Menu

Qurban Məmmədovun işi Avropa Məhkəməsinə göndəriləcək

10.12.2013, 14:46
Qurban Məmmədovun işi Avropa Məhkəməsinə göndəriləcək

Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədova 3 il həbs cəzası verilməsi ictimai-siyasi kəsimin etirazlarıyla müşayiət olundu. Bir sıra təşkilatlar Qurban Məmmədovun həbsinin siyasi motivli olduğunu vurğulayaraq, onun barəsindəki hökmün də sifarişlə çıxarıldığını bəyan etdilər. Elə Qurban Məmmədovun vəkillərinin özləri də məhkəmədə müdafiə çıxışında bu işdəki siyasi çaları qeyd etmişdilər. Bu iş üzrə məhkəmə iclaslarının birində iştirak etmək kifayət idi ki, Qurban Məmmədova qarşı irəli sürülmüş ittihamın saxtalığına əmin olasan.

Bu işin saxta olduğunu sübut etmək üçün hüquqi müstəvidə bundan sonra hansı addımlar atılacaq? Qurban Məmmədovun vəkili Süleyman Qasımov deyir ki, hökmdən artıq apelyasiya şikayəti verilib. Azərbaycanda siyasi motivli işlərdə hakimin məhkəmədə araşdırılan sübutlar deyil, verilən göstəriş əsasında qərar çıxartdığı bəlli məsələ olduğundan və Qurban Məmmədovun barəsində də ədalətli hökm çıxarılmayacağı əvvəlcədən gözlənildiyindən hüquqşünas özü hələ son sözündə bəyan etmişdi ki, onun apellyasiya şikayəti artıq hazırdır.

“Həmin işdə heç bir cinayət tərkibi yox idi və bu səbəbdən ittihamlar da sübuta yetirilmədi. Apelyasiya mərhələsindən sonra prosesin gedişatına baxacağıq. Bütün mərhələlərdə iş ədalətsiz aparılacaqsa, Avropa Məhkəməsinədək gedəcəyik”, - deyə Qurban Məmmədovun vəkili Süleyman Qasımov bildirib.

Xatırladaq ki, Q.Məmmədov ötən ilin sentyabrında maşını arxaya verərkən avtomobil dayanacağının gözətçisinin ayağına xəsarət yetirməkdə, həmçinin onun yalan ifadə verməsi üçün pulla ələ almaqda ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol