Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən çıxarılıb. "Aznews.az" xəbər verir ki, Nadir Qəhrəmanovun vəzifəsinin icrası dayandırılıb. Onun diqqətinə işdən çıxarılması ilə bağlı nazirin əmri çatdırılıb.
Xatırladaq ki, Hesablama Palatası və Təhsil Nazirliyinin Maliyyə idarəsi ilə birgə ölkənin bir sıra dövlət ali məktəblərində yoxlamalar aparır. SDU-nun rektorunun çıxarılmasının da bununla bağlı olduğu deyilir.
İşdən çıxarılması xəbərini Nadir Qəhrəmanov özü də təsdiq edib. N. Qəhrəmanov bildirib ki, vəzifəsindən çıxması ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət edib: “İşdən çıxmaq istəməm səhhətimdə olan problemlə bağlıdır. Ərizə ilə müraciət etmişəm. Məndə olan məlumata görə, işdən çıxarılmağım hələ təsdiqlənməyib. Ürəyimdə ciddi narahatlıq var. Bir müddət əvvəl ürəyimdən cərrahi əməliyyat olunmuşam, iki “stend” qoyulub. Yaxın günlərdə bu “stend”ləri dəyişdirmək üçün Almaniyaya gedəcəyəm”.
N. Qəhrəmanov universitetdə aparılan yoxlamalara da münasibət bildirib:
“Mənim işdən çıxmağımda yoxlamalarla bir bağlılıq yoxdur. Yoxlama bitib, monitorinq də aparılıb. Xırda pozuntular da var ki, bunlar o qədər də ciddi məsələ deyil. Bunlar işdən azad olunmağım üçün əsas ola bilməz. Sadəcə iş ağır olduğu üçün dözməkdə çətinlik yaranır”.
N.Qəhrəmanov Azərbaycanın ən korrupsiyalaşmım ali məktəblərindən birinə rəhbərlik edirdi.


Şərhlər