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin Türkiyə ordusunun hərbi hissələrinin cəlb olunduğu irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilməsi düşmənin gözünü qorxutmuşdu. İki ölkə arasında rəsmi əməkdaşlıq sənədləri ilə baş tutan hərbi təlimlərdən sonra xüsusilə Naxçıvan Muxtar Respublikasında Türkiyə ordusunun təlimçi zabit heyətinin işi nəzərəçarpacaq dərəcədə artıb. Bu, təkcə Türkiyənin PKK ilə mübarizədə dağçı döyüş təcrübəsinin öyrədilməsi deyil, həm də NATO-nun qüdrətli ordularından biri ilə inteqrasiyadır. Yeri gəlmişkən, bu əməkdaşlığını inkişafında Naxçıvan ordu birləşməsinin komandanı general Kərəm Mustafayevin də ciddi rolu olduğu deyilir...

Azərbaycan bu ilin yayında ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, Azərbaycanın bir nömrəli probleminin dünya ictimaiyyətinə çatdırılması üçün həm də tarixi bir şansdır. Azərbaycan ola bilsin ki, məhz bu tədbirdən sonra Ermənistanla ən son varianta - müharibəyə başlasın. Ukrayna hadisələri Rusiyaya yaxın regionda ərazi bütövlüyü məsələsini bir daha dünyanın, eləcə də Ermənistanı işğalçı kimi tanıyan BMT-nin 4 qətnaməsini bir daha gündəmə gətirdi. Beynəlxalq şərtlər Azərbaycanın lehinədir və Rusiyanın da Ermənistanın cığallığına sonadək dözmək fikri yoxdur. Ən əsası isə ordumuz getdikcə döyüş qüdrətini möhkəmləndirir, xalqın orduya inamı artır. (musavat.com)

Şərhlər