İranın nüvə proqramına yönəlik ABŞ-Rusiya həmrəyliyi
İranın nüvə proqramı barədə «altılar» adlandırılan beynəlxalq vasitəçilərlə İran İslam Respublikası arasında əldə olunan ilkin razılaşma indi dünya KİV-nin diqqətini ən çox cəlb edən mövzulardan biridir. Bu mənada, amerikalı jurnalist Finnian Kanningemin mülahizələri xüsusi maraq doğurur.
«Ria Novosti» agentliyinin bu gün yaydığı məlumatda Kanningemin bir mülahizəsi xüsusilə önə çəkilir ki, ABŞ diplomatiyası problemlə rastlaşan məqamlarda, Rusiyaya «dost zəngi» onun köməyinə gəlir. O Rusiyaya ki, bundan əvvəl «təcavüzkar» və «Avropanın təhlükəsizliyinə təhlükə» hesab edilirdi. Jurnalist hesab edir ki, ABŞ prezidenti Barak Obamanın «diplomatik təntənə» adlandırdığı məlum razılaşma («Altılar»la İran arasındakı nüvə razılaşması) Rusiyanın yaxın iştirakı olmadan mümkün deyildi.
Məlumatda qeyd olunur ki, razılaşmadan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri «ilkin razılıq» əldə etmək məqsədilə bir həftə ərzində İranın xarici işlər naziri Cavad Zəriflə «təkbətək» formatda danışıqlar aparıb. Ardınca «altılar»dan o biri dövlətlərin - Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın xarici işlər nazirliklərinin rəhbərləri prosesə qoşulublar.
«Prosesin gedişinə həlledici təsiri məhz Rusiyanın xarici işlər naziri Sergey Lavrov göstərib. KİV-in məlumatına görə, bu məqsədlə Con Kerri ona müraciət edib. Danışıqlar prosesinin uğurla yekunlaşmasında Rusiya diplomatiyasının «həlledici rolu» amilinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf da diqqət yetirir...» - deyə, jurnalist söhbəti davam etdirir.
Bunun ardınca Kanningem yazır: «Bu fikri qeyd edin. Bu həmin Rusiyadır ki, son 12 ay ərzində Qərb onun «fövqəltəbii obrazı»nı fomalaşdırmaqla məşğul olub, bu ölkənin prezidentini «ərazilərin işğalı»nda və Avropada, ümumiyyətlə isə dünyada təhlükəsizliyə təhdid məsələsində günahlandırıb. ABŞ rəsmi nümayəndələrinin belə fikirləri Rusiyanın ünvanına səsləndirilən ittihamlarla nə dərəcədə uzlaşır?..»
Situsiyanın rişğəndliliyi ondadır ki, İrana qarşı tətbiq etdiyi sanksiyaların müəyyən detallarını yoluna qoymaq məsələsi dalana dirənən zaman, ABŞ sanksiyalarının digər obyektini - Rusiyanı köməyə çağırır.
Kanningem yazır ki, Vaşinqton bununla öz siyasətinin ardıcıl olmadığını növbəti dəfə ortaya qoydu və rəsmi ritorikası ilə hərəkətləri arasındakı fərqi açıb göstərdi. Bu da sübut edir ki, Qərbin Rusiyaya qarşı işlətdiyi birqütblü və aqressiv kampaniyanın heç bir real əsası yoxdur.
Amernikalı jurnalist söhbətinə belə yekun vurur: «Vaşinqtona elə gəlir ki, Rusiya və Pekinlə oyuncaqla olduğu kimi davranmaq mümkündür... ABŞ-ın son dövrdəki davranışı fonunda aydın görünür ki, Vaşinqtona yönəlik Moskvanın xoş məramı sonsuz ola bilməz...»
Redaksiyadan: Bəs, qarşılıqlı ittihamların, müharibə ritorikasının və sanksiyaların tüğyan etdiyi indiki məqamda İranın nüvə proqramına, bu proqrama həsr olunmuş danışıqlara yönəlik ABŞ və Rusiyanın nümayiş etdirdiyi pərdəarxası diqqət və həmrəylik hansı mətləblərdən qaynaqlanır? Suala cavab vermək üçün İranın nüvə proqramının tarixçəsinə nəzər salmaq ehtiyacı yaranır ki, bu da başqa bir söhbətin mövzusudur.
AzPolitika.info


Şərhlər