Manatın qəfildən dollar və avroya nisbətdə kəskin ucuzlaşması səbəbindən bir sıra ticarət obyektlərində alqı-satqı prosesi dayandırılıb. Musavat.comun əməkdaşına verilən məlumata görə, bunun səbəbi manatın məzənnəsinin düşməsindən sonra köhnə qiymətlərin saxlanılmasının qeyri-mümkünlüyüdür.
Belə ki, gün ərzində topdansatış mərkəzlərinə yeni mal sifariş edəndə ticarətçilərə bildirilib ki, növbəti həftənin birinci gününə qədər mal olmayacaq. Eyni zamanda gətiriləcək malların qiymətində də manatın kursuna uyğun olaraq minimum 35 faiz artım olacağı haqda xəbərdarlıq edilib.
İqtisadi İnkişaf Nazirliyi qiymət artımına qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq etsə də, satış obyektləri köhnə qayda ilə işləməyi mənasız sayırlar. Adının çəkilməsini istəməyən market sahiblərindən birinin sözlərinə görə, artıq ötən gün onlar ziyanla işləyiblər. Odur ki, günün sonunu gözləmədən satışı dayandırıblar.
“Artıq Bakıda bəzi ticarət obyekti alqı-satqını dayandırıb. Hamı hökumətin nə qərar verəcəyini gözləyir. Ümid edirik ki, gələn həftə hökumət manatı əvvəlki kursuna qaytaracaq. Əks təqdirdə qiymətlərin artımı qaçılmazdır”-deyə, ticarətçilərdən biri bildirib.
Paytaxtdan, həmçinin bir sıra rayonlardan gələn məlumatlara görə, manatın kursundakı dəyişiklikdən sonra topdansatış obyektlərinin sahibləri böyük miqdarda nisyə mal götürmüş ticarətçilərə xəbərdarlıq ediblər ki, onlar malın pulunu köhnə yox, yeni kursa uyğun hesablayacaqlar. İddialara görə, bu vəziyyət ticarətçilər arasında xeyli gərginlik yaratmaqdadır və hökumətin təcili müdaxiləsi olmasa arzuolunmaz situasiya yarana bilər.


Şərhlər