AzPolitika.info mövzunun aktuallığını nəzərə alaraq, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərin aprelin 8-də “Azadlıq 2015” seçki blokunun təşkilatçılığı ilə keçirilən “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” adlı dəyirmi masadakı məruzəsini təqdim edir:

Hörmətli xanımlar və bəylər! Hörmətli media nümayəndələri!

Mövzumuz geniş, vaxtımızsa dar olduğundan müzakirə edəcəyimiz məsələnin- ana xətlərilə- çərçivəsini cızmağa çalışacam.

Azərbaycandakı mövcud vəziyyəti düzgün qiymətləndirmək və onun möhtəməl inkişaf perspektivlərini müəyyən etmək üçün, ilk növbədə kiçik ölkəmizin hansı beynəlxalq mühitdə olduğunu və bu mühitin görünən gələcəkdə başlıca inkişaf meyllərinin nələr olduğunu müəyyən etməyimiz və nəzərə almağımız lazımdı. Ona görə də əvvəl qısaca qlobal və regional inkişafın başlıca meyllərinə nəzər salaq.

Qlobal və regional inkişafın başlıca meylləri

Soyuq müharibə bitdikdən və II Dünya Müharibəsindən sonra formalaşan iki qütblü dünya düzəni dağıldıqdan sonra sürətlə dinamik dəyişən qlobal şərait çox mürəkkəbləşmiş və ağırlaşmışdır. Yeni qlobal şəraitin başlıca inkişaf meylləri:

- yeni dünya düzəninin formalaşması, bu prosesin uzanması, kəskin ziddiyyətli və ağrılı keçməsi, yayılmağa meylli qlobal iğtişaşın hökm sürməsi;

- qloballaşmanın sürətlənməsi və bütün sahələrə təsirinin artması, müsbət təsirləri ilə bərabər yeni çağırışları, risk və təhdidləri gətirməsi;

- coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni sahədə yeni çağırışların, risk və təhdidlərin ortaya çıxması, ziddiyyətlərin artması və qarşıdurmanın kəskinləşməsi;

- liberalizmin totalitarizm üzərində qələbəsi, azadlıq və demokratiyanın yayılması, azad dünyanın genişlənməsi, Soyuq Müharibə sonrası dövrə hazır olmayan avtoritar və totalitar rejimlərin toparlanması və müqavimətinin artması, coğrafi-siyasi qaşıdurmanın kəskinləşməsi və həlledici mərhələyə daxil olması;

- coğrafi-strateji inkişafın coğrafi-siyasi durumun inkişafına paralel olaraq getməsi, Avropa və Avro-Atlantik institutların genişlənməsi, hərbi-siyasi qaşıdurmanın da kəskinləşməsi, genişlənməkdə olan azad dünya ilə şiddətli müqavimət göstərən antidemokratik dünya arasında münasibətlərin vəkalətən müharibəyə(proxi war)dək pisləşməsi, yeni müharibə formalarının- hibrid müharibələrin(buna çox tərəfli olduğundan strateji müharibə də demək olar) başlaması, eyni zamanda bir-başa müharibə ehtimalının- bu ehtimal zəif də olsa- ortaya çıxması, asimmetrik mübarizə metodlarının yayılması, kiber hücumların intensivləşməsi və kiber müdafiənin önəminin artaması;

yumşaq gücün, xüsusən də iqtisadi gücün önəminin artması, yeni bazarlar və dünya bazarlarının yenidən bölgüsü uğrunda mübarizənin şiddətlənməsi, yeni dünya düzəninin formalaşmasında və xarici siyasətdə enerjinin və enerji təhlükəsizliyinin önəminin artmaqda davam etməsi, enerji müharibələrinin açıq və gizli davam etməsi, çox sayda yeni geoekonomik layihələrin həyata keçirilməsi və onlar ətrafında münasibətlərin kəskinləşməsi;

- qlobal qarşıdurmada sivilizasiya fərqlərinin və coğrafi-mədəni amillərin önəminin davamlı olaraq artması;

xaricdən qızışdırılan və dəstəklənən davakar separatizmin, destabilizasiyanın və beynəlxalq terrorizmin yayılması və şiddətlənməsi;

- kütləvi qırğın silahlarının yayılma ehtimalının, narkotiklərin qanunsuz dövriyyəsinin, insan və orqan ticarətinin artması;

- dünyanın inkişafında sürətin artması, preventiv siyasətin, strateji(hərtərəfli) kəşfiyyatın və kəşfiyyat mübadiləsinin önəminin artması;

- ekoloji tarazlığın ciddi pozulması, istiləşmənin davam etməsi və ekoloji fəlakətlərin artmasıdı.

Regional inkişafın başlıca meyllərindən bəhs edərkən AR-in bu gün, faktiki olaraq, coğrafi-siyasi və coğrafi-strateji baxımdan postsovet məkanına, C.Qafqaza, coğrafi-iqtisadi baxımdan Xəzər regionuna və coğrafi-mədəni anlamda Yaxın və ya Orta Şərq regionuna aid( etməyin daha düzgün) olduğu nəzərə alınmalı və bu regionların hamısında gedən proseslərin əsas inkişaf meylləri qeyd edilməlidi.

Bu baxımdan regional şəraitin başlıca inkişaf meylləri:

- yeni dünya düzəninin formalaşması prosesinin bu regionlarda daha kəskin ziddiyyətli və ağrılı keçməsi, coğrafi-siyasi qarşıdurmaların hərbi yolla həlli cəhdlərinin artması(Gürcüstan, Ukrayna, İraq, Suriya, Yəmən), birbaşa hərbi qarşıdurmalara deyil vəkalətən müharibələrə üstünlük verilməsi, bu qarşıdurmaların və hərbi münaqişələrin yayılmağa meylli olması, II Dünya Müharibəsindən sonra formalaşan düzənin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması, sərhədlərin zorla dəyişdirilməsi(Ukrayna, Krım; Gürcüstan, Abxaziya və C.Osetiya);

- coğrafi-siyasi və coğrafi-strateji inkişafın, Avropa və Avro-Atlantik institutların postsovet məkanına doğru genişlənməsinin- RF-nin sərt müqaviməti üzündən- ləngiməsi və çətinləşməsi, Avropada və postsovet məkanında da hərbi-siyasi qaşıdurmanın vəkalətən müharibəyə qədər kəskinləşməsi, yeni xarakterli çox tərəfli- strateji müharibənin başlaması, “yumşaq güc”ün önəminin artması, eyni zamanda bir-başa müharibə ehtimalının- bu ehtimal zəif də olsa- ortaya çıxması;

- postsovet məkanının strateji taleyinin həll edilməsi prosesinin həlledici mərhələyə daxil olması, bir tərəfdən Avrasiya İttifaqının yaradılması(Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan), digər tərəfdənsə AB-nin Ukrayna, Gürcüstan və Moldova ilə assosiativ saziş imzalaması və azad ticarət zonası yaratması, bu arada yalnız Azərbaycanın strateji seçim edə bilməməsi;

- RF, ABŞ və NATO-nun dialoq və əməkdaşlıqdan imtinası, tərəfdaşlıqdan rəqabət və qarşıdurmaya keçməsi, RF-nin hərbi doktrinasının, ABŞ-ın milli təhlükəsizlik strategiyasının və NATO-nun strategiyasının dəyişdirilməsi- “Rusiyanı durdurmaq strategiyası”na keçid edilməsi;

- Müharibə, münaqişə, böhran bölgələrində və ətraf zonalarda, eyni zamanda Avropada hərbi gücün, infrastrukturun və aktivliyin kəskin artması, “dondurulmuş” münaqişələrin(Ermənistan-Azərbaycan, Dnestryanı) yenidən alovlanması ehtimalının artması;

- Krımın işğalı və ilhaqından, Donbasa hərbi müdaxilədən, Abxaziya və C.Osetiya ilə müttəfiqlik və inteqrasiya sazişi imzaladıqdan(faktiki ilhaqdan) sonra RF-nin cənub istiqamətində, o cümlədən C.Qafqaz və Xəzərdə hərbi iştirakının və aktivliyinin kəskin artması;

- digər tərəfdən-Ukrayna böhranından sonra- ABŞ, AB və NATO-nun RF başda olmaqla postsovet məkanında, xüsusən də GUAM ərazisində aktivliyini hərtərəfli artırması;

- ABŞ və Qərbin RF ilə coğrafi-siyasi qarşıdurması və toqquşması şəraitində enerji təhlükəsizliyinin, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin xüsusi ölçü və önəm qazanması, C.Qafqaz dəhlizinin, xüsusən də Azərbaycanın strateji önəminin, eyni zamanda risklərinin(Rusiya amilinə görə) artması;

- TANAP, BTQ kimi yeni geoekonomik layihələrin həyata keçirilməsi, Transxəzər və Nabukko kimi layihələrin yenidən gündəmə gətirilməsi və onlar ətrafında münasibətlərin kəskinləşməsi;

- İranın nüvə proqramı ilə bağlı 5+1 ölkələri ilə ilkin anlaşması və bu anlaşmanın qalıcı razılaşmaya çevriləcəyi halda:

Nüvə silahı əldə edilməsi təhlükəsinin və onunla bağlı ABŞ və NATO-nun hərbi müdaxilə ehtimalının ertələnməsi;

Sanksiyaların götürülməsi, böyük neft və qaz ehtiyatlarına sahib olan İranın dünya bazarlarına tam gücüylə yenidən dönüşü, RF və Azərbaycan da daxil olmaqla region ölkələri arasında rəqabətin artması;

- Dünya bazarında neftin və qazın qiymətinin düşməkdə davam etməsi;

- Avropanın enerji təhlükəsizliyi və İran məsələsinə görə Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə azalması;

Maliyyə-iqtisadi cəhətdən İranın güclənməsi(hazırda 366 mld dollar olan ÜDM-nun 20% artması gözlənilir) və daha aqressiv aktiv xarici siyasət, xüsusən də regional siyasət aparmaq imkanlarının artması;

- Yeni(coğrafi-siyasi, coğrafi-strateji və coğrafi-iqtisadi) şəraitdə yeni çağırışların, risk və təhdidlərin ortaya çıxması, C.Qafqaz ölkələrində və ətrafında, eyni zamanda Xəzərdə gərginliyin artması, Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin intensiv və nisbətən geniş miqyaslı pozulması;

- regional destabilizasiyanın şiddətlənməsi və yayılması(Yəmən);

- beynəlxalq terrorizm təhdid səviyyəsinin yüksəlməsi;

- bu şəraitdə dünya bazarlarında neftin qiymətinin kəskin yenməsi və Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində post sovet ölkələrində, xüsusən də - Azərbaycan da daxil olmaqla- neft ölkələrində sosial-siyasi nəticələri qaçılmaz olan ciddi maliyyə-iqtisadi, sosial-iqtisadi problemlərin ortaya çıxması;

- azadlıq və demokratiyanın yayılmasının sancılı dönəmə girməsi, ilk dönəmdə Soyuq Müharibə sonrası dövrə hazır olmayan avtoritar və totalitar rejimlərin-RF başda olmaqla- artıq toparlanması və azad dünyanın genişlənməsinə müqavimətinin artması, coğrafi-siyasi qaşıdurmanın kəskinləşməsi və həlledici mərhələyə daxil olması, post sovet məkanı demokratiyaları və demokratları üçün xüsusi sınaq dönəminin başlaması;

- dini, milli-mədəni qarşıdurmaların artması və şiddətlənməsidi.

Azərbaycan: mövcud vəziyyət və perspektivlər

Qlobal və regional vəziyyətin dinamik dəyişdiyi belə bir dövrdə ölkəmizdə mövcud ictimai-siyasi durum:

- demokratiya və insan haqları sahəsində vəziyyətin açıq pisləşməsi;

- siyasi azadlıqların maksimum məhdudlaşdırılması;

- azad və ədalətli seçkilərin keçirilməməsi;

- siyasi müxalifətin faktiki olaraq sistem xaricinə itələnməsi;

- maliyyə qaynaqlarının kəsilməsi və KİV-ə çıxış imkanlarının əsasən qapadılması başda olmaqla resurslarının əsaslı tükəndirilməsi;

- xalqla təmaslarının minimuma endirilməsi;

- ümumiyyətlə, hakimiyyətin demokratik siyasi inkişaf yolunu qapatması və müxalifət başda olmaqla cəmiyyət üzərində total nəzarəti bərpa etməsi;

- xalqın demokratiyaya, dinc demokratik dəyişikliklərin perspektivinə, eyni zamanda demokratik dəyərlərin daşıyıcıları olan demokratik qüvvələrə inamının ciddi sarsılması;

- cəmiyyətdə, həm hakimiyyətə, həm də müxalifətə inamsızlıqla paralel olaraq, passiv etirazın, nifrətin və aqressivliyin artması, yaranmış vəziyyətdən çıxış yolunun görünməməsi, ictimai əhval-ruhiyyənin radikallığa doğru meyllənmə ehtimalının artması;

- siyasi səhnədən sıxışdırılan liberal demokratik qüvvələrin yerini tutmağa hazır olan radikal, ekstremist qüvvələrin  ortaya çıxması və cəmiyyətə bu hazırlığın mesajlarını verməsi;

- ölkəmizin böyük- post sovet məkanını və Orta Şərqi də əhatə edən- destabilizasiyaya doğru “sakitcə” sürüklənməsi ilə xarakterizə olunur.

Sosial-iqtisadi sahədə nə baş verir?!

Post sovet məkanında geopolitik qarşıdurmanın kəskinləşməsi fonunda dünya bazarında neftin qiymətinin böyük ölçüdə kəskin düşməsi:

- ölkədə demokratik iqtisadi islahatların aparılmamasının, azad rəqabətə dayanan bazar iqtisadiyyatının yaradılmamasının;

- əsasən xammal satışına dayanan iqtisadi böyümə və iqtisadi inkişaf siyasətinin;

- xammal satışından gələn gəlirlər üzərində qurulan maliyyə-büdcə siyasətinin;

- birtərəfli iqtisadi inkişaf siyasətinin, qeyri-neft sektorunun inkişaf etdirilməməsinin, xüsusən də ölkədə müasir sənayeləşmənin və aqrar siyasətin aparılmamasının;

- iqtisadi inkişafımızın qarşısını kəsən “üç başlı əjdaha” ilə- korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla- sistemli mübarizə aparılmamasının;

- insan amilinin arxa planda qalmasının, sosial inkişafın iqtisadi böyümə ilə bərabər getməməsinin, yəni həqiqi sosial-iqtisadi inkişaf siyasətinin aparılmamasının, ilk növbədə yetərli daimi iş yerlərinin açılmamasının, əhalinin gəlirlərinin adekvat səviyyədə artırılmamasının, keyfiyyətli təhsil və səhiyyə xidməti ilə təmin edilməməsinin və sosial təminatın yetərsiz olmasının nə qədər yanlış siyasət olduğunu göstərdi.

AR MB-nın 21 fevral 2015-ci il tarixli qərarı və ondan sonra ölkədə yaranan sosial-iqtisadi vəziyyət isə hakimiyyətin apardığı bu yanlış siyasətin nəticələrinin həqiqi miqyasını ortaya çıxardı və ölkənin yaxın gələcək inkişafı perspektivlərini aydınlatdı.

Mövcud durumun inkişafı yaxın gələcəkdə:

- dünya bazarında neftin qiymətinin düşməsinin, neft gəlirlərinin, eyni zamanda büdcə gəlirlərinin,

- ölkənin maliyyə ehtiyatlarının böyük ölçüdə azalmasının və manatın devalvasiyasının davam edəcəyini;

- infilyasiyanın, bahalaşmanın və işsizliyin artacağını, maaşlarda kəsinti və yubanmaların olacağını, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin azalacağını, nəticədə əhalinin həyat səviyyəsinin aşağı düşəcəyini;

- yaranmış maliyyə-iqtisadi problemlərin ciddi sosial-iqtisadi problemlərə səbəb olacağını və bunun da öz növbəsində sosial-siyasi təsirlərinin, xüsusən də kütləvi narazılığın yaranmasının qaçılmaz olduğunu açıq şəkildə göstərməkdədi.

Müdafiə və hərbi sahədə isə:

- regionda, Azərbaycan ətrafında hərbi-siyasi aktivliyin və gərginliyin artırılması;

- RF-nin Abxaziya və C.Osetiya ilə müttəfiqlik və inteqrasiya haqqında saziş imzalaması, C.Qafqaz və Xəzər regionunda hərbi varlığını artırması, Ermənistanla birlikdə tez-tez hərbi təlimlər keçirməsi, Ermənistanın işğal zonasında hərbi təlimlər keçirməsi, buna cavab olaraq TC-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının inkişafı, TC və Azərbaycanın iri miqyaslı hərbi təlimlər keçirməsi, NATO- Gürcüstan tərəfdaşlığının inkişaf etdirilməsi və sonuncunun ərazisində birgə təlim mərkəzinin yaradılması hazırlığı, bu ilin yayında ABŞ-Gürcüstan hərbi təliminin keçirilməsinin planlaşdırılması;

- Post sovet məkanında, xüsusən GUAM məkanında, eyni zamanda C.Qafqazda geopolitik və hərbi-siyasi qarşıdurmanın kəskinləşdiyi bir vaxtda Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin çox saylı itkilərlə müşayət olunan intensiv pozulmaları ciddi narahatlıq yaradır.

RF-nin bir neçə rayonun geri qaytarılması qarşılığında öz hərbi qüvvələrini- sülhməramlı qüvvələr adı altında- Dağlıq Qarabağda yerləşdirmə və Azərbaycanı Avrasiya İttifaqına girməyə zorlama niyyəti bu narahatlığı daha da artırır.

Xarici siyasət

Azərbaycan öz Milli Təhlükəsizlik Konsepsiyasında strateji hədəfinin avroatlantik məkana inteqrasiya olduğunu bəyan etsə də, faktiki strateji seçim etmədiyindən, rəsmi Bakının xarici siyasətində tərəddüdlər və manevrlər davam etməkdədir. İqtisadi, enerji, nəqliyyat və milli təhlükəsizlik maraqlarına görə Brüsselə və Vaşinqtona bağlı olan Bakı, siyasi və siyasi təhlükəsizlik maraqlarına görə Moskvaya bağlıdı. Geopolitik mərkəzlər arasında gərginlik artdıqca arada qalan rəsmi Bakının bağları daha da gəriləcəkdir. Hazırda bu geopolitik mərkəzlər arasında vəkalətən müharibə səviyyəsinə çatan kəskin qarşıdurma olduğundan, Qərb Ukraynada demokratik hakimiyyət dəyişikliyini, dünya bazarında neftin qiymətinin kəskin düşürülməsi siyasətini dəstəklədiyindən, Azərbaycandan demokratik islahatlar və seçkilər tələb etdiyindən öz hakimiyyət maraqlarını, eyni zamanda Rusiyanın postsovet məkanında qarşısı alına bilməyən aqressiv təcavüzkar siyasətini nəzərə alan iqtidar Kremllə taktiki yaxınlaşma və özünü qoruma siyasəti aparır. Bu xarici siyasət məntiqi olaraq daxildə demokratiya və insan haqlarının, o cümlədən siyasi azadlıqların daha da məhdudlaşdırılması, demokratik təsisatlara və qüvvələrə təzyiqin artırılması ilə tamamlanır. Bu antidemokratik şəraitdə ölkədə azad və ədalətli seçkilərin keçirilməsi imkanı da aradan qalxır. Onu da unutmamalı ki, Rusiya Azərbaycanın demokratikləşməsində, burda demokratik seçkilərin keçirilməsində qətiyyən maraqlı deyil və buna imkan verməmək üçün əlindən gələni yenə də edəcəkdir.

Bu səbəblərdən Azərbaycan ABŞ-la münasibətlərində gərginlik yaşayır, AB ilə, xüsusən də NATO ilə münasibətlərində irəliyə doğru ciddi addım atmaq, münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətində deyil. Yalnız RF-nin çöküşü, aqressiv xarici siyasət aparmaq qabiliyyətini və imkanlarını itirməsi və ya Kremldə hakimiyyət dəyişikliyi, başqa sözlə postsovet məkanındakı bu qarşıdurmadan Qərbin qalib çıxması, eyni zamanda ölkəmizdə yaranması gözlənilən gərgin sosial-iqtisadi və sosial-siyasi durum rəsmi Bakını öz siyasətini əsaslı şəkildə dəyişməyə sövq edə bilər.

Yaxın perspektiv

Görünən perspektivin əsas möhtəməl inkişaf variantları və ya istiqamətləri aşağıdakılardı:

- mövcud vəziyyətin- kiçik və orta amplitudalı sosial-siyasi dalğalanmalarla- əsaslı dəyişikliklər olmadan davam etməsi;

- RF-nin Azərbaycanın strateji seçimi- Avrasiya İttifaqı ilə bağlı sərt tələblər qoyması, daxili işlərənə müdaxiləsi və Kremlə tam sadiq qüvvələrin hakimiyyətə gətirilməsinə cəhd edilməsi;

- dünya bazarında neftin qiymətinin kəskin düşməsi və Rusiyada yaranmış vəziyyətlə bağlı ölkədə sosial-iqtisadi vəziyyətin kəskin ağırlaşması, kütləvi sosial etirazların və idarə olunmayan sosial-siyasi proseslərin başlaması və daxili ictimai-siyasi proseslərə xarici müdaxilə ehtimalının artması;

- ictimai-siyasi rəyin radikallaşması fonunda radikal, ekstremist qüvvələrin ölkədə sabitliyi pozması, ölkənin xarici müdaxiləyə açıq duruma gətirilməsi;

- dinc demokratik dəyişikliklər üçün əlverişli beynəlxalq şəraitin yaranması-RF-nin aqressiv xarici siyasət apara bilməməsi və kütləvi sosial narazılıq fonunda geniş demokratik siyasi hərəkatın başlaması və hakimiyyətin demokratik islahatlara getməyə məcbur olması;

- ölkədə burjua demokratik inqilabının zəmininin formalaşması, oliqarxların, orta və kiçik sahibkarların aparıcı rolu(açıq və ya gizli) və orta təbəqənin hərəkətvericiliyi ilə dinc demokratik proseslərin başlaması; bu halda a) “milli burjaziya” yeni siyasi qüvvə ilə ortaya çıxa bilər və ya b) mövcud qüvvələrdən birinə və ya bu qüvvələrin birliyinə dəstək verə bilər.

bu variantların müxtəlif kombinasiyası;

gözlənilməz və ya proqnozlaşdırıla bilməyən və hesaba alınmayan vəziyyətlər.

Ölkə daxili inkişafın, ictimai-siyasi proseslərin dinc demokratik məcrada, Konstitusiya çərçivəsində inkişafı üçün

TƏKLİFLƏR

Siyasi sahə

- Yaranmış vəziyyətin müzakirəsi və ondan birgə çıxış yollarının tapılması üçün hakimiyyətlə cəmiyyət, ilk növbədə müxalifət arasında geniş əsaslı, predmetli, milli konsensus və konkret nəticələr əldə etməyi hədəfləyən dialoqun başlaması;

- Siyasi dialoq üçün əlverişli zəminin yaradılması, demokratiya və insan haqları sahəsində, ilk növbədə problemli sahələrdə- siyasi məhbus məsələsi başda olmaqla- təxirəsalınmaz addımların atılması;

- Aktual seçki islahatı daxil olmaqla, demokratik siyasi islahatlara başlanması;

- konstitusiya islahatının aparılması, ali dövlət hakimiyyətinin, eyni zamanda mərkəzi və yerli hakimiyyətin balanslı bölgüsü, parlamentli respublika idarə üsuluna, proporsional seçki sisteminə keçid məqsədilə parlament seçkiləri ilə eyni zamanda referendumun keçirilməsi;

Sosial-iqtisadi sahə

28 fevral 2015-ci ildə Azad Demokratlar Partiyası ölkədə yaranmış iqtisadi və maliyyə vəziyyəti ilə bağlı təkliflər paketi ilə çıxış edib(http://moderator.az/index.php?xeber=71163). Ona görə bu məsələ üzərində xüsusi dayanmaq istəmirəm. Bir daha qeyd etmək istəyirəm ki, hökumət- yaranmış durumda əhalinin maraqlarını qorumaq üçün- geniş maliyyə-iqtisadi və sosial-iqtisadi tədbirlər paketi qəbul etməli və həyata keçirməlidi.

Müdafiə və hərbi sahə

Yaranmış hərbi-siyasi durumda Azərbaycan, müdafiə və hərbi resurslarının təkbaşına yetərsizliyini və beynəlxalq təhlükəsizlik təminatının önəmini nəzərə alaraq:

- Qardaş TC ilə münasibətləri -“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni (16 avqust 2010) əsas almaqla- müttəfiqlik səviyyəsinə qaldırmalı;

- TC-Azərbaycan-Gürcüstan hərbi və hərbi-texniki əməkdaşlığını müsbət qiymətləndirilməli və bu münasibətləri tərfdaşlıq səviyyəsinə yüksəltməli;

- ABŞ-la- hələ illər öncə təklif edilən- strateji tərəfdaşlıq sazişini imzalamaq üçün danışıqlara başlamalı;

- NATO ilə tərəfdaşlığı gücləndirməli, Milli Ordunu alyans standartlarına tam uyğunlaşdırmalı və döyüş qabiliyyətini artırmalı;

- AB-nin enerji təhlükəsizliyində oynadığı rolundan yararlanmalı, Cənub dəhlizinin(BTC, BS, BTƏ, BTQ) qorunması üçün ABŞ, NATO və AB ilə ciddi danışıqlara başlamalı, ümumiyyətlə onları öz təhlükəsizliyinin təmin edilməsinə mümkün qədər sıx cəlb etməli;

- Silahlı Qüvvələrdə demokratik islahatlar aparmalı, mülki nəzarət və parlament nəzarəti gücləndirilməli;

- Mövcud geopolitik və hərbi-siyasi durumu nəzərə almaqla SQ-də “təmizlənmə” aparmalı;

- Daha artıq vaxt itirmədən peşəkar orduya keçməli;

- Yaranmış maliyyə-iqtisadi vəziyyəti də nəzərə alınmaqla hərbi büdcənin icrasına nəzarəti gücləndirməli, korrupsiya, rüşvət və israfçılığa ilk növbədə orduda son qoymalıdı.

Xarici siyasət

Azərbaycan həm milli maraqlarını, həm də bu qarşıdurmadan gec-tez ABŞ və Qərbin qalib çıxacağını- çünki strateji güclər və potensiallar arasında müqayisə olunmaz kəskin fərq var(ABŞ ÜDM- 17,4 trl.$, hx- 581 mld.$; AB ÜDM- 16.8 trl $; RF ÜDM- 2.0 trl.$, hx-70 mld.$, 2014, BSAM) - nəzərə alaraq vaxt itirmədən:

- ABŞ və AB ilə münasibətləri- siyasi münasibətlər başda olmaqla- normallaşdırmalı;

- ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi, AB ilə assosiativ saziş imzalanması və azad ticarət zonası yaradılması üçün danışıqlara başlamaqdan çəkinməməli,

- NATO ilə münasibətlərin mövcud geostraterji və hərbi-siyasi durumda nizamlanması və perspektiv inkişafı haqqında 28+1 formatında məsləhətləşmələr aparmalı;

- Qardaş TC və dost Gürcüstanla münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirməyə çalışmalı;

post sovet məkanının, xüsusən də RF-nin taleyinin həll edildiyi bir vaxtda, Dağlıq Qarabağ kimi tale yüklü məsələdə tələsməməli və səhvə yol verməməli, RF-nin münaqişənin həlli(əslində həll edilməməsi, düyünün möhkəmləndirilməsi) ilə bağlı bəzilərinə- siyasi hakimiyyət maraqları baxımından- ilk baxışda cəlbedici(əslində şirnikləndirici) görünən, lakin milli maraqlarımıza tam zidd olan təkliflərini qəti qəbul etməməlidi.

Xarici siyasət daxili siyasətin davamı olmalı və onu tamamlamalıdı. Səmərəli xarici siyasətin aparılması paralel olaraq daxildə demokratikləşmə siyasətinin aparılmasını tələb edir.

S.Əkbər, AzDP sədri

08 aprel 2015-ci il, BMM-də keçirilən DM-da çıxışın tezisləri