Menu

Yolların altında tərəzilər və çiplər yerləşdiriləcək - Sərəncam

20.03.2015, 10:28
Yolların altında tərəzilər və çiplər yerləşdiriləcək - Sərəncam

Dövlət başçısı İlham Əliyev “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, yol örtüyü altında icazə verilən yük daşıma normasını pozan şəxslərə elektron protokol tərtib etmək üçün elektron tərəzilər və çiplər yerləşdiriləcək.

İriqabaritli avtonəqliyyat vasitələrinin yolların istifadəsinə dair tələbləri pozması yol örtüklərinin dağılmasına yaxud zədələnmisinə gətirib çıxarır.

Nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin inzibati xəta üzrə elektron protokolun tərtib edilməsi məqsədi ilə real vaxt rejimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək.

Elektron tərəzilərin yerləşdiriləcəyi yeri müəyyən etmək üçün Nazirlər Kabinetinə iki ay vaxt verilib. Mayın sonuna qədər hökumət elektron protokolların tərtib edilməsi və avtomobil yollarının istismarında inzibati qanun pozuntusuna dair kargüzarlıq məsələlərinin tənzimlənməsinə yönəlmiş qanun layihəsinin hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Avtonəqliyyat vasitələrinin yük götürmə tələblərini pozması Azərbaycanda həmişə aktual olub. Əksər avtomobil yolları istismara veriləndən dərhal sonra deformasiyaya uğrayır. Misal olaraq Bakı-Quba beton yolunu, Bakının Nobel prospektində asfalt-beton yolu, Bakı-Qazax avtomagistralının (Gürcüstanın dövlət sərhədi) ayrı-ayrı hissələrini göstərmək olar.

XXX

Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəticəsində ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yolları bir çox hallarda dağılır və ya deformasiyaya məruz qalır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati xəta haqqında elektron protokolun tərtibi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə:

1.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi üçün ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş yerlərdə yol örtüyünün altında hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) yerləşdirilməsini təmin etsin;

1.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) həmin informasiya sisteminə qoşulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısını, həmin texniki vasitələrin quraşdırılma müddətlərini və mərhələlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında elektron protokolun tərtib olunması və həmin inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydasını tənzimləyən qanunun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2015-ci il.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol