Bu gün Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə azadxeber.org saytının baş redaktoru Nicat Əliyevin və qanunsuz narkotik maddə və silah saxlamaqda, dinlərarası ədavəti qızışdırmaqda, hakimiyyəti zəbt etməyə çağırışlarda və qadağan olunmuş dini ədəbiyyatın yayılmasında ittiham olunan 9 nəfərin məhkəmə prosesi başa çatıb.
Məhkəmə N.Əliyevi 10 il, Elvin Nəsirovu 9 il, Emin Tofiqi 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Samir Hüseynov 6 il, Elimxan Hüseynov 7 il, Ceyhun Səfərli 9 il, 4 ay, Qorxmaz Camalov 7 il, Əli Əliyev 4 il, Valeh Abdullayev 8 il, Səfər Məmmədov 3 il, 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. Sonuncu üç nəfər zaldan həbsxanaya aparılıb. Müttəhimlər və onların qohumları hökmü lənətləyiblər.
Vəkillər müttəhimlərin günahsız olduqlarını bildiriblər və məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət etmək niyyətində olduqlarını bildiriblər.
Vəkil Yalçın İmanov bildirib ki, onun müdafiə etdiyi şəxs ifadə azadlığına görə təqib olunur. İttihamın bütün bəndləri saxtalaşdırılıb, narkotik maddəni isə N.Əliyevin üzərinə atıblar. Videomateriallardan cinayət əlamətləri yoxdur.
Vəkil diqqəti ona yönəldib ki, gənclər mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilinir, halbuki, onların bir çoxu bir-birini tanımayıb.(contact.az)


Şərhlər