Bakıda “Avesta” Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan şəxslər barədə həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, dekabrın 9-da Nərimanov Rayon Məhkəməsində Fizuli Nəbiyev və Əlizamin Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməzi barədə qərar qəbul olunub.
Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinir.
Qeyd edək ki, dekabrın 6-da Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.
Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.
Füzuli Nəbiyev "Avesta" Konserninin sahibi Hacı İbrahimin cangüdəni olub.
Hacı İbrahim hadisə ilə bağlı danışarkən bunları deyib: “Mən Dubayda ezamiyyətdə idim. Getmədən öncə tapşırmışdım ki, Füzulini işdən çıxarsınlar. Çünki ondan şübhələnmişdim. Tez-tez çantamdan, maşından pulum yoxa çıxırdı. Hara getməyim, kimlərlə görüşməyim haqda ora-bura məlumat verirdi. Dəfələrlə özünə xəbərdarlıq etdim, onu düz yola qaytarmaq istədim, alınmadı. Ona görə də xaricə getmədən öncə tapşırdım ki, Füzuli işdən çıxarılsın. Amma demişdim ki, maaşını ödəyin, sonra. O da dekabrın 7-də ofisə maaş almaq adıyla gəlib. 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendatıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar. O pul işçilərin maaş idi”.
İş adamı bildirdi ki, Füzuli oğurluq zamanı onu və ailə üzvlərini hədələyib: “Qışqırırmış ki, Hacı İbrahimin oğlanlarını gedib xaricdə öldürəcəm. Ailəsini məhv edəcəm, heç kim də məni tuta bilməz. Mən filankəsin qohumuyam, heç kimdən qorxmuram. O, məni niyə işdən çıxartdı”.
V.Nəsibov


Şərhlər