Menu

"İsmayıllı hadisələri"ndə təqsirlənsdirilən şəxslər ŞOK ifadə verdilər

17.12.2013, 20:36
"İsmayıllı hadisələri"ndə təqsirlənsdirilən şəxslər ŞOK ifadə verdilər

“Hadisə yerinə deputatın və polis rəisinin çağırışı ilə getmişik”

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Hüseynovun sədrliyi ilə İsmayıllı hadisələrinə görə həbs edilmiş “ReAl" Hərəkatının sədri İlqar Məmmədovun, Müsavat başqanının müavini Tofiq Yaqublunun və digər 16 nəfərin işi üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Xalid Bağırovun bizimyol.info saytına verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxslərdən 3 nəfəri ifadə veriblər. "İlk olaraq ötən prosesdə ifadə verməyə başlamış Səftər Ağamalıyevin dindirilməsi başa çatdırıldı. O, ifadəsində hadisə yerinə necə və kimin vasitəsilə çağırıldığını bildirdi. Qeyd etdi ki, hadisə yerinə gəlməsinə səbəb yerli icra hakimiyyəti orqanlarının xahişi olub. Həmçinin Mingəçevir şəhərinin əslən İsmayıllıdan olan polis rəisi Ələsgər Bədəlov ona zəng edrək, əhalinin sakitləşdirilməsində yerli polislərə kömək göstrməsini xahiş edib. Sonrakı mərhələdə isə İsmayıllının deputatı Novruz Aslanovun telefon zənginə əsasən insanların sakitləşdirilməsində aktiv iştirak edib.

Daha sonra digər təqsirləndurilən şəxs - Anar Həsənov ifadə verdi. İsmayıllı rayom Olimpiya Kompleksinin müdur müavini olan bu şəxs bildirdi ki, deputat Novruz Aslanovla münasibətləri olub və məhz onun çağırışı ilə hadisə yerinə gedib və əhalini sakitləşdirməyə polislərə kömək edib. Hətta bununla bağlı məhkəməyə Novruz Aslanın da məktubu daxil olub ki, mən deputat olaraq ondan xahiş etmişəm ki, gəlib hadisnin sakitləşdirilməsində polislərə kömək etsin. O, hadisə yerində olarkən yanında İsmayıllı rayon Olimpiya Kompleksinin Tofiq adlı müdiri də olub və onlar bir yerdə əhalini sakitləşdiriblər. Yeri gəlmişkən deyim ki, bu şəxslərin handisə zamanı Mingəçevirin polis rəisi Ələsgər Bədəlov və deputat Novruz Aslanla telefon əlaqəsi saxlamaları telefon çıxarışlarında da əksini tapıb. Ancaq bu şəxslərə hadisənin təşkilatçısı ittihamı verilib ki, bu da tamamilə absurddur.

Sonda Vasif İbrahimov ifadə verdi. O bildirdi ki, saat 23.30-dan sonra hadisə yerinə gəlib və ona zəng edərək xəbər veriblər. Bu zəng də telefon çıxarışları ilə təsdiqini tapır. Vasifin məsələsində əsas önəmli məqam odur ki, o, ANS telekanalına zəng edərək hadisə barədə məlumat verib və kanalın əməkdaşları İsmayıllıya gələndə onları qarşılayaraq bələdçilik edib, onlara müsahibə verib. Hadisənin səhəri gün – yanvarın 24-də həmin şəxsi tutublar və deyiblər ki, dünən bülbül kimi ötürdün, amma indi nə cavab verəcəyini bilmirsən. Bu da onu göstərir ki, Vasifin həbsi əsasən mətbuata məlumat verməsi ilə bağlıdır. Hətta prokuror da ona sualında “sənin marağın nə idi ki, ANS-ə zəng edib məlumat veridin, sənin vəzifən idimi bu” deməklə bunu açıq ortaya qoydu. Halbuki hər bir vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat yaymaq hüququ var. Yəni vətəndaşın konstitusuon hüququnu prokuror qəbahət kimi qiymətləndirərək sual verdi. Həmin müsahibəni hanzırda YouTube-də də izləmək olar. Bu şəxs hər zaman insanların hüquqlarında aktivlik göstərib, işçilərin haqlarını müdafiə edib, kimlərinsə evləri söküləndə icra hakimiyyəti ilə danışıqlar aparıb, hətta çıxışında da deyib ki, icra hakimiyyəti sosial baxımdan əhaliyə problemlər yaradır. Bir sözlə müsahibəsində icra hakimiyyətinin qanunsuz əməllərindən danışıb. Bunu da ittiham tərəfi onun əleyhinə istifadə edir ki, sən icra hakimiyyətindən narazı idinsə, deməli bu hadisəni də sən təşkil edə bilərsən. Tamamilə məntiqsiz bir ittihamdır” – deyən vəkil əlavə etdi ki, vəkillər təqsirləndirilən şəxsə sual vermək istəsələr də, iş vaxtı bitdiyi üçün prosesdə fasilə elan edilib.

2012-ci il yanvarın 23-24- də İsmayıllı şəhərində baş vermiş iğtişaşlara görə Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu, “REAL” hərəkatının sədri İlqar Məmmədov və digər şəxslər həbs edilib. İlqar Məmmədov hadisələrdə müşahidəçi, Tofiq Yaqublu isə jurnalist kimi iştirak etdiyini bildirsə də, Baş Prokurorluq onları sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlmağa çağırışlar etməkdə təqsirləndirilərək, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol